AZ

Müttəfiqlik diplomatiyası, səmmi münasibət, yenilməz iradə! - TƏHLİL

Ortaq mənəvi dəyərlər, iqtisadi əməkdaşlıq əsasında inkişaf edən  Azərbaycan –Özbəkistan qardaşlığı Qlobal Cənubda  siyasi sabitliyin də  etibarlı qarantıdır

Azərbaycanın siyasi, iqtisadi, diplomatik  tərəfdaşları arasında milli-mənəvi dəyərləri oxşar olan Özbəkistanla münasibətləri qarşılıqlı anlaşma şəraitində  davam edir. İki  ölkə arasındakı  ikitərəfli,  beynəlxalq təşkilatlar çərçivəsində , müxtəlif platformalarda çoxtərəfli münasibətlər qarşılıqlı etimad əsasında möhkəmlənir. Türk Dövlətləri Təşkilatının üvü olan  Azərbaycanla Özbəkistanı qırılmaz tellərlə birləşdirən tarixi əlaqələr  dövlət səviyyəsində olduğu kimi, xalqlarımız arasında da    humanizm prinispləri əsasında möhkəmlənir. Türk dünyasının  siyasi, iqtisadi cəhətdən inkişaf  etmiş ölkələri  olan hər iki dövlət arasında  formalaşdırılan  komissiyalar arasında genişlənən əlaqələr sayəsində iqtisadi-ticarət, investisiya tərəfdaşlığı genişlənir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması iki ölkənin   sərmayə  əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verir.

 İyulun 2-də  Özbəkistan  Prezidenti Şavkat Mirzizoyevin  Azərbaycana  dövlət səfəri qardaşlığın, qarşılıqlı əməkdaşlığın  daha bir səhifəsidir.  Özbəkistan Prezidenti ilə  dövlət başçımız İlham Əliyev  arasında keçirilən  görüşlər, mətbuata birgə  bəyanatlar, yeni layihələrlə bağlı aparılan müzakirələr qarşılıqlı  etimadın  reallığıdır.

 İyulun 2-də prezidentlər İlham Əliyevin və  Şavkat Mirziyoyevin mətbuata bəyanatlarında qeyd olunduğu kimi,   Daşkənddə Müttəfiqlik münasibətləri haqqında imzalanan Müqavilə, birgə həyata keçirilən layihələr  qardaş ölkələrin iqtisadi inkişafına  yönəldilmiş səylərin nəticəsidir. «Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq» sözləri ilə əməkdaşlığın  inkişaf istiqamətlərini  göstərən Prezident İlham Əliyev bütün sahələri əhatə edən  əlaqələrin  perspektivlərini də  açıqlayıb.

Vurğulandığı kimi,  Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş infrastrukturun yaradılması nəqliyyat-logistika sahəsini  əhatə edən  önəmli layihələrdəndir.  Komissiyalar arasında  aparalan danışıqlarda  çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə beynəlxalq əhəmiyyətli  dialoqlar dünyada baş verən hadisələr, regional əhəmiyyət baxımından təhlil edilir.  Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə birgə əməkdaşlıq,  kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələr inkişaf etdirilir.  Səfər çərçivəsində kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaraadılması ilə bağlı  layihələrin aktuallaşdırılması ölkələrarası iqtisadi əməkdaşlıq üçün əlavə stimul yaradır.   Özbəkistanın qardaşlıq töhfəsi olan Ermənistanın işğalından azad edilən Füzulidə inşa olunan  orta məktəbdən sonra  ikinci mühüm layihə kimi Xankəndi şəhərindəki tikiş fabrikinin istifadəyə verilməsi qarşılıqlı münasibətlərin, dost yardımının ifadəsidir. «Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk» söyləyən  Prezident İlham  Əliyev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dostluğun tarixi məqamlarını da xatırladıb.  Prezident İlham Əliyevin Özbəkistanın  Azərbaycandakı səfirliyinin  yeni binasının açılışında söylədiyi « Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada, amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb, düzünü deyim ki, bu yer üçün çoxlu «ovçular»” olub. Mənə dəfələrlə dedilər ki, görürsən, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib» sözləri, «Özbəkistan»” parkının təməlinin qoyulması qardaşlıq münasibətlərimizin təzahürüdür.

 Ölkəmizə növbəti  səfərini tarixi və əlamətdar hadisə adlandıran  Özbəkistan Prezidenti  Şavkat Mirziyoyev görüşlərdə , danışıqlarda  beynəlxalq, regional, ikitərəfli, həssas məsələlərin müzakirəsini əməkdaşlığın qarşıdakı illər üçün  proqram adlandıraraq bildirdi ki,  ciddi məsələlər üzrə fikirlərimizin üst-üstə düşməsi, mövqelərimizin eyniliyi, energetika, nəqliyyat kommunikasiyaları, dağ-mədən sənayesi ilə bağlı  müzakirələr, fikir mübadiləsi hədəflərin yaxınlığını göstərir. Gələcək üçün çox böyük iddialı  proqramların birgə həllinin  yollarının  müttəfiqlikdən  qaynaqlandığı bəlli olur.
« Biz birlikdə irəliləyirik!» sözləri ilə bu yolda  heç bir maneənin olmayacağını əminiliklə ifadə edən Özbəkistan Prezidenti səfər çərçivəsində imzalanan sənədlərin reallaşması ilə daha böyük uğurlara nail olunacağını əminliklə  bildirdi.

Dövlət başçılarının  iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasında söylənilənlər   bu əminliyin qarantı kim daha böyük ümidlərin gerçəkləşəcəyini təsdiqlədi.  Səfər iki ölkə arasında  qardaşlıq münasibətlərinin  yeni səhifəsi adlandırıldı.  Oxşar tarixə,  mədəniyyətə,  ortaq dilə və etnik yaxınlığa malik hər iki ölkənin uğurlarında  Dövlətlərarası Şuranın fəaliyyəti yüksək dəyərləndirildi, müttəfiqlik diplomatiyasının, yaxın qonşuluq münasibətlərinini davamlı olacağı  əminliklə vurğulandı.

 Ötən ilin noyabrında  ölkəmizdə   keçirilən  COP29 çərçivəsində regional və transregional səviyyəli, beynəlxalq əhəmiyyətli uğurlardan olan Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı Sazişin imzalanmasından sonra reallaşan bu  görüşlərdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, həlli vacib məsələlərin həlli ilə iki qardaş ölkə arasındakı münasibətlər daha da  genişlənəcək.  Ortaq dəyərlər, qarşılıqlı hörmət və  özünü  tarixi uğurları ilə təsdiqləyən siyasi iradə sayəsində möhkəmlənən müttəfiqlik   gələcəkdə də bütün sahələri əhatə edəcək. Bu münasibətlər  hər iki xalqın rifahına, regionda sülhə, sabitliyə və inkişaf proseslərinə xidmət edəcək”.

Xuraman İsmayılqı, "İki sahil"

Seçilən
14
9
ikisahil.az

10Mənbələr