Yanğının baş verdiyi ərazilərdə beş partlayış qeydə alınıb.
APA-nın yerli müxbiri xəbər verir ki, partlayış əsasən Ağdərə rayonu ərazisində qeydə alınıb.
Partlayışın üçü axşam saatlarında, ikisi isə bir neçə dəqiqə əvvəl qeydə alınıb.
Partlayışın səbəbinin ərazidəki mina və partlamamış döyüş sursatının olduğu ehtimal olunur.
Qeyd edək ki, yanğın baş verən əraziyə 4 xüsusi texnika və 50 nəfərə qədər şəxsi heyət cəlb olunub
***
22:55
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidmətinin məlumatında deyilir.
Bildirilir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
22:44
Ağdam və Ağdərə rayonları ərazisində yanğın davam edir.
APA-nın yerli müxbiri xəbər verir ki, yanğın Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd və Qazançı kəndlərinin ərazisini əhatə edib.
Alovla mübarizə davam edir.
***
22:36
Ağdam və Ağdərə rayonları ərazisindəki kolluq və otlaq ərazilərdə güclü yanğın başlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, qəfil başlayan yanğın surətlə geniş ərazilərə yayılıb.
Hazırda yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər görülür.
