Azərbaycan milli komandasının sabiq üzvü Elvin Yunuszadə yeni mövsümdə “Karvan” klubunda çıxış edəcək.

Bu barədə Offsideplus.az saytına danışan 32 yaşlı futbolçu bildirib ki, Yevlax təmsilçisi ilə artıq razılaşma əldə olunub.

Təcrübəli müdafiəçi ötən mövsümü keçirdiyi “Qəbələ”dən ayrılmasının səbəbini də açıqlayıb:

“Qəbələ” ilə bəzi nüanslarda razılaşmadıq, buna görə yolları ayırmağa qərar verdik. Daha sonra Kənan müəllimlə (Kənan Kərimov nəzərdə tutulur - red.) danışığımız oldu. O, klubun hədəflərindən danışdı və birgə addımlamağa qərar verdik. İndi əsas hədəfimiz yaxşı bir komanda formalaşdırıb layiqli şəkildə mübarizə aparmaqdır. “Karvan”da öncədən bir yerdə oynadığım futbolçular çoxdur. Düşünürəm ki, bu məqam mənə müsbət təsir edəcək”.

Qeyd edək ki, “Karvan” hələlik Elvin Yunuszadənin keçidini rəsmən açıqlamayıb.