Premyer-liqada 2024/25 mövsümü yetərincə cəlbedici alındı.
"Football-plus.az" xəbər verir ki, çempionun kim olacağı xeyli əvvəldən bəlli idisə, Çempionlar Liqasında yer uğrunda mübarizə sona qədər davam etdi.
“Liverpul” titulu vaxtından əvvəl qazandı. Arne Slot Yürgen Kloppun gedişindən sonra da mersisaydlıların titul baxımından problem yaşamayacağını göstərdi. 2-ci yer növbəti dəfə “Arsenal”a qismət oldu. Mikel Artetanın komandası mövsümün əksər bölümündə nominal forvardsız oynadı, elə bu da çempionluq uğrunda mübarizə aparmağa imkan vermədi. 3-cü yeri isə əksər mütəxəssislərin fikrincə, mövsümü boşa verən “Mançester Siti” tutdu. Hərçənd “şəhərlilər” “topçular”dan cəmi 3 xal geri qaldı.
Entso Mareskanın “Çelsi”dəki ilk mövsümü uğurlu oldu. “Zadəganlar” ilk “5-liy”ə düşməklə ÇL-ə də vəsiqə qazandı. Onlar Konfrans Liqasında da qələbəni bayram etdi. İlk “5-liy”i bir il sonra qitənin ən nüfuzlu klub turnirinə qayıdan “Nyukasl” qapadı. “Aston Villa” və “Nottingem Forest” də ÇL-ə vəsiqə qazanmağa yaxın idi. Unai Emerinin çalışdırdığı birmingemlilər sona yaxın “sürət yığdısa”, “meşəçilər” əksinə, sonda işləri korladı.
Dərhal onu da vurğulayaq ki, bu il İngiltərəni ÇL-də daha bir komanda – Avropa Liqasını qazanan “Tottenhem” də təmsil edəcək. “Mahmızlar” 17-ci yeri tutmaqla mövsümü açıq-aşkar boşa verdi, sadəcə, qitə arenasındakı titul biabırçılığı unutdurdu. Mövsümü bütün parametrlər üzrə boşa verən əsas komanda isə “Mançester Yunayted”di. “Qırmızı şeytanlar” məşqçini dəyişdi, yeni oyunçular aldı, ancaq iflasdan qurtula bilmədi. Ruben Amorimin çalışdırdığı Mançester klubu mövsümü 15-ci yerdə bitirdi, AL-in finalında da bir başqa uğursuza – “Tottenhem”ə uduzdu.
“Liverpul” mövsümboyu sabit oyun göstərdi. 10-cu turda zirvəyə yüksələn “qırmızılar” bir daha liderliyi heç kimə vermədi. Möhtəşəm oyun mersisaydlılara çempion titulunu sona 4 tur qalmış qazandırdı. İndiki “Liverpul”un əsas ulduzu karyerasının ən yaxşı mövsümünü keçirən Salahdı. Klub rəhbərliyinin misirli ulduzu yeni müqavilə ilə bağlı razı salması da müsbət məqamdı. “Qırmızılar” Konate ilə əla duet təşkil edən kapitan Van Diyklə də anlaşa bildi. Qapıda isə Alisson əlindən gələni etdi.
Mersisaydlılardan Soboslai, Makallister, Dias, Qakpo, Qravenberx və artıq heç vaxt yaşıl meydanda görə bilməyəcəyimiz Jotanın da adını çəkə bilərik. Qravenberx çempionatın kəşfi oldu, mövsümün ən yaxşı gənc oyunçusu üçün nəzərdə tutulan mükafatı da aldı. Pis xəbər kimi Aleksander-Arnoldun komandanı azad agent kimi tərk etməsini göstərmək olar.
“Arsenal” ardıcıl üçüncü mövsümdə 2-ci yeri tutdu. Mövsüm ərəfəsində əksər ekspertlər məhz Artetanın komandasının titula əsas namizəd olduğunu iddia edirdi. Ancaq yenə də “topçular”ın oyununda nəsə çatmadı. Daha konkret danışsaq, “Arsenal”a yeni mərkəz hücumçusu lazım idi. Belə futbolçunun yoxluğu üzündən hücumun sivri ucunda gah Trossar, gah da Merino oynadı. Belədə çətin oyunlarda qələbə qazanmaq mümkün olmadı. Əvəzində “topçular”ın müdafiə xəttində hər şey qaydasında idi. “Arsenal” son mövsümdə hamıdan az top buraxdı. Buna görə Qabriellə Salibanın seçildiyi müdafiə xətti ilə yanaşı, tez-tez qeyri-adi seyvlər edən ispan qolkiper Rayyaya da təşəkkür düşür.
MS də mövsümü zəif keçirdi. “Şəhərlilər” mövsümə pis başlamasa da, Rodri xaçvari bağları qırandan sonra nəticələr pisləşdi. “Siti” bəzi oyunlarda üstünlüyü son dəqiqələrdə əldən verdi. Bu mənada Mançester derbisini xüsusi qeyd etməyə dəyər. Sonda iki qol buraxan “şəhərlilər” “Yunayted”ə 1:2 hesabıyla uduzdu. Bəzi oyunlarda həyəcandan başını cırmaq-cırmaq edən Qvardiolaya adamın yazığı gəlirdi. Bəzi oyunçular fərdi baxımdan onlardan gözləniləni vermədi. Holann 22 qol vursa da, qol vəziyyətlərini gerçəkləşdirmək baxımından hələ də problem yaşayır. Fodenlə Qriliş də zəif təsir bağışladı. Qriliş mövsümün sonuna yaxın hətta meydana da çıxmırdı. De Bruyne isə “Siti”nin heyətində son mövsümünü keçirdi.
“Çelsi” də ÇL-ə qayıdır. Maurisio Poçettinonun ötən mövsüm bacarmadığını Mareska bacardı. “Zadəganlar” xüsusən də mövsümün ilk yarısında parlaq təsir bağışladı. Palmer həmin vaxt elə forma yığmışdı ki, onu dayandırmaq mümkünsüz idi.
Çempionatın sonunda London klubunun oyunçularında güc çatmadı. Hər halda, 4-cü yer də qənimətdi. Mareskanın komandası titulsuz da qalmadı. Əlbəttə, KL-in finalında “Betis” üzərində qazanılan qələbəni nəzərdə tuturuq. Ayrı-ayrı oyunçulara gəlincə, sona yaxın əla forma yığan Kukurelyanın, həmçinin Kaysedo ilə Fernandesin adını çəkməliyik.
“Nyukasl” mövsümün gedişində iştirak ərizəsinin məhdudluğundan əziyyət çəksə də, 5-ci yeri tutmaqla ÇL-ə qayıda və Liqa kubokunu qazana bildi. “Sağsağanlar” çoxdan titula həsrət idi. Qol sayına görə yalnız Salaha uduzan İsakın möhtəşəm mövsüm keçirdiyini vurğulamalıyıq.
Mövsümün əsas uğursuzları isə ötən il elitaya gələn və burda yerini möhkəmlədə bilməyən klublardı. Van Nistelroy mövsümün 2-ci yarısında “sükan arxasına” keçsə də, “Lester”i elitada saxlaya bilmədi. “İpsviç” də eyni aqibəti yaşadı – baxmayaraq ki, “traktorçular”ın heyətində Delap parlaq oyunla azarkeşlərin qəlbini fəth etdi. Mövsümün əsas uğursuzu isə cəmi 2 qələbə qazanan, 12 xal toplayan “Sauthempton”du. “Müqəddəslər” mövsümün gedişində üç məşqçi dəyişsə də, biabırçılığdan qaça bilmədi. Çempionşipdən elitaya gələnlər “Bernli”, “Lids” və “Sanderlend”di.
Görəsən, heç olmasa, biri premyer-liqada möhkəmlənməyi bacaracaqmı?
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta