BAKI, 10 iyul. TELEQRAF
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan regional nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesində beynəlxalq təşkilatların iştirakı ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Azadlıq Radiosu"nun erməni xidmətinə açıqlama verib.
XİN rəsmisi bildirib ki, Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçiriləcəksə, bu cür yanaşma nəzərdən keçirilə bilər.
Onun sözlərinə görə, nəzarət anlayışı bu kontekstdə düzgün ifadə deyil: “Bir daha vurğulayıram, proses yalnız Ermənistanın suveren hüquqları əsasında və qarşılıqlı razılaşma çərçivəsində həyata keçirilməlidir. Əgər bu prinsiplər təmin olunarsa, o halda beynəlxalq tərəflərin iştirakı mümkün ola bilər”.
Nazir müavini onu da bildirib ki, bu məsələ hazırda müzakirə mərhələsindədir və bütün tərəflərin razılığı olduğu təqdirdə, üçüncü tərəf yəni, beynəlxalq şirkət,bu prosesi texniki baxımdan təşkil edə bilər.