Əmək bazarında tez-tez rast gəlinən hallardan biri də qeyri-real maaş vəd edən iş elanlarıdır. Xüsusilə, son zamanlar bəzi iş yerlərində aylıq əmək haqqı 300-350 manat, bəzən isə daha da aşağı göstərilsə də, iş saatları qanunla müəyyən edilmiş tam iş gününü – yəni səhər saat 9-dan axşam saat 6-ya qədər olan dövrü əhatə edir. Halbuki, ölkə qanunvericiliyinə əsasən, minimum əmək haqqı 400 manat səviyyəsində müəyyən olunub. Bu cür hallarla qarşılaşdıqda nə etməli, kimə və necə müraciət olunmalıdır?
News24.az xəbər verir ki, valyuta.az-ın sorğusuna cavab olaraq, Dövlət Əmək Müffəttişliyi Xidmətindən bildirildi ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib: "Aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı da 2025-ci il yanvarın 1-dən həmin məbləğdən az ola bilməz. Qeyd edilən işçilərə 400 manatdan az əməkhaqqı verilməsi qanun pozuntusu hesab olunur".
Qanunla təyin olunmuş əməkhaqqı almaq işçinin hüququdur
Deyilir ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsinə əsasən ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağandır: "Həmin Məcəllənin 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq işçinin əsas hüquqlarından biridir. Bu tələblərin pozulması İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir".
Sistemli tədbirlər görülür, maarifləndirmə işləri aparılır
Onların sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bir sıra sistemli tədbirlər həyata keçirilir: "Görülmüş preventiv tədbirlər çərçivəsində 2025-ci il yanvarın 1-dən etibarən “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələrinə 400 manatdan aşağı əməkhaqqı məbləğinin daxil edilməsinə məhdudiyyət tətbiq edilib. Həmçinin maarifləndirmə tədbirləri çərçivəsində müvafiq Sərəncamdan dərhal sonra ƏMAS üzərindən işəgötürənlərin və işçilərin elektron kabinetlərinə minimum aylıq əmək haqqının artımı ilə bağlı xəbərdarlıq göndərilib. Habelə maarifləndirmə işləri mobil operator nömrələrinə SMS xəbərdarlıqların göndərilməsi, zənglərin edilməsi, müxtəlif media orqanlarına mütəmadi müsahibələrin verilməsi və sosial şəbəkələrdə paylaşımların edilməsi ilə davam etdirilir".
Vətəndaşlar şikayət etməlidir
Qeyd edildi ki, əmək münasibətləri və əməkhaqqı göstəriciləri ƏMAS vasitəsilə real vaxt rejimində monitorinq olunur, vətəndaşların şikayətləri əsasında araşdırmalar aparılır, pozuntu halları müəyyən edildikdə inzibati məsuliyyət tədbirləri tətbiq olunur: "İşəgötürənlərə rəsmi göstərişlər və metodiki dəstək verilir".
Valyuta.az-a danışan İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov bildirdi ki, bu hallarla qarşılaşmamaq üçün əvvəlcədən iş axtaranın özü də bəzi addımları bilməli və atmalıdır: “İş axtaranlara əsas tövsiyəmiz odur ki, əmək müqaviləsini imzalamazdan əvvəl diqqətlə oxusunlar. Çünki əmək müqaviləsində əmək haqqı və iş saatları açıq şəkildə göstərilir. Əgər tam iş rejimi nəzərdə tutulubsa, əmək haqqı heç bir halda 400 manatdan aşağı ola bilməz. Bu halda aşağı məbləğ göstərilməsi qanun pozuntusudur və cəriməyə səbəb ola bilər. İşçi ilk öncə işəgötürəni ilə məsələni aydınlaşdırmalı əgər həll yolu tapa bilməzsə, işçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli əmək müfəttişliyi orqanlarına müraciət etməlidir”.
Təyin olunmuş həftəlik iş vaxtı 40 saatdır, əks halda...
A.Həsənovun sözlərinə görə, həftəlik iş vaxtı 40 saat nəzərdə tutulub: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsində həftəlik normal iş vaxtının müddəti 40 saat müəyyən olunub, bu tam iş vaxtı deməkdir. 90-cı maddədə isə qeyd edilib ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtını 5 və ya 6 günlük rejimdə təyin edə bilər və hər iki halda da 40 saat norma gözlənməlidir. Bundan əlavə, 155-ci maddəyə görə, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz və eləcə də iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Natamam iş vaxtında işləmiş işçi tam əmək haqqı almaya bilər. Çünki burada minimal əmək haqqı 40 saat işləmiş işçilərə şamil edilir".
İş elanları işçiyə əvvəlcədən bəzi siqnallar verir
Mütəxəssis qeyd edir ki, mənşəyi bilinməyən, qeyri-rəsmi iş elanlarına müraciət etməyin: “Bir şirkət var, işçi axtarır”, “xarici şirkətdə vakansiya”, “transmilli holdinqdə iş var”, “müəllimlərə və hərbiçilərə xüsusi təklif” kimi qeyri-müəyyən elanlara aldanmayın. Ciddi və rəsmi bir iş elanında mütləq şirkətin adı, ünvanı, fəaliyyət sahəsi göstərilməlidir. Əgər elan fərdi sahibkar tərəfindən verilibsə, VÖEN qeyd olunmalıdır. Elanlarda vəzifə adı, öhdəliklər, əmək haqqı, iş saatı və tələb olunan bilik-bacarıqlar açıq şəkildə yazılmalıdır. Müsahibəyə çağırıldıqda isə ilk olaraq şirkətin adını və görüş yerini bilin. Müsahibələr yalnız şirkətin ofisində və ya rəsmi filialında keçirilməlidir. Kafe, restoran və ya ictimai yerlərdə keçirilən görüşlərdə aldanma halları çox olur. Unutmayın, rəsmi və məsuliyyətli şirkətlər işçinin hüququnu qoruyur, çünki bu onlar üçün əhəmiyyətlidir. İş axtarma prosesində tələskən qərarlar verməyin. Diqqətli olun, hüquqlarınızı bilin və özünüzü riskə atmayın”.