AZ

Zəfər diplomatiyası

İlham Əliyevin müstəqil xarici siyasəti sayəsində Azərbaycanın müasir tarixinin qürurlu və şərəfli dövrü yazılır

9 iyul Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edildi. Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 106 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda beynəlxalq müstəvidə ölkəmizin maraqlarını qoruyan və təşviq edən diplomatların fəaliyyəti dəyərləndirildi, həmçinin qarşıdakı hədəflər üçün yol xəritəsi müəyyənlşdirildi. Azərbaycanın xarici siyasətinin uğurla təbliği üçün diplomatlar qarşısında ciddi tapşırıqlar qoyuldu.

Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da AXC Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyul ayının 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. Bu gün isə ölkəmizdə 90-a yaxın dövlətin və beynəlxalq təşkilatın nümayəndəliyi, 15-dən çox xarici dövlətin konsulluğu akkreditə olunub. Hazırda Azərbaycanın dünyanın 180-dən çox dövləti ilə diplomatik əlaqələri var.

Ümumiyyətlə, xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, həssas bölgəsində - coğrafi baxımdan qərb və şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Belə ki, ölkəmiz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Bu nailiyyətlər  vaxtilə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir.

Məhz bu siyasət nəticəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artdı. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmizin 2017-2019-cu illər üçün 176 səs lehinə olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi, 2019-cu ildən etibarən isə dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürməsi xarici siyasətin nailiyyətləri kimi tarixə yazıldı.

Həyata keçirdiyi müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qədrətli dövlətinə çevirən Prezident İlham Əliyev hadisələri düzgün analiz etmə, dorğu qərar vermə bacarığı, uğurlu hücum diplomatiyası ilə ölkəmizi həm də dünyada etibarlı tərəfdaş kimi tanıtdı. Müasir dünyamızın acı reallıqları fonunda İlham Əliyev elə də böyük olmayan dövləti - Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun mühüm aktoruna çevirdi. Azərbaycan qısa zaman ərzində Aropanın enerji təhlükəsizliyinin təminatçısı statusuna sahibləndi. 

Çoxvektorlu və ya balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın markasına çevrildi, desək yanılmarıq. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hər kəslə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmiş çoxtərəfli xarici siyasət kursu ilə Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı.

Təkcə son illərdə Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirsək, aydın şəkildə görərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlərlə srtateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır.

Əlbəttə ki, Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrin sayının artmasını, müttəfiqlərinin  coğrafiyasının genişlənməsini şərtləndirən əsas amil isə İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfərimizdir. 

Bu savaşa qədər İlham Əliyev 30 illik erməni işğalını, erməni vandalizmini dünyaya çatdırmaq istiqamətində hücum diplomatiyası həyata keçirdi və bu istiqamətdə xaricdəki bütün diplomatlarımız qarşısında ciddi tapşırıqlar qoydu. Elə bir mötəbər təşkilat olmadı ki, cənab İlham Əliyev o qurumların ali tribunasından Azərbaycan həqiqətlərini dünyaya bəyan etməsin. Əlbəttə ki, bu hücum diplomatiyasının uğurlu nəticəsi də olmalı idi. Azərbaycan liderinin 2003-cü ildən həyata keçirməyə başladığı xarici siyasət kursu və hücum diplomatiyası 17 ildən sonra, 2020-ci ildə böyük qələbə ilə nəticələndi. Azərbaycan haqq savaşını qazandı və 2023-cü ildə suverenliyini, ərazi bütövlüyünü tam təmin etdi.     

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı. Dünyanın əksər böyük dövlətləri İlham Əliyevin yaratdığı reallıqları yüksək qiymətləndirdi.

Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə, geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, ümumiyyətlə, dünya miqyasında tanınan qlobal liderliyi etiraf olunan şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud qlobal problemlərin  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü təşəbbüsləri, mühüm təklifləri göstərmək olar. 

Hazırda Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik dövlətdir. Etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulmasına, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. Regionun lider dövləti olan Azərbaycan bu gün dünya miqyasında sözünü deyən ölkələrdən biridir. Dünyanın kosmik ölkələr ailəsinin üzvü olan Azərbaycanın bu gün orbitdə 3 peyki mövcuddur. Dövlətimizin başçısı qlobal transmilli layihələrin müəllifi kimi Azərbaycanı "Şərq-Qərb", "Şimal-Cənub", Orta dəhliz kimi mühüm beynəlxalq nəqliyyat-tranzit layihələrinin fəal iştirakçısına çevirib. Onun müəllifi olduğu transmilli layihələr regionda tamamilə yeni mənzərə yaradıb. Azərbaycan Avropanın enerji xəritəsini yenidən tərtib edib. 

Bütün sahələrdə əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. 

Bir sözlə, yürütdüyü siyasətlə 22 il ərzində 200 illik erməni xülyasına, 30 illik münaqişəyə son qoyub. Azərbaycanın suverenliyini tam təmin edən, ölkəni qloballaşan dünyada təhlükəsizlik adasına çevirən bir siyasəti Zəfər diplomatiyası adlandırmaq olar.  

Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin müdrik dövlət başçısı kimi yüksək diplomatik istedadı və milli maraqlara əsaslanan xarici siyasəti sayəsində Azərbaycanın müasir tarixinin yeni və şərəfli erası yazılır. Lakin Prezidentin də söylədiyi kimi, qazanılan uğurlarla kifayətlənməməli və daha qüdrətli Azərbaycan naminə qarşıya qoyulan vəzifələrin icrası uğurla reallaşdırılmalıdır. 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
47
azerbaijan-news.az

1Mənbələr