AZ

"Psixoloji və emosional səbəblər önəmlidir" - EKSPERT AÇIQLADI

“Müasir dövrdə bir çox ailələrin övlad sahibi olmaq qərarını təxirə salması və ya bu fikirdən tamamilə imtina etməsi artıq geniş yayılmış sosial tendensiyalardan birinə çevrilmişdir. Bu hal bir sıra iqtisadi, psixoloji və sosial amillərlə əlaqələndirilir”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib.

Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “İlk növbədə iqtisadi çətinliklər diqqətəlayiq səbəblər sırasındadır. Uşaq böyütmək böyük maliyyə vəsaiti tələb edir. Gündəlik yaşam xərclərinin artması, kirayə və ipoteka öhdəlikləri, təhsil və səhiyyə xidmətlərinin bahalılığı ailələrin bu məsuliyyəti üzərinə götürməsinə mane olur.

Karyera prioritetləri və urbanizasiya da bu qərarı təsir edən amillərdəndir. Xüsusilə şəhər mühitində yaşayan gənc ailələr üçün iş və karyera qurmaq əsas məqsədə çevrilib. Bu isə ailə planlamasının ikinci plana keçməsinə səbəb olur. Eyni zamanda qadınlar arasında “karyera və analıq” dilemması da tez-tez qarşılaşılan bir vəziyyətdir.

Psixoloji və emosional səbəblər də önəmlidir. Valideynlik məsuliyyətinin ağırlığı, özünə inamsızlıq, münasibətlərin qeyri-sabitliyi, ailədaxili anlaşılmazlıqlar və gələcək barədə qeyri-müəyyənlik insanlar arasında narahatlıq doğurur. Bununla yanaşı, dəyərlərin və həyat tərzinin dəyişməsi də nəzərəçarpacaqdır. Artıq bir çox insan azad həyat tərzinə üstünlük verir, şəxsi inkişaf və rahatlıq ön planda tutulur. Ailə qurmaq və övlad sahibi olmaq bir çoxları üçün əvvəlki qədər prioritet hesab edilmir. Nəticə olaraq, ailələrin övlad sahibi olmaqdan çəkinməsi yalnız şəxsi seçimlərlə deyil, eyni zamanda cəmiyyətin sosial-iqtisadi reallıqları ilə sıx bağlıdır. Bu məsələ kompleks şəkildə araşdırılmalı və ailələri dəstəkləyən sosial mexanizmlərin gücləndirilməsi ilə həll yolları axtarılmalıdır”.

Ayşən Vəli

Seçilən
24
sia.az

1Mənbələr