AZ

Ya Öcalan PKK ilə oynayır, ya da PKK Öcalanı oynadır - 11-də hər şey açılacaq...


Əli Mustafa: “PKK ilə uzun illərdir mübarizə aparıldığı üçün prosesin sonlanması asan olmayacaq”

Keçmiş PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalan videomüraciət edib. O, videomüraciətində bu il fevralın 27-də etdiyi çağırışa sadiq olduğunu bildirib: “PKK dövlət qurmaq məqsədindən və əsas müharibə strategiyasından əl çəkərək mövcudluğunu bitirib”.

Qruplaşma başçısı DEM Partiyanın Türkiyə Böyük Millət Məclisindəki digər partiyalarla birlikdə tərksilah prosesinin uğurla keçməsi üçün üzərinə düşəni edəcəyini də vurğulayıb: “Mən silahların deyil, siyasətin və sosial sülhün gücünə inanıram. Mən sizi bu prinsipi həyata keçirməyə çağırıram. Gəlin, mənim çağırışıma, qurultay qərarlarına, eləcə də səsləndirdiyim fikir və təkliflərə uyğun olaraq qarşıdakı dövrə başlayaq, uğura söykənərək irəliləyişə nail olaq”.

Belə qənaətə gəlmək mümkündür ki, Öcalan PKK-nın strukturları üzərində nəzarəti, təsiri əhəmiyyətli dərəcədə itirib. Artıq neçə aydır onun müraciətinə elə də ciddi yanaşılmır. O baxımdan, Öcalanın PKK üzərində nüfuzunu, təsirini itirməsi ehtimalları nə dərəcədə doğru ola bilər? Çünki onun fevral müraciətindən sonra bunun praktiki nəticəsi olmadı. Yaxud da ola bilərmi ki, ikibaşlı oyun gedir? Bu tərəfdən Öcalan müraciət edir, o tərəfdən bəlkə silahlı qrupa sətiraltı başqa mesajlar verir?

“İstisna deyil ki, terrorçu qrupun qurucu lider kadrosu müxtəlif ölkələrin kəşfiyyatı ilə işləyir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Əli Mustafa buna bir neçə aspektdən yanaşdı: “PKK ilə uzun illərdir mübarizə aparıldığı üçün prosesin sonlanması asan olmayacaq. Çünki PKK terror təşkilatı 30 ildən artıq Türkiyəyə qarşı silahlı fəaliyyət göstərib. Bu müddət ərzində Öcalanın hardasa 26 ilə yaxındır həbsdə olduğunu nəzərə alsaq, PKK-nın bır sıra beynəlxalq oyunçular tərəfindən istifadə edildiyini də nəzərdən qaçırmaq olmaz. Belə olan halda, əlbəttə deyə bilərik ki, PKK ilə bağlı durum heç də sadə deyil. Xeyli dərəcədə mümkündür ki, PKK Öcalanın nəzarətindən çıxıb. Düzdür, tam nəzarətdən çıxmaqdan söhbət gedə bilməz. Öcalanın orada müəyyən avtoriteti var. Ancaq istisna deyil ki, terrorçu qrupun qurucu lider kadrosu müxtəlif ölkələrin kəşfiyyatı ilə işləyir. Ona görə də vahid mövqedən çıxış edib Öcalanın çağırışlarına əməl etmirlər. Ancaq hesab edirəm ki, PKK-nın başqa yolu yoxdur. Hər halda, əvvəl-axır bu təşkilatı quran adam olaraq Öcalan bu savaşın bitməsini istəyir. Üstəlik, DEM Partiyasının da bu məsələdə onunla eyni mövqedə olması PKK-nın sözə baxmayan qrup rəhbərləri üçün də asan olmayan bir vəziyyət yaradır. Ancaq hesab edirəm ki, onların müqaviməti proseslərin gedişinə ciddi təsir edə bilməyəcək. Hər halda inam var ki, sonuncu çağırışın effekti olacaq. Ancaq bütün bunlar o demək deyil ki, çözüm prosesi rəvan və asan gedəcək. Müəyyən müqavimət göstərənlər olacaq. Lakin bu, prosesi dayandıra bilməyəcək”.

Vidadi ORDAHALLI

Seçilən
42
42
baki-xeber.com

10Mənbələr