Dünən Ali Rada Ukraynanın Baş nazirini və yeni hökumət üzvlərini təyin edib. 262 xalq deputatının səsi ilə 39 yaşlı Yuliya Sviridenko hökumətin başçısı olub.
O, məmur ailəsində anadan olub. Kiyev Milli Ticarət və İqtisadiyyat Universitetini fərqlənmə diplomu ilə bitirib və aspiranturada təhsil alıb. Almaniya və İsveçdə menecment kursları keçib. İngilis və Çin dillərini mükəmməl bilir. Karyerasına özəl sektorda başlayan gələcək Baş nazir sonra Çerniqov vilayətində investisiya layihələrinə rəhbərlik edib, Regional Dövlət Administrasiyasında işləyib və burada sədr səlahiyyətlərini icra edən vəzifəyə qədər yüksəlib. Yuliya Sviridenko İqtisadiyyat nazirinin müavini, 2020-ci ildən isə Prezident Aparatı rəhbərinin iqtisadiyyat üzrə müavini olub. Nazirlər Kabinetində mühüm layihələrə cavabdeh olan Y.Sviridenko ABŞ ilə yeraltı sərvətlərə dair yüksəkprofilli sazişə Ukrayna tərəfindən imza atıb.
Parlament hökumətin digər üzvlərini də təyin edib. Onların sırasında yerini dəyişənlər, qoruyanlar, eləcə də yeni üzvlər var. Ukrayna Prezidenti Volodimir Zelenski artıq ölkənin yeni hökuməti qarşısında ilk mühüm vəzifəni qoyub: Ukrayna Silahlı Qüvvələrində Ukrayna silahlarının faizini 6 ay ərzində 50 faizə çatdırmaq. "Biz yeni hökumətin işinin ilk 6 ayında öz istehsalımızı artıraraq bu hədəfə çatmalıyıq. Əminəm ki, bunu həyata keçirmək olar", - deyə dövlət başçısı bildirib. Eyni zamanda Ukrayna lideri ordunun təminatının cari göstəricilərini açıqlayıb. Onun sözlərinə görə, hazırda olkənin Silahlı Qüvvələrinin silahlarının 40 faizi Ukrayna istehsalıdır. Zelenski qeyd edib ki, bu payın artırılması aktiv hücum hərəkətləri strategiyasını həyata keçirmək üçün lazımdır.
Dövlət başçısı struktur dəyişikliklərini də açıqlayıb. İndi hərbi sənaye kompleksi məsələlərinin əlaqələndirilməsinə Müdafiə Nazirliyi cavabdeh olacaq. Qeyd edək ki, əvvəllər bu funksiyalar Strateji Sənaye Nazirliyi tərəfindən həyata keçirilirdi.
Yenilənmiş hökumətin atmalı olduğu digər prioritet addımlar bunlardır: Ukraynanın iqtisadi potensialının gücləndirilməsi və ukraynalılar üçün dəstək proqramlarının genişləndirilməsi.
Rizvan HİLALOĞLU,
"Azərbaycan"