Söz adamlarının hamısı bir-birinə bənzəyir. Hamısı da bir nisgil, bir ağrı daşıyır içində. Sanki bu dünyanın ağrı-acılarını çəkmək üçün yaradıb Tanrı söz adamlarını. Üzdən sakit, səssiz görünəni də var, dağ çayı kimi coşub çağlayanı da. Qəribədir ki zahirən sakit görünənlərin içində daxili dünyasında bir vulkan yatır. Püskürdümü, çağladımı onda əsil mahiyyət bəlli olur. İndiki zamanda çoxlu şeir yazanlar meydan sulayır. Məhz şeir yazanlar. O qədər çoxalıblar ki şairlərin önünə keçmək həddinə çatıblar. Ancaq onlar şeir yazmaqdan o tərəfə keçə bilmirlər. Çünki anadan şair doğulmayıblar. Anadan şair doğulanlar isə ilhamıən əlindən tutub sadə, təvazö bir ömür yaşayırlar. Azdırlar, lakin sanbalıdırlar. Sözlərinin salğarı var, sözün yiyəsidirlər. Və nə yaxşı ki də belədir. Bölgələrdə, öz dünyasında yaşayan, yazıb-yaradan qələm sahiblərindən biri də Xatirə Həsrət Göyçədir. Xatirə Həsrət Göyçə (Zülfüqarova Xatirə Ziyad qızı) 15 sentyabr 1974-cü ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndində anadan olub.1988-ci ildə deportasiya nəticəsində doğma elindən, obasından didərgin düşüb. Hal-hazırda Daşkəsən şəhərində yaşayır. Şeirləri müxtəlif mətbu orqanlarda, dərgilərdə, almanaxlarda çap olunub. Sözlərinə mahnılar bəstələnib. "Dumanlı kölgələr" və "Sevdamın adı Vətən" adlı şeir kitabları çap olunub. Ailəlidir. Üç övladı var. Xatirənin Vətən adlı nisgili onu ayaqda tutan, ruhuna, könlünə həzin nəğmələr pıçıldayan duyğular selidir. Özünü yazır, öz duyğularını yazır. Amma gözəl yazır. Şeirlərindəki bəşəri duyğular bu xanımın daxili aləminin zənginliyindən, İlahi Eşqə sədaqətindən xəbər verir. Müqəddəs Vətən torpağının bir hissəsi bilir özünü. İndi sizə- aia.az-ın dəyərli oxucularına təqdim etdiyim şeirləri oxuduqca fikirlərimə şərik olacaqsınız. Çünki xatirə şeiryazan yox, təpədən-dırnağacan şairdir. Tanrıdan diləyi də qələmin sehrindən asılıb ölməkdir. Yəni ki ölməzliyə və əbədiyyətə məftun və müştaq olmaqdır. Elə bu təəssüratla da şairə xanıma uğurlar arzulayıram.
Şəmsi Qoca
OLMADIQMI?!
Hamı zəmanəni qınayır,qardaş, Zamanı dəyişən biz olmadıqmı?! Bütün əyriləri göz görə-görə, Təriflə bəzəyən düz olmadıqmı?!
Ört-basdır elədik bəd əməlləri, Qanqala dəyişdik əlvan gülləri. Salıb ortalığa yağlı dilləri, Nadanın dilinə söz olmadıqmı?!
Səhvə doğru dedik,doğruya yalan, Oynatdı havaya hər zurna çalan. Özgə eşşəyinin belinə palan, Köhlən atımıza biz olmadıqmı?!
Halalı harama eylədik calaq, Süfrəmiz başında acgöz,yalquzaq. Yadları isidən qaynar bir ocaq, Doğmanı yandıran köz olmadıqmı?!
Getdi namus-qeyrət,getdi arımız, İtdi yalanlarda etibarımız. Əyilib,sındıqca dağ vüqarımız, Enib zirvələrdən düz olmadıqmı?!
Hər şeydə günahı atdıq fələyə, Təzə dəb gətirdik kəndə,kəsəyə. Şeytanı tay tutub göydə mələyə, Fitnə,kələyinə iz olmadıqmı?!
Ağa çamur atıb,vurduq ləkəni, Vicdanla dəyişdik yağlı tikəni. Bizə əlimizlə kəfən tikənin, İynə,arşınına bez olmadıqmı?!
Çirkab qatışdırdıq təmiz mayaya, Yatıb xumarlandıq boş bir xülyaya. İblis köynəyindən qoca dünyaya, Min cür dön geydirən üz olmadıqmı?!
Dədəmiz,babamız bəy ola-ola, Gədalar əlində çevrildik qula. Mənliyi,qüruru dəyişib pula Düşmənin yalında duz olmadıqmı?!
Təqsir özümüzdə,anlayaq,qanaq. Əsli,nəcabəti nə qədər danaq? Xatirə,nəsillər eyləyər qınaq, Bir soydan bölünüb, yüz olmadıqmı?!