Musavat.com-un artıq daha əvvəl xəbər verdiyi kimi, iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.
Dövlət başçıları arasında məhdud və geniş tərkibdə danışıqlar keçirilib, rəsmi mərasim zamanı birgə foto çəkilib.
Əhməd Əl Şaraa işgüzar səfər üçün Bakıya gəldikdə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər yüksək vəzifəli şəxslər qarşılayıblar. Qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bu səfər çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikasının hökuməti arasında qarşılıqlı anlaşma haqqında Memorandum da imzalanıb. Bu sənəd enerji sahəsində gələcək əməkdaşlığın əsasını qoyur.
Musavat.com-un şərhi
Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji kurs yalnız Cənubi Qafqazla məhdudlaşmır, artıq Yaxın Şərqə qədər uzanır. Bakı indi təkcə vasitəçilik missiyası ilə kifayətlənmir, həm də yeni Yaxın Şərq nizamının qurulmasında, xüsusilə də Suriya ilə birbaşa ikitərəfli münasibətlərin inkişafında fəal rol oynayır.
Azərbaycan bu prosesdə qardaş Türkiyə ilə yanaşı hərəkət edərək, Aralıq dənizi hövzəsində də öz iddialarını mərhələli şəkildə reallaşdırır. Bakı ilə Ankaranın sinxron diplomatik səyləri Yaxın Şərqdə sabitlik və barış proseslərinə ciddi töhfə verir.
Beləliklə, Azərbaycan artıq İsrail-Suriya, Türkiyə-Suriya, İsrail-Türkiyə münasibətlərinin tənzimlənməsi fonunda birbaşa iştirakçıya çevrilir. Bakı bu regionda sülh təşəbbüslərinin fəal üzvü kimi çıxış edir və öz milli maraqlarını qətiyyətlə qoruyur.
Musavat.com