AZ

Suriya yenidən Süveydaya ordu göndərir - Vəziyyət gərginləşir

Suriyada Dürzi və Bədəvi ərəb tayfaları arasında baş verən silahlı qarşıdurmaların artması fonunda Şam hökuməti təhlükəsizlik qüvvələrinin Süveyda şəhərinə yenidən yerləşdiriləcəyini açıqlayıb.

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyi bölgədəki gərginliyin nəzarət altına alınması məqsədilə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə hazırlaşır.

 

Nazirlik, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təcili tədbirlərin görüləcəyini bildirib.

 

Bundan əvvəl Suriya rəhbərliyi Süveyda bölgəsindəki hərbi qüvvələrin geri çəkildiyini və bu addımın bölgədə sabitliyin təmin olunmasına yönəldiyini bəyan etmişdi. Lakin son günlərdə toqquşmaların intensivləşməsi hökumət qüvvələrinin yenidən hərəkətə keçməsinə səbəb olub ki, bu da bölgədəki gərginliyin hələ də davam etdiyini göstərir.

 

Suriya Prezident Administrasiyası məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya girən silahlı qruplar mövcud razılaşmaları pozaraq ölkənin daxili sabitliyini və barışığını təhdid edirlər. “Məzhəb və mənsubiyyətindən asılı olmayaraq bütün suriyalıların qorunması bizim üçün prioritetdir”, – deyə administrasiya vurğulayıb.

 

Eyni zamanda beynəlxalq ictimaiyyətə çağırış edilərək, Suriyada sabitliyin bərpa olunması, nəzarətsiz silahların toplatdırılması və hüququn aliliyinin təmin olunması istiqamətində dəstək göstərilməsi istənilib. Prezidentlik İsrailin Suriyanın daxili işlərinə müdaxiləsinin bölgədəki vəziyyəti daha da çətinləşdirdiyini qeyd edərək bu müdaxilələrin dərhal dayandırılmasını tələb edib.

 

“Bu müdaxilələr yalnız xaos və dağıntıya səbəb olur, regiondakı vəziyyəti daha da mürəkkəbləşdirir”, – deyə açıqlamada bildirilir.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
27
sfera.az

1Mənbələr