AZ

“Genetik təsirlər, irsi xəstəliklər: sağlam cəmiyyət üçün ictimai maarifləndirmə” mövzusunda seminar keçirilib » AzadMedia.az


19 iyul 2025-ci il tarixində Azərbaycan Milli QHT Forumunda Pasiyent Təşkilatları İttifaqının dəstəyi ilə “Genetik təsirlər, irsi xəstəliklər: sağlam cəmiyyət üçün ictimai maarifləndirmə” mövzusunda seminar keçirilib.

Tədbirin əsas məqsədi genetik təsirlər barədə maarifləndirməni gücləndirmək, cəmiyyəti irsi xəstəliklərə qarşı mübarizəyə səfərbər etməkdir.
AMQF-nin sədri Ramil İskəndərli çıxışında Forumun əhalinin sağlamlığı və aktiv həyat tərzinin təşviqi istiqamətində gördüyü işlərdən danışıb. O, qeyd edib ki, son bir ildə 22 səhiyyə yönümlü təşkilat Forumun üzvü olub, bu müddət ərzində sağlamlıqla bağlı 10-dək birgə tədbir və təlim keçirilib. İctimai maarifləndirməyə xüsusi önəm verən Forum artıq piylənmə, düzgün qidalanma və uşaqların sağlamlığı mövzusunda silsilə kampaniyalar həyata keçirib.

Ramil İskəndərli əlavə edib ki, səhiyyə sahəsində beynəlxalq tərəfdaşlıq imkanları da genişlənməkdədir. O, bildirib ki, səhiyyə mövzusunda ekspertlərin iştirakı ilə həftəsonu maarifləndirici tədbirlər davam etdiriləcək.

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov “İrsi xəstəliklərin müasir müalicəsi və genofondun qorunmasında vətəndaş cəmiyyətinin rolu” barədə ətraflı çıxış edib. O, son illər bu istiqamətdə görülən işlər və ictimai təşkilatların təşəbbüslərindən danışıb.

Ardınca səhiyyə mütəxəssisləri təqdimatlar ediblər. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsinin mütəxəssisi Ağarza Ağayev nadir genetik xəstəliklərin diaqnozunda yeni nəsil analizlərin tətbiqi və bu sahədə ölkəmizdəki təcrübədən bəhs edib.

Uşaq Nevroloji Xəstəxanasının baş həkimi İlahə Hacıyeva nevrologiyada rast gəlinən genetik xəstəliklərə toxunaraq onların erkən aşkarlanmasının vacibliyini vurğulayıb.

Revmatoloq Şəhla Hadıyeva revmatik xəstəliklərin yayılma tezliyi və genetik səbəbləri barədə məlumat verib.

Bakı Sağlamlıq Mərkəzinin hematoloqu, Səhiyyə Nazirliyinin eksperti Şəhla Şabanova isə irsi hematoloji xəstəliklərdə yeni müalicə strategiyalarından danışıb.

Seminarda 20-dək səhiyyə yönümlü ictimai birliyin nümayəndəsi iştirak edib. Tədbir zamanı irsi genetik xəstəliklərin müxtəlifliyi, qohum nikahlarının yaratdığı tibbi və sosial fəsadlar xüsusi olaraq vurğulanıb. Bildirilib ki, bu mövzularda ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir və QHT-lərin bu istiqamətdə fəaliyyəti çox təsirli ola bilər.

#Pasiyent #PTİ #MilliQhtForumu #Genetika #Nevralogiya #Recmatologiya #Hematologiya
Seçilən
44
1
azadmedia.az

2Mənbələr