Növbəti mövsümə hazırlaşan “Zirə” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxacaq.
Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda qardaş ölkə təmsilçisi “Çorum”la üz-üzə gələcək.
Azərbaycan millisinin dayaq yarımmüdafiəçisi Coşqun Diniyevin də formasını geyindiyi Türkiyə klubu ilə görüş Fanatik Tur Meydançalarında keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “qartallar” “Ankara Keçiörengücü”ndən (2:1) və İordaniyanın “Əl-Hüseyn” (1:0) komandasından üstün olub.
Qeyd edək ki, “Zirə” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Komanda bu turnirin 2-ci təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də 8-ci km stadionunda keçiriləcək. Bu matça saat 19:30-da start veriləcək. Cavab görüşü isə iyulun 31-də “Polyud Stadium”da baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.