AZ

ABŞ və Britaniya aeroportlarında yoxlama zamanı bəzi məhdudiyyətlər aradan qaldırılıb

Bakı, 11 iyul, AZƏRTAC

ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) hava limanında təhlükəsizlik yoxlaması zamanı ayaqqabıların çıxarılması tələbini ləğv edib. Bu tələb təxminən iki onillik ərzində mövcud olub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyanın iki hava limanı – Birminhem və Edinburq hava gəmilərində mayelərin daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün ilk icazəni alıb. Sərnişinlərə təyyarədə iki litrə qədər maye olan qabları təyyarəyə aparmağa icazə verilir.

Məhdudiyyətlərin yumşaldılması çox vaxt sərnişin axınına maneəyə çevrilən yoxlama prosedurunu sürətləndirmək və bununla da hava limanlarının kommersiya fəaliyyətinə potensial olaraq müsbət təsir göstərə biləcək aeroportların səmərəliliyini artırmaq məqsədi daşıyır.

Sərnişinlərin ayaqqabılarının skan edilməsi tələbi 2006-cı ilin avqustunda tətbiq edilib; TSA bunu ayaqqabıda partlayıcı maddələrin daşınması “təhdidinin sübutu” ilə izah edib.

“Texnologiyada irəliləyişlər və aviasiya təhlükəsizliyinə səmərəli yanaşma sayəsində biz əminik ki, təhlükəsizliyin ən yüksək standartlarını qoruyaraq bu dəyişiklikləri edə bilərik”, – deyə TSA-nın daxili təhlükəsizlik direktoru Kristi Noem bildirib. Yeni siyasət indi bütün ABŞ hava limanlarında qüvvədədir.

Böyük Britaniyada Birminhem və Edinburq hava limanları hökumətin onlara rentgen baqajını skan edən avadanlığı quraşdırması şərti ilə maye daşınması məhdudiyyətlərindən imtina etmək üçün yaşıl işıq yandırdığını elan edib. Edinburq aeroportundan bildirilib ki, “iki litrə qədər qablarda olan mayelər əl baqajında aparıla bilər”.

Böyük Britaniya Nəqliyyat Departamenti tibb sahəsində istifadə olunan cihazlara bənzər CT skanerlərini quraşdıran hava limanlarının maye məhdudiyyətlərindən imtina edə biləcəyini bəyan edib. İndiyədək yalnız iki hava limanı müvafiq icazə alıb.

2006-cı ilin avqustunda Böyük Britaniya hökuməti ABŞ və Böyük Britaniya arasında transatlantik uçuş həyata keçirən təyyarəni partlatmaq üçün maye partlayıcıdan istifadə etməklə planlaşdırılan terror aktının qarşısını aldığını elan etmişdi. Bunun ardından hər iki ölkədə nəqliyyat təhlükəsizliyi tədbirləri artırılmışdı.

Seçilən
86
25
azertag.az

10Mənbələr