BAKI, 14 iyul. TELEQRAF
Almaniya Ukraynaya “Taurus” qanadlı raketlərini və öz ordusunun silahlanmasında olan ABŞ-nin “Patriot” zenit-raket komplekslərini verməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” nəşrinə müsahibəsində Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Onun sözlərinə görə, hətta Rusiyanın son hava hücumlarına və Kiyevin növbəti xahişinə baxmayaraq, Berlin Ukrayna ordusuna uzaqmənzilli raketlər verməyəcək.
Almaniyalı nazir bildirib ki, ölkəsi Ukrayna Silahlı Qüvvələrinə daha çox “Patriot” verə bilməz, çünki cəmi 12 kompleksdən yalnız 6-sı ordunun ixtiyarındadır. Onlardan 3-ü artıq Ukraynaya təhvil verilib, 2-si Polşaya “borc verilib”, 1-i isə ya texniki xidmətdədir, ya da təlimlər üçün istifadə olunur:
“Xüsusilə də NATO-nun qarşımıza qoyduğu məqsədləri nəzərə alsaq, bu, həqiqətən çox azdır. Biz bundan daha artığını verə bilmərik”.
Qeyd edək ki, yaxın vaxtlarda Pistoriusun Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Pit Heqset ilə görüşü planlaşdırılır. Vaşinqtonda onlar ABŞ-nin Avropaya dəstəyinin “yol xəritəsi”ni və Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi zərurətini müzakirə edəcəklər.
Eyni zamanda, Pistorius Heqset ilə Almaniyanın Ukrayna üçün ABŞ-dən 2 ədəd “Patriot” kompleksi əldə edə biləcəyini nəzərdə tutan təklifi müzakirə etməyi planlaşdırır.