AZ

III Şuşa Qlobal Media Forumu - qətiyyətin daha bir adı

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Bütün hallarda verilən cavablar Prezident İlham Əliyevin uzaqgörən və hökmlü siyasətindən zəmin alırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.

“Eyni zamanda, təcrübədən keçən nəzəri baxış və dünyagörüş amilini də unutmamalıyıq. Belə mövqe ölkə başçısının Ukraynadan olan jurnalistin sualını cavablandıran zaman bir daha sərgiləndi. Ukraynadan “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitro Qordonun prezidentə ünvanladığı “siz... Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, “bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olub. İndi verdiyim cavab o zamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi”.

Düşünürəm ki, ölkə başçısı İlham Əliyev bununla əslində Azərbaycanın ölkə olaraq duruşuna diqqət çəkdi, özünün lider kimi qətiyyətini bir daha meydana qoydu”, - deyə o əlavə edib.

Deputat bildirib ki, bu, sadəcə Azərbaycan Prezidentinin işğal faktoruna münasibətidir. Ona qalsa, Azərbaycan bütün hallarda başqa xalqlarla dostluq və əməkdaşlıq prinsipi əsasında körpülər qurur. Məsələn, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və ona humanitar yardımlar göstərir. Yaxud Rusiya-Ukrayna arasında müharibə başlamazdan bir neçə gün əvvəl, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında “müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” də imzalayıb. Həmin sənəddə siyasi, iqtisadi və daha bir çox sahədə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir. Buna baxmayaraq, meydanda işğal faktoru varsa, otuz ilə yaxın müddətdə bunun əziyyətini çəkən lider olaraq, həssaslıq və qətiyyət nümayiş etdirməsi təbiidir.

“Bu cavabdan kimlərinsə rəncidə olması isə artıq onların öz işləridir. Azərbaycan Prezidenti bütün sözlərini nəzərə alaraq səsləndirir. Yəni o mövqedən çıxış edərək səsləndirir ki, arxa fonda bunun əyani nümunəsi görünsün. Elə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə də Azərbaycanın ötən əsrin 90-cı illərində üzləşdiyi çətin və kataklik dönəmlərə vurğu salmağı nahaq deyildi. Prezident bununla demək istəyirdi ki, biz bütün gərginlikləri aşaraq məqsədimizə doğru irəlilədik. Əgər işğalla barışsaydıq, baş verənlərə, itki və faciələrə inadlı şəkildə dözüb davam gətirərdikmi? Prezidentin tövsiyəsi bu mənada keçilmiş tale yoluna, aşılan çətinliklərin miqyasına güvənilərək söylənən, uğurlu taktiki gedişə əsaslanan və ən əsası Azərbaycan xalqının və onun liderinin obrazını simvolizə edərək meydana qoyulan yaxşı düşünülmüş cavab idi”,- deyə E.Akimova fikrini yekunlaşdırıb.

 

 

Seçilən
38
50
azertag.az

10Mənbələr