AZ

Tramp: ABŞ Braziliya məhsullarına 50 faiz rüsum tətbiq edəcək

BAKI, 10 iyul. TELEQRAF

Amerika Birləşmiş Ştatları (ABŞ) 1 avqustdan etibarən Braziliyadan idxal olunan mallara 50% gömrük rüsumu tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ administrasiyasının rəhbəri Donald Tramp bəyan edib.

O, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində Braziliya Prezidenti Luis İnasiu Lula da Silvaya ünvanlanmış məktubun mətnini paylaşıb.

“Əgər Braziliya cavab rüsumları tətbiq etməyə qərar verərsə, ABŞ Braziliyaya aid tarif dərəcəsini artıracaq. Bu artım Braziliyanın müəyyən edəcəyi həcmə bərabər olacaq”, - Tramp xəbərdarlıq edib.

Ağ Ev rəhbəri həmçinin Braziliya hakimiyyətinin ölkənin sabiq prezidenti Jair Bolsonaruya qarşı hərəkətlərini tənqid edib. Tramp bunu Braziliya hökuməti adına “beynəlxalq rüsvayçılıq” adlandırıb. Onun fikrincə, Bolsonarunu məsuliyyətə cəlb etmək üçün əsas yoxdur. Tramp Braziliya hakimiyyətinin Bolsonaruya qarşı addımlarını “azad seçkilərə qəsd” kimi xarakterizə edib.

Qeyd edək ki, Trampı fəal şəkildə dəstəkləyən Bolsonaru 2023-cü ilin yanvarında Braziliya paytaxtında baş verən iğtişaşlara dəstək verməkdə şübhəli bilinib və ona 2030-cu ilə qədər dövlət vəzifələri tutmaq qadağan edilib.

Seçilən
37
teleqraf.com

1Mənbələr