AZ

Qum və toz fırtınaları 330 milyon insana mənfi təsir edir

Qum və toz fırtınaları 150 ölkədə 330 milyon insanın sağlamlığına və iqtisadiyyata mənfi təsir göstərir.


Ekologiya.az xəbər verir ki, bu, Ümumdünya Meteorologiya Təşkilatının dünən yaydığı hesabatda qeyd olunub.


Təşkilat bu problemin həlli üçün müşahidə, proqnozlaşdırma və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb.


Hesabatda deyilir ki, 2024-cü ildə havada orta illik toz konsentrasiyası 2023-cü ilə nisbətən bir qədər az olub. Buna baxmayaraq, bu məsələdə bölgələr üzrə ciddi fərqlər müşahidə edilib. Ən çox təsirlənən bölgələrdə 2024-cü ildəki havada toz konsentrasiyası 1981–2010-cu illər ərzində orta rəqəmdən daha yüksək olub. Hər il təqribən iki milyard ton qum və toz atmosferə daxil olur.


Dünya üzrə tozun 80 faizdən çoxu Şimali Afrika və Yaxın Şərqdəki səhralardan yaranır, qitələr və okeanlar üzərindən minlərlə kilometr məsafəyə daşına bilir.

İyulun 12-də qeyd olunacaq Qum və Toz Fırtınaları ilə Mübarizə üzrə Beynəlxalq Gün münasibətilə yayımlanan hesabatda vurğulanır ki, fırtınaların böyük bir hissəsi təbii olsa da, su və torpaq ehtiyatlarının qeyri-effektiv idarə olunması, quraqlıq və ekologiyanın pisləşməsi bu prosesin daha da artmasına səbəb olur. 2024-cü ildə əsas toz mənbəyi olan bölgələrin çoxunda konsentrasiyalar orta göstəricidən aşağı, tozun daşındığı bölgələrin çoxunda isə yuxarı olub.


Hesabatda göstərilir ki, tozun uzun məsafəyə daşındığı əsas bölgələr bunlardır: Qərbi Afrika ilə Karib hövzəsi arasında yerləşən tropik Şimali Atlantik okeanı bölgəsi, Cənubi Amerika, Aralıq dənizi, Ərəb dənizi, Benqal körfəzi və Çinin şərqi və mərkəzi hissəsi.


Təşkilatın Baş katibi Selest Saulo xəbərdarlıq edib ki, qum və toz fırtınaları milyonlarla insanın sağlamlığına və həyat keyfiyyətinə zərər vurur, hava və quru nəqliyyatında, kənd təsərrüfatı və günəş enerjisi istehsalında milyonlarla dollar itkiyə səbəb olur.


Ümumdünya Meteorologiya Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının yeni göstəricisinə görə, 2018–2022-ci illər arasında dünya əhalisinin təxminən yarısı – 3.8 milyard insan – ÜST tərəfindən müəyyən olunan təhlükəsizlik həddini aşan toz konsentrasiyalarına məruz qalıb. Bu, 2003–2007-ci illərlə müqayisədə 31 faiz artım deməkdir (o dövrdə bu rəqəm 2.9 milyard insan və ya 44.5 faiz idi). Hesabatda qeyd edilir ki, toza məruz qalma səviyyəsi bölgədən-bölgəyə fərqlənir. Belə ki, bəzi bölgələrdə bu, 5 ildə cəmi bir neçə gün, digərlərində isə bu müddət ərzində 1600 gündən (87 faiz) çox olub.


Hesabatda ABŞ-da aparılmış bir araşdırmaya istinadla bildirilib ki, yalnız Birləşmiş Ştatlarda 2017-ci ildə toz və külək səbəbi ilə yaranmış eroziya nəticəsində zərərin dəyəri 154 milyard dollar olub ki, bu da 1995-ci ildəkindən dörd dəfə çoxdur. Bu rəqəmə ailə təsərrüfatlarının zərərləri, məhsul itkisi, külək və günəş enerjisi istehsalındakı itkilər, tozların səbəb olduğu ölüm halları və səhiyyə xərcləri daxildir. Lakin hesabatda bildirilir ki, bu rəqəm real xərclərdən çox ola bilər, çünki tozun digər iqtisadi təsirləri – məsələn, insan xəstəlikləri, su dövranı, aviasiya və otlaq sahələrinin təsərrüfatı üzrə etibarlı qiymətləndirmələr mövcud deyil.

Seçilən
27
2
ekologiya.az

3Mənbələr