AZ

"Tramp Rusiyaya qarşı sanksiyaları dəstəkləməyə hazırdır, amma şərti var" - "Politico"

"ABŞ lideri özünün "hər kəslə və hər yerdə razılaşmaq bacarığına" inansa da, Putin onu "axmaq vəziyyətinə salıb..."

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan qanun layihəsini imzalamağa hazır olduğunu bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Nəşr qeyd edir ki, bu razılığın yalnız bir şərtlə mümkün olduğunu bildirir: sənəddə ediləcək dəyişikliklər sayəsində ABŞ prezidentinin bu sanksiyaları tətbiq edib-etməməkdə tam səlahiyyət sahibi olması təmin edilməlidir.

"Prezidentə müstəsna səlahiyyətlər verilməlidir"

Senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanmış sanksiya layihəsi hazırda ABŞ Konqresində geniş ikipartiyalı dəstəklə qarşılanıb. Layihənin mövcud variantı prezidentə 180 gün müddətinə Rusiyadan neft və uran idxal edən ölkələr üçün 500 faizlik tarifin tətbiqini təxirə salmaq hüququ verir. Qrem bu maddəyə yenidən baxmağa və həmin imtiyazın Konqresin nəzarəti altında bir daha təkrar edilməsinə razı olduğunu bildirib.

Tramp administrasiyası isə daha da irəli gedərək, bu səlahiyyətlərin Konqresin təsdiqi olmadan birbaşa prezidentin mülahizəsinə verilməsini istəyir. Ağ Ev rəsmiləri hesab edir ki, Konqresin xarici siyasət qərarlarına bu qədər müdaxiləsi Trampın diplomatik manevr imkanlarını məhdudlaşdırır və bu, qəbuledilməzdir. Onlar qanunun prezidentə tam diskresiya, yəni istədiyi vaxt istədiyi qərarı vermək səlahiyyəti verməsini tələb edir.

Putinə qarşı məyusluq Trampın mövqeyini dəyişib

Mənbələrin "Politico"ya bildirdiyinə görə, Trampın sanksiyalara dəstək verməyə hazır olması onun Rusiya prezidenti Vladimir Putinə artan məyusluğunun nəticəsidir. Respublikaçı məsləhətçilərdən biri bildirib ki, Tramp özünün "hər kəslə və hər yerdə razılaşmaq bacarığına" inansa da, Putin onu "axmaq vəziyyətinə salıb". Trampın özü də son günlərdə açıq şəkildə bildirib ki, "Putin ona çox pislik edir" və o, sanksiya layihəsinə "çox ciddi yanaşır". Bununla belə, əlavə edib ki, sanksiyaların qəbulu yalnız onun şəxsi iradəsindən asılı olacaq.

Konqresdən ehtiyatlı dəstək var

Hazırda respublikaçıların nəzarətində olan Konqres Trampın xarici siyasətdə sərbəst hərəkət etməsini təmin etməyə meyllidir. Ötən həftə qanunvericilər Trampın "böyük və gözəl qanun layihəsi" adlandırdığı vergi paketini qəbul edib və onun ticarət, immiqrasiya və hərbi sahələrdəki təşəbbüslərini dəstəkləyiblər.

Bu səbəbdən Ağ Ev gözləyir ki, qanunvericilər sanksiya layihəsini, hətta bu, Konqresin bəzi icra funksiyalarından imtina etməsi bahasına başa gəlsə belə, Trampın tələblərinə uyğun şəkildə tərtib edəcəklər.

Bununla yanaşı, bəzi senatorlar, xüsusən "Amerika hər şeydən öncə" fraksiyasının üzvləri ehtiyatlıdır. Onlar Trampın sanksiyalar layihəsinə şəxsən və açıq şəkildə dəstək verdiyini eşitmək istəyirlər. Məsələn, senator Coş Houl bildirir ki, Trampın mövqeyini birbaşa ondan öyrənmək niyyətindədir.

Çeviklik danışıqlar üçün vacibdir

Ağ Ev rəsmiləri vurğulayır ki, bu səlahiyyətlərə israr etməklə Tramp yalnız Konqresin təsir imkanlarını azaltmağa çalışmır, həm də Putinlə danışıqlarda özünə manevr imkanları saxlamaq istəyir. Onların fikrincə, sərt sanksiyalar zərurət olsa da, mütləq elastikliklə birgə qəbul edilməlidir ki, mümkün diplomatik irəliləyiş üçün qapılar açıq qalsın. Senator Qrem də bildirib ki, Tramp layihəni "faydalı" sayır və onun məqsədi prezidentə daha çox təsir vasitəsi verməkdir: "O, müstəsna səlahiyyətlər istəyir və onları alacaq".

Sənəd iyulun sonunda təqdim oluna bilər

Sanksiyalar layihəsinin Senatda müzakirəsi iyulun 21-dən başlayan həftəyə planlaşdırılıb. Hər iki partiyadan 80-dən çox senator sənədi imzalayıb, bu da Trampın mümkün vetosunu aşmaq üçün kifayət edərdi. Amma siyasi reallıq belədir ki, bir çox respublikaçılar sənədi yalnız Trampın şəxsən verdiyi dəstəkdən sonra irəli aparmaq niyyətindədir. Bu, Trampın xarici siyasətdə təkbaşına qərar vermək istəyi ilə Konqresin nəzarət funksiyası arasında tarazlıq axtarışının təzahürüdür. Və görünür ki, son qərar yenə də yalnız bir adamın - Donald Trampın iradəsindən asılı olacaq.

Seçilən
29
24
moderator.az

10Mənbələr