Rusiya “dost olmayan ölkələrdə” hazırlanmış messencerlərdən istifadəyə məhdudiyyətlər tətbiq edə bilər. Bu barədə Vladimir Putinin Rusiya hökumətinə göndərdiyi sərəncamda deyilir. Sənəd Kremlin rəsmi saytında dərc olunub.
“Rusiya Federasiyası Hökuməti dost olmayan xarici ölkələrdə istehsal olunan proqram təminatının (o cümlədən rabitə xidmətlərinin) Rusiya Federasiyasında istifadəsinə əlavə məhdudiyyətlərin tətbiqi ilə bağlı təkliflər təqdim etsin”, - deyə sərəncamda bildirilir. İcraya cavabdeh Baş nazir Mixail Mişustin təyin edilib. O, sentyabrın 1-dək hesabat təqdim etməlidir.
İyunun sonunda Vladimir Putin milli messencerin yaradılması haqqında qanun imzalayıb. Bundan əvvəl Dövlət Duması ikinci və üçüncü oxunuşda milli rəqəmsal platformanın yaradılması haqqında qanun layihəsini qəbul edib. Yeni sistemin mərkəzi elementi Rusiyanın “MAX” messenceri olacaq. O, mövcud dövlət rəqəmsal platformaları ilə inteqrasiya olunacaq və məsələn, Dövlət Xidmətləri portalından məlumatları ötürməyə, şəxsiyyəti, yaşını və ya sosial müavinətlərə uyğunluğu təsdiq etməyə imkan verəcək.
Lakin belə bir sistemin tətbiqi hüquq müdafiəçiləri arasında narahatlıq yaradır. İnternet Müdafiə Cəmiyyətinin rəhbəri Mixail Klimarev “MAX” layihəsini vətəndaşlara casusluq üçün alət adlandırıb. Onun sözlərinə görə, yeni platformanın məxfilik siyasətində açıq şəkildə qeyd olunub ki, bütün istifadəçi məlumatları sorğu əsasında dövlət qurumlarına ötürülə bilər. "FSB, Daxili İşlər Nazirliyi, Mərkəzi Bank, Vergi Xidməti və hətta Rosalkorequlirovanie məlumatlara çıxış əldə edəcək", - Klimarev bildirib.
Bu arada Dövlət Duması məşhur xarici platformalara qarşı tədbirlərin mümkün sərtləşdirilməsindən danışmağa başlayıb. Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarski “Telegram” və “WhatsApp”ın daxili sistem işə salındıqdan sonra “Rusiya qanunvericiliyinin pozulmasına” görə daha sərt sanksiyalara məruz qala biləcəyini istisna etməyib. Bundan sonra "On the Line" layihəsi Rusiyada “Telegram” və “WhatsApp”-a girişin məhdudlaşdırılmasının sınaqdan keçirildiyi barədə məlumat verdi.
Almaz Həsənli