AZ

"Trampın Ukrayna ilə bağlı mövqeyində kəskin dəyişiklik nə deməkdir?" - "The Economist"

"Bu, strateji dönüş deyil, yalnız nüfuzu qorumaq cəhdidir..."

Ağ Ev rəhbərinin Ukraynaya silah verilməsi ilə bağlı qərarı, əslində, onun Kiyevə ardıcıl dəstək kursuna keçdiyini göstərmir. Bu, daha çox öz nüfuzunu xilas etməyə yönəlmiş müvəqqəti addımdır.

Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Trampın Ukraynaya silah tədarükünü bərpa etməsi onun Ukraynanı ardıcıl və prinsipial şəkildə dəstəkləməyə başladığını göstərmir. Bu qərar əslində Ukraynanın tam məğlubiyyətinin qarşısını almağa yönəlmiş bir güzəştdir. Əks halda, bu cür məğlubiyyət Trampın özü üçün nüfuz baxımından fəlakət ola bilər.

Şok qərar və qəfil geri dönüş

İyulun əvvəlində ABŞ Ukraynaya silah tədarükünü dayandırıb və bu qərar həm Ukrayna, həm də Avropadakı müttəfiqləri şoka salıb. Amma artıq iyulun 7-də Tramp qəfil qərarını dəyişib və bildirib ki, "Ukrayna özünü müdafiə etməlidir". Bir neçə saat sonra Pentaqon da "əlavə müdafiə silahı" göndəriləcəyini açıqlayıb.

Pentaqon bu tədarükün dayandırılmasını guya anbar ehtiyatlarının yenidən gözdən keçirilməsi ilə əsaslandırsa da, "The Economist" bunu "əsasən dezinformasiya" adlandırır. Məqalədə qeyd olunur ki, "bəli, hava hücumundan müdafiə sistemlərində çatışmazlıq var, lakin Ukraynaya silahlar ABŞ ordusunun anbarlarından yox, istehsalçı şirkətlərin xəttindən gəlir. İsrail belə, İranla müharibə zamanı da fasiləsiz silah alıb".

Pentaqonun alçaldılması və tərəddüd içində olan administrasiya

Jurnal yazır ki, Tramp Pentaqonun qərarını ləğv etməklə onu açıq şəkildə alçaldıb. Bu da onu göstərir ki, "hətta onun ən yaxın çevrəsi belə Trampın qəfil dəyişikliklərini öncədən görə bilmir". Bununla belə, bu addım məntiqli hesab edilir. Çünki Rusiya son dövrlərdə işğalın əvvəlindən bəri ən intensiv hücumlarını həyata keçirir və ABŞ-ın dəstəyinin dayandırılması Moskvanın cəzasız şəkildə hərəkət etməsinə yaşıl işıq yandırmış olardı.

Tramp hələ də Ukraynanın tərəfdarı deyil

"The Economist" xəbərdarlıq edir ki, bu hərəkət Trampın birdən Ukrayna tərəfdarı olduğunu göstərmir. Əksinə, bu sadəcə Bayden dövründə başlamış yardımın tədricən azalmasının fonunda əvvəlki vəziyyətə qayıdışdır. Trampın özü indiyədək Ukraynaya davamlı dəstək göstərəcəyinə dair heç bir bəyanat verməyib.

"Ötən il Konqresin təsdiqlədiyi on milyardlarla dollar hələ də tam ayrılmayıb. Yeni vəsaitlər də nəzərdə tutulmayıb. Trampın imzaladığı "böyük və gözəl" büdcə paketində Ukrayna üçün pul yoxdur. Hətta Pentaqonun əsas büdcəsində olan az miqdarda vəsait də 2026-cı il üçün layihədə daha da azaldılıb", - məlumatda qeyd olunur.

Tramp Putinin ondan istifadə etdiyini anlayır

Tramp, nəhayət, Rusiya lideri Vladimir Putinin onu sadəcə alət kimi istifadə etdiyini başa düşür. O, Ukraynanın qalib gəlməsi üçün əlavə vəsait xərcləmək istəmir, amma eyni zamanda öz prezidentliyi dövründə Ukraynanın məğlubiyyətini də istəmir. Çünki belə bir nəticə ABŞ üçün geosiyasi fəlakət ola bilər və bu, 2021-ci ildə Əfqanıstandakı fiaskodan da daha pis görünə bilər.

Yeni silah və mümkün "Patriot" sistemi

Tramp son çıxışında Putini tənqid edib və Ukraynaya daha çox silah göndəriləcəyini bildirib: "Biz daha çox silah göndərəcəyik. Biz məcburuq. Onlar özlərini qorumalıdır. Hazırda çox şiddətli atəş altındadır".

Pentaqon da bu qərarı təsdiqləyərək bildirib: "Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndərir ki, ukraynalılar özlərini qoruya bilsin. Bu, eyni zamanda dayanıqlı sülh və qırğınların qarşısını almaq üçün səylərimizin bir hissəsidir".

Bundan əlavə, Tramp Ukraynaya daha bir "Patriot" zenit-raket kompleksinin verilməsini də nəzərdən keçirir. "The Wall Street Journal" nəşri yazır ki, bu sistem Ukraynaya Tramp administrasiyası tərəfindən veriləcək, özü də Bayden dövründəki razılaşmalardan tamamilə asılı olmayaraq, ilk böyük silah kompleksi ola bilər.

Seçilən
40
50
moderator.az

10Mənbələr