AZ

Vüqar Rəhimzadə: Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir

Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin inkişafı əsasdır. Açıq və çoxşaxəli xarici siyasət kursu həyata keçirən ölkəmiz hər zaman əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Bugünkü reallıqları bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq salır. Bu baxımdan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana ilk səfəri mühüm əhəmiyyət kəsb edir. Reallıq budur ki, Azərbaycanın ərəb ölkələri ilə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var.

Bu mühüm məqamı da xüsusi qeyd edək ki,   Əsəd rejiminin avtoritar və qapalı xarici siyasəti Azərbaycan-Suriya münasibətlərinin  inkişafına öz mənfi təsirini göstərdi. Suriya daxilində sabitsizlik,  siyasi böhranlar,  beynəlxalq təcrid bu ölkənin əməkdaşlıq əlaqələrini məhdudlaşdırmasına təsirsiz olmadı. Suriya Prezidentinin iyulun 12-də ölkəmizə reallaşdırdığı ilk səfər, həmçinin Prezidentlərin məhdud və geniş tərkibdə görüşləri əlaqərimizin inkişafında yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Prezident İlham Əliyev ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın  geniş tərkibdə görüşündə bir daha vurğulandı ki, uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluq olub. Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb. Əhməd Əl Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd etdi. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini  xüsusi vurğuladı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, bundan əvvəl Azərbaycan və Suriya Prezidentləri Antaliyada keçirilən forum zamanı görüşmüşlər.
Suriyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycan bu ölkəyə  və Suriyanın ərazi bütövlüyünə, suverenliyinə dəstəyini ifadə edən dövlət olmuşdur. Azərbaycan Türkiyə ilə birlikdə Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazırlığını ifadə etmişdir. Azərbaycan-Suriya münsibətlərində yeni istiqamət Azərbaycanda istehal olunan qazın Suriya bazarına çıxarılmasıdır.  Azərbaycan təbii qazı üçün dünyada rəqabət artır. Azərbaycan təkcə Avropa bazarına deyil, Yaxın Şərq ölkələrinə də öz enerji ehtiyatlarını ixrac edir.  Suriya Prezidentinin səfəri zamanı bu məsələ müzakirə olunan mövzular sırasında oldu.
Səfər çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.  Suriya  həm Azərbaycan mavi yanacağını idxal edə, həm də tranzit ölkə rolunu oynaya bilər.  Prezidentlərin görüşündə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi vurğulandı.  Bu xüsusda yaxın zamanlarda Azərbaycanda istehsal olunan qazın Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi diqqətə çatdırıldı.  Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu bildirildi. Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini vurğuladı.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan-Suriya əlaqələri, eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasətində mühüm istiqamətdir. Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu uğurlu siyasət nəticəsində Azərbaycan Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasından sonra istər regionda, istərsə də beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndirib. Azərbaycan qlobal siyasi gücə çevrilərək yeni dünya nizamının formalaşmasına verdiyi töhfələri ilə diqqətdədir. Prezident İlham Əliyevin nüfuzu, həyata keçirdiyi praqmatik siyasət ölkəmizə yeni tərəfdaşlıq modellərini gətirir, yeni tərəfdaşlar qazandırır. Azərbaycan  Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında və danışıqlar prosesində sakit diplomatiya prinsipindən çıxış edərək görüşlərin təşkil olunmasına öz töhfəsini vermişdir.  Suriya Prezidenti  Əhməd Əl Şaraanın səfəri  Azərbaycan-Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək. Azərbaycan fəal siyasi aktor kimi  beynəlxalq münasibətlər sistemində  möhkəmlənən yeri və rolu göz önündədir.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezidentlərin görüşündə  Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində də  əməkdaşlığa toxunuldu, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərinə xüsusi diqqət yönəldildi. Təbii ki, ölkəmiz dünya tarixində bu sahədə də ilkə imza atıb. Müharibədən dərhal sonra belə genişmiqyaslı bərpa-quruculuq işlərinə öz daxili imkanları hesabına başlamaq dünya tarixində mümkün olmayıb. Azərbaycanın  müasir tələblərə uyğun olaraq apardığı dirçəliş modelinin nümunəviliyi hər zaman keçirilən görüşlərdə, beynəlxalq tədbirlərdə əsas diqqət göstərilən məsələlərdən olur. Azərbaycan və Suriya prezidentlərinin geniş tərkibdə görüşündə ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulandı ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər. 

Seçilən
8
5
ikisahil.az

6Mənbələr