AZ

Həm təbiəti, həm də tarixi ilə diqqətçəkən məkan Qax rayonu

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qax, 10 iyul, AZƏRTAC

Qax ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlara malik rayonlardandır. Buranın mülayim və saf dağ iqlimi, zəngin mineral şəfa bulaqları, əsrarəngiz təbiəti var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qədim tarixə və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır. Bu mənada səliqə-sahmanı, yaşıllığı və tarixi-memarlıq üslubu ilə seçilən Qax şəhəri və Böyük Qafqaz sıra dağlarına sığınan qədim İlisu kəndi yerli və xarici turistlərin daim diqqətini cəlb edir.

Böyük Qafqazın cənub yamacında yerləşən bu qədim şəhərin hər küçə, döngə və dalanı fərqli bir mənzərəyə açılır. Yerli memarlıq üslubunda həyata keçirilən işlər isə görənlərin marağına səbəb olur.

Qax şəhərinin qədim tarixi məhəlləsində yaradılan “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi rayona gələn qonaqlar üçün əsl istirahət məkanına çevrilib. XVI əsr memarlıq abidəsi olan Qala qapıları və divarları şəhərin mərkəzində yerləşir. Buradan vaxtilə karvanlar keçib, həmçinin qədim ticarət mərkəzi olub. Əslində, qaxlılar buranı İçəribazar adlandırırlar.

Kompleksin ərazisində mükəmməl layihə əsasında açıq səma altında 300 yerlik teatr yaradılıb, sənətkarlar üçün 10 emalatxana, o cümlədən tətbiqi sənət, ağacoyma, toxuculuq, Şərq şirniyyatı, təndirxana inşa olunub. Burada fəaliyyət göstərən tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri, ağac üzərində oyma, daş üzərində təsvirlər, toxuculuq məmulatları, suvenir xalçalar nümayiş etdirilir.

Görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib. Hazırda “İçəribazar” şəhər sakinlərinin, eləcə də rayona gələn yerli və xarici turistlərin ən çox üz tutduqları istirahət məkanlarından birinə çevrilib.

Qaxa gələn yerli və xarici turistlərin ilk üz tutduğu məkanlardan biri də qədim İlisu kəndidir. Bu kənd özünün flora və faunası ilə yanaşı, tarixi-memarlıq abidələri ilә də zәngindir. Tarixi irsi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək məqsədilə artıq 20-dən çoxdur ki, “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu fəaliyyət göstərir.

İlisuda bu günümüzə qədər gəlib çıxmış Sumuq qala, Ulu körpü, Ulu məscid, Qalaça, Qala kompleksi, Cinli qala vә epiqrafik abidələr bu qədim kəndin qəhrəmanlıq tarixinin şanlı sәhifәlәrində özünə yer tapıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
azertag.az

1Mənbələr