AZ

Bakıda ASOSAI İdarə Heyətinin 62-ci iclasının növbəti gününə start verilib

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə bu gün Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısının üçüncü günü öz işinə başlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə baş tutur.

Toplantıya ASOSAI İdarə Heyəti və Audit Komitəsinin üzvləri, eləcə də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) sədrliyi və katibliyinin nümayəndələri, INTOSAI İnkişaf Təşəbbüsünün təmsilçiləri daxil olmaqla 100-dən çox iştirakçı qatılıb.

Tədbirin ikinci günü yaddqalan keçib. Belə ki, toplantıda ASOSAI Strateji Planı, təşkilatın digər regional qurumlarla əməkdaşlığı, işçi qrupların illik fəaliyyəti və ASOSAI Jurnalının yeni buraxılışları ilə bağlı təqdimatlar olub. ASOSAI İdarə Heyətinin 62-ci toplantısının rəsmi hissəsində İdarə Heyətinin 60 və 61-ci toplantıların protokolları təsdiqlənib, təşkilatın 2024-cü il üzrə fəaliyyəti və maliyyə hesabatları, eləcə də 2026-2028-ci illəri əhatə edən büdcə planı nəzərdən keçirilib. Gündəlikdə yer alan əsas məsələlərdən biri isə INTOSAI İdarə Heyətinə 2025-2031-ci illər üzrə iki yeni üzvün və INTOSAI-ın kənar auditorunun seçilməsi olub. ASOSAI üzvlərinin səs çoxluğu ilə Pakistan və Birləşmiş Ərəb Əmirlikləri nümayəndələri INTOSAI İdarə Heyətinə üzv seçiliblər. Həmçinin Ali Audit Orqanları Asiya Təşkilatı (ASOSAI) İdarə Heyətinin 63-cü toplantısının Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcəyi elan edilib.

Bu gün də tədbirin gündəliyi kifayət qədər zəngin hesab edilə bilər. Çünki dövlət auditi sahəsində aktual mövzular, o cümlədən "İqlim dəyişikliyinə audit vasitəsi ilə reaksiya" və "Auditlərdə süni intellektin (AI) istifadəsi" mövzularında təqdimatlar gündəlikdə duran əsas mövzulardandır.

Qeyd edək ki, Azərbaycan Respublikası Hesablama Palatası 2024-cü ilin sentyabrında Hindistanın Yeni Dehli şəhərində keçirilmiş ASOSAI Assambleyasında ilk dəfə olaraq təşkilatın İdarə Heyətinə üzv seçilib.

Xəbər yenilənəcək

Seçilən
55
3
day.az

10Mənbələr