XATİRƏ HƏSRƏT GÖYÇƏ: "Qələmin sehrindən as, öldür məni"
Söz adamlarının hamısı bir-birinə bənzəyir. Hamısı da bir nisgil, bir ağrı daşıyır içində. Sanki bu dünyanın ağrı-acılarını çəkmək üçün yaradıb Tanrı söz adamlarını. Üzdən sakit, səssiz görünəni də var, dağ çayı kimi coşub çağlayanı da. Qəribədir ki zahirən sakit görünənlərin içində daxili dünyasında bir vulkan yatır. Püskürdümü, çağladımı onda əsil mahiyyət bəlli olur.
İndiki zamanda çoxlu şeir yazanlar meydan sulayır. Məhz şeir yazanlar. O qədər çoxalıblar ki şairlərin önünə keçmək həddinə çatıblar. Ancaq onlar şeir yazmaqdan o tərəfə keçə bilmirlər. Çünki anadan şair doğulmayıblar.
Anadan şair doğulanlar isə ilhamıən əlindən tutub sadə, təvazö bir ömür yaşayırlar. Azdırlar, lakin sanbalıdırlar. Sözlərinin salğarı var, sözün yiyəsidirlər. Və nə yaxşı ki də belədir.
Bölgələrdə, öz dünyasında yaşayan, yazıb-yaradan qələm sahiblərindən biri də Xatirə Həsrət Göyçədir.
Xatirə Həsrət Göyçə (Zülfüqarova Xatirə Ziyad qızı) 15 sentyabr 1974-cü ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndində anadan olub.1988-ci ildə deportasiya nəticəsində doğma elindən, obasından didərgin düşüb. Hal-hazırda Daşkəsən şəhərində yaşayır. Şeirləri müxtəlif mətbu orqanlarda, dərgilərdə, almanaxlarda çap olunub. Sözlərinə mahnılar bəstələnib. "Dumanlı kölgələr" və "Sevdamın adı Vətən" adlı şeir kitabları çap olunub. Ailəlidir. Üç övladı var.
Xatirənin Vətən adlı nisgili onu ayaqda tutan, ruhuna, könlünə həzin nəğmələr pıçıldayan duyğular selidir.
Özünü yazır, öz duyğularını yazır. Amma gözəl yazır. Şeirlərindəki bəşəri duyğular bu xanımın daxili aləminin zənginliyindən, İlahi Eşqə sədaqətindən xəbər verir. Müqəddəs Vətən torpağının bir hissəsi bilir özünü. İndi sizə- aia.az-ın dəyərli oxucularına təqdim etdiyim şeirləri oxuduqca fikirlərimə şərik olacaqsınız. Çünki xatirə şeiryazan yox, təpədən-dırnağacan şairdir. Tanrıdan diləyi də qələmin sehrindən asılıb ölməkdir. Yəni ki ölməzliyə və əbədiyyətə məftun və müştaq olmaqdır.
Elə bu təəssüratla da şairə xanıma uğurlar arzulayıram.
Şəmsi Qoca
OLMADIQMI?!
Hamı zəmanəni qınayır,qardaş,
Zamanı dəyişən biz olmadıqmı?!
Bütün əyriləri göz görə-görə,
Təriflə bəzəyən düz olmadıqmı?!
Ört-basdır elədik bəd əməlləri,
Qanqala dəyişdik əlvan gülləri.
Salıb ortalığa yağlı dilləri,
Nadanın dilinə söz olmadıqmı?!
Səhvə doğru dedik,doğruya yalan,
Oynatdı havaya hər zurna çalan.
Özgə eşşəyinin belinə palan,
Köhlən atımıza biz olmadıqmı?!
Halalı harama eylədik calaq,
Süfrəmiz başında acgöz,yalquzaq.
Yadları isidən qaynar bir ocaq,
Doğmanı yandıran köz olmadıqmı?!
Getdi namus-qeyrət,getdi arımız,
İtdi yalanlarda etibarımız.
Əyilib,sındıqca dağ vüqarımız,
Enib zirvələrdən düz olmadıqmı?!
Hər şeydə günahı atdıq fələyə,
Təzə dəb gətirdik kəndə,kəsəyə.
Şeytanı tay tutub göydə mələyə,
Fitnə,kələyinə iz olmadıqmı?!
Ağa çamur atıb,vurduq ləkəni,
Vicdanla dəyişdik yağlı tikəni.
Bizə əlimizlə kəfən tikənin,
İynə,arşınına bez olmadıqmı?!
Çirkab qatışdırdıq təmiz mayaya,
Yatıb xumarlandıq boş bir xülyaya.
İblis köynəyindən qoca dünyaya,
Min cür dön geydirən üz olmadıqmı?!
Dədəmiz,babamız bəy ola-ola,
Gədalar əlində çevrildik qula.
Mənliyi,qüruru dəyişib pula
Düşmənin yalında duz olmadıqmı?!
Təqsir özümüzdə,anlayaq,qanaq.
Əsli,nəcabəti nə qədər danaq?
Xatirə,nəsillər eyləyər qınaq,
Bir soydan bölünüb, yüz olmadıqmı?!
GÖZƏL
Şehə batmış qızılgüldü,
Yanağının alı, gözəl.
Süsləyibdi dodağını ,
Çiçəklərin balı, gözəl!...
Tər nəfəsin susənbərdi,
Ruh oynadan müşk-ənbərdi.
Ulduzlar donunu sərdi,
Ayağına xalı, gözəl!...
Kirpiyinin tiyəsi qan,
Qaşlarında sönür cahan.
Naz-qəmzənə neçə qurban ,
Getdi Məcnun yolu, gözəl...
Gözlərin nurun qaynağı,
Baxışın cənnət çırağı.
Mələklər alıb sorağı,
Dəyişdi əhvalı, gözəl!...
Məxmər zülfün ayın tülü ,
Camalında bahar gülü,
Tərpədəndə dağlar yeli ,
Başındakı şalı, gözəl!...
Lütfün Tanrı qüdrətindən,
Pay aldın hər nemətindən.
Gecə küsdü zülmətindən,
Görcək üzdə xalı, gözəl!
Aləm dönür məhvərində,
Cəm oldun göylər sirrində.
Xatirənin söz pirində,
Əydin gövhər, ləli, gözəl!...
14.03.2020
YOXSA
Aranı neynirəm, dağı neynirəm,
Qaranquş könlümün yuvası yoxsa.
Gözümə tökməyə Vətən torpağı,
Bir udum nəfəslik havası yoxsa.
Hər fəsil qapıma gətirir qışı,
Buludlar başıma ələyir daşı,
Yaramı yuyursa hicranın yaşı,
Əl vurma, ey təbib, dəvası yoxsa.
Bir ömrün yükünü çəkdim bir günə,
Nə imana sığdı, nə də ki, dinə,
Ruhum kökləndikcə bir sarı simə,
Yandı cismi-canım nəvası yoxsa.
Yad, qərib qəbirdə yatdım, oyandım,
Dərd yardı sinəmi qana boyandım,
Xatirə, həsrətə necə dayandın?
Elinin, obanın sədası yoxsa.
23.01.2024
ÖLDÜR MƏNİ
Susdurub lal etmə, Tanrım, dara çək ,
Qələmin sehrindən as öldür məni.
Yalanı boynuma dolamaqdansa,
Haqqa qurban elə, kəs öldür məni.
Əymə sevincimi, kədəri dəyiş,
Köhlənim yol üstə yəhəri dəyiş,
Alnıma yazılan qədəri dəyiş,
Əyməmiş bir tənə söz , öldür məni.
Nurundan yarat ki, ziyam sönməsin,
Qanad ver ruhuma, göydən enməsin,
Yanım ulduz-ulduz odum senməsin,
Birindən min elə yüz öldür məni.
Ək-biç, torpağının boz şumuna qat,
Bir sevda quluyam , öz eşqinə sat,
Dərin dəryaların qucağına at ,
Günahı boynuma yaz, öldür məni.
Tökülür ömrümün xəzəl illəri,
Tufansız ötüşmür payız yelləri,
Qıyma Xatirəyə özgə əllləri,
Baxma ah - naləmə, döz ,öldür məni.
27.03.2023
GÖZLƏRİNƏ KÖÇƏNDƏN
Xumarlanıb, yuva salmaq xətaymış,
Can əriyib, gözlərinə köçəndən.
Yuxularım yelkən çəkir göylərə,
Xəyal quşum ağuşunu seçəndən.
Ümidlərim bircə tükdən asılı,
Əcəl hazır , fərmanına yazılı
Kirpiyində məzarım var qazılı,
Baxışların kəfənimi biçəndən.
Gecələrə tel darayır darağım ,
Pərvanənin yanğısında ocağım ,
Həsrətinlə qoşalaşıb quçağım ,
Xatirənin ürəyindən keçəndən.
BİR-BİR
Yağış damlasında buz xatirələr
Bulud gözlərimdən süzüldü bir-bir.
Nə tez əllərimdən qopdu əllərin,
Bütün ümidlərim üzüldü bir-bir.
Soyuq sığalını çəkdi küləklər,
Payız nəfəsinə dondu çiçəklər,
Yetim böyütdüyüm arzu-diləklər,
Getdiyin yollara düzüldü bir-bir.
Yaşıl bir yarpaqdı hər ötən gün də,
Budağı məndəydi, sapağı səndə,
Qəfil aralığa həsrət çökəndə,
Quruyub töküldü, əzildi bir-bir.
Bulaşdı sabaha gecənin qanı,
Gəzdim xəyallarda sənli dünyanı,
Qaranquş gətirən məktublar hanı?
Bahar ötüşməmiş kəsildi bir-bir.
Rəsminə qonduqca incik baxışlar,
Yudu günahını sellər, yağışlar,
Xatirə, sevdana tuş olan "daş"lar,
Qəlbinin başından asıldı bir-bir.
23.05.2025
ÇIXAR
Şairlər göy adamları,
Aydınlığa sözdən çıxar.
Ocaqdan atəş götürər,
Qığılcımı közdən çıxar.
Ruhunu dumduru saxlar,
Sinəsində kaman ağlar,
Sevdasını simə bağlar,
İniltisi sazdan çıxar.
Dünyasına çöküncə qəm,
Yanğısında göynər qələm,
Ürəyinə bükülən nəm,
Acısını gözdən çıxar.
Dəryalardan keçər yolu,
Fırtınadı sağı, solu,
Dalğalara açar qolu ,
Coşğusu dənizdən çıxar.
Gecələrin dərd karvanı,
Çiynində daşır zamanı
Qurban verər haqqa canı,
Hər tikəsi düzdən çıxar.
04.09, 2023
AY ANA
Sığal çək başıma,qurbanın olum,
Məni o illərə götür, ay ana!
Hələ uşaqlığın həsrətindəyəm,
İtən sevincimi gətir, ay ana!
Oxşa, sıx qoynunda yumağa dönüm ,
Ərköyün , küsəyən uşağa dönüm,
Bir şirin layla çal o çağa dönüm,
Zülmət gecələri itir, ay ana!
Ana nəfəsinə doysun nəfəsim ,
Sarılım boynuna, yolunu kəsim.
Divarın daşını titrətsin səsim ,
Nisgillər ölümdən betər , ay ana!
Gəldi kənd qoxusu burnuma birdən,
Təzə, isti-isti çıxar təndirdən.
Dürmək bük lavaşla, motal pendirdən ,
Yanında bal-qaymaq gətir , ay ana!
Qaranquş xəyallar bir-bir ötüşür,
Qış günü könlümə gör nələr düşür?
Quruddu, kartoflu bir xəngəl bişir,
Çəkib,sini-sini ötür, ay ana!
Bələ ocağının isti külünə,
Dəymədi dadıntək ləzzət dilimə.
Yadıma düşübdü, qurban əlinə,
Fəsəli, köppəcə, fətir, ay ana!
Səhər dan sökülüb, ağaranda yer ,
Yundan toxuduğun ağ köynəyi ver.
Dara saçlarımı, iki hörük hör ,
Məktəb yollarına ötür, ay ana!
Nəmli gözlərimin al günəşi ol ,
Nurunla, sevginlə ürəyimə dol.
Kəbə örtüyüdü, dolanım min yol,
Duyum ağ saçından ətir, ay ana!
Alıb Xatirəni elinə qaytar ,
Qürbət zindanından Cilinə qaytar,
Göyçə sonasını gölünə qaytar,
Hicran yanğısını bitir, ay ana!
15.01.2021
ADAMIYAM.
Nə qədər başımdan günah töksə də,
Bu qara dünyanın ağ adamıyam.
Qayalar üstündən boy verib köküm,
Əyilib qopmaram dağ adamıyam.
Mələklər gətirən xırdaca payam,
Bir ovuc torpağam, bir ovuc suyam,
Ömür nə verdi ki, dadından doyam?
Ağrıya, acıya tox adamıyam.
Səpdiyi hər dərdi dənlədim tək-tək,
Çevrəmdə dördnala at çapdı fələk,
Əcəli, ölümü nəyimə gərək,
Əzrayıl əlində sağ adamıyam.
Bir qərib köşədə qəbrim qazılı,
Ünvanım yazılı, adım yazılı
Xatirə , var-dövlət dünyanın malı,
Mən haqq yolçusuyam, haqq adamıyam.
15.05.2023
GƏLMİŞƏM.
Atəş aldım oduma su tapmadım,
Yana-yana ocaq qoyub gəlmişəm.
Dərd udmaqdan sinəmi qəm göyərtdi,
Göz yaşından libas geyib gəlmişəm.
Qürbət yeli çənə bükdü telimi,
Dəli dərdlər buraxmadı əlimi,
İtirəndən Vətənimi, elimi,
Ayrılıqlar qəddim əyib gəlmişəm.
Dağlar görən, yol istəsəm verərmi?
Həsrətimi, nisgilimi görərmi?
Saçlarımı darayarmı, hörərmi?
Gül ətrini mehdən duyub gəlmişəm.
Bulaqların gözündən su içməyə,
Qayaların qurşağından keçməyə,
Doğulduğum o torpağa köçməyə,
Başımdan qar, yağış döyüb gəlmişəm.
Ürəyimdə paraların iz yeri,
Sağalmayıb yara yeri, köz yeri,
Ay Xatirə, Ana yurdun öz yeri,
Ulu Göyçəm, Cilim deyib gəlmişəm.
04.01.2024