AZ

Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır


Gəlin iki ölkə arasındakı əlaqələrin tarixinə qısaca nəzər yetirək. Azərbaycan və Suriya arasında tarixi və mədəni əlaqələr baxımından dərin və qarşılıqlı təsirə əsaslanan bağlılıq mövcuddur. Bu əlaqələrin əsası, İpək Yolu əsrində qurulmuş, Azərbaycanın müstəqillik qazandığı illərdən həm əvvəlki, həm də sonrakı dövrlərdə davam etmişdir. Təsadüfi deyildir ki, Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin qəbri Suriyanın şimal-qərbində yerləşən qədim Hələb şəhərində yerləşir.

Tarixən Azərbaycan və Suriya xalqları bir-biri ilə qonşuluqda yaşayıb və müəyyən müddətlərdə vahid geosiyasi məkanın aparıcı aktorları olublar. Bəşər Əsəd dövründə Suriyanın Türkiyə ilə münasibətlərinin soyuqluğu fonunda rəsmi Dəməşq heç bir məntiqi əsası olmayaraq Azərbaycanla münasibətləri korlayıb, bunun əvəzində isə Ermənistana siyasi dəstək verib. Bu gün istə vəziyyət başqadır. Azərbaycan və Suriyanın yeni hökuməti arasında son bir neçə ayda münasibətlərin yeni səhifəsi başlayıb. Uzun fasilədən sonra Dəməşqdə Azərbaycan Respublikasının səfirliyinin fəaliyyətinin bərpa olunmasının ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı hesab edilməlidir.
Azərbaycan Suriyada sabitliyin və dayanıqlı sülhün bərqərar olunmasını dəstəkləyib, bu xüsusda Suriyanın bərpası prosesində Azərbaycanın iştirak etməyə hazır olduğu və humanitar yardımın davam etdiriləcəyi daima diqqətə çatdırılıb.

Ötən ilin dekabrın 30-da Azərbaycan Suriyaya ilk humanitar yardım karvanını göndərib. Yardım karvanına təxminən iki yüz ton ərzaq və ləvazimat yüklənmiş on maşın daxil idi. Bu humanitar yardım Prezident İlham Əliyevin tapşırığına əsasən, Suriyada humanitar böhrandan zərər çəkmiş əhaliyə dəstək məqsədilə göndərilib.

Fevralın 28-də Azərbaycandan Suriyaya humanitar yardımın ikinci hissəsi göndərilib. Azərbaycanın Suriyada humanitar problemlərin həllinə göstərdiyi dəstəyin digər nümunəsi Ramazan ayında baş tutub. Martın 28-də Azərbaycanın Suriyadakı səfirliyi paytaxt Dəməşqdə min kimsəsiz uşaq üçün iftar süfrəsi təşkil edib. Bütün bu sadaladıqlarımız iki ölkə arasında yeni dövrün başlandığına gözəl nümunədir.

Suriya Prezidenti Əhməd əl-Şaraanın Azərbaycana bu günkü səfəri iki ölkə arasındakı əlaqələri artırmaqla yanaşı, iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin möhkəmlənməs baxımından mühüm töhfə olacaq.

Mətləb Salahov

Seçilən
22
40
baki-xeber.com

10Mənbələr