Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əhəmiyyətli beynəlxalq tədbirlər təşkil olunur. Artıq 3-cü ildir keçirilən Şuşa Qlobal Media Forumu da dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Deputat bildirib ki, Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatılıb. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunan 3-cü Forumun iştirakçıları Xankəndidə süni intellektin xəbər istehsalı və yayımındakı artan rolu, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasında media savadlılığının əhəmiyyətinə dair müzakirələr aparırlar. Beləliklə, tarixi Azərbaycan şəhəri Şuşa kimi Xankəndi də qlobal media məsələlərinin müzakirə olunduğu məkana çevrilib. Bu Forum, eyni zamanda, Xankəndi başda olmaqla bütövlükdə Qarabağın zəngin mədəni irsinin dünyaya təqdimatıdır.
“Budəfəki Forumda da Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinin suallarını cavablandırdı. Sualların xarakterindən aydın oldu ki, beynəlxalq media mənsublarını həm Cənubi Qafqazda gedən geosiyasi proseslər, eyni zamanda, qlobal dünya gündəmini əhatə edən mövzular maraqlandırır. Habelə 30 illik işğala öz iradəsi və qətiyyəti ilə son qoyan qalib Azərbaycanın təcrübəsi xüsusi maraqla qarşılanır. Azərbaycan Prezidentinin qlobal siyasi lider kimi təcrübəsi də beynəlxalq medianın diqqət yetirdiyi əsas məsələlərdən biridir. Bu gün işğaldan əziyyət çəkən ölkələrin jurnalistləri Azərbaycan Prezidentindən uğur formulunu, siyasətin təməl prinsiplərini soruşurlar. Bu formul isə milli maraqların müdafiəsi, xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etməkdən ibarətdir. Bu, dövlətimizin başçısının qlobal siyasi Lider kimi nüfuzundan, Azərbaycanın bütün məsələlərə beynəlxalq hüquq və ədalət prinsiplərindən yanaşdığını bir daha təsdiqləyir”, - deyə Nigar Məmmədova qeyd edib.