Son zamanlar şəhərimizin parklarında, futbol meydançalarında qazondan istifadə edilir. Bəzən təbii qazona baxımın əziyyətli olduğunu düşünənlər süni qazona üstünlük verirlər. Əslində isə burada bilməli olduğumuz xeyli nüans var.
ARAYIŞ: Qazon - dənli bitkinin-ot toxumunun səpildiyi və səthində sıx yaşıl örtüyün əmələ gəldiyi torpaq sahəsidir. Dənli bitkilər ionlaşdırmaq və fitonsid xüsusiyyətinə malikdir. Gözoxşayan çəmənlikdə güllərin, dekorativ kolların və ağacların əsrarəngiz gözəlliyi xüsusi olaraq nəzərə çarpır.
Qazonun və yaşıl örtüyün bir neçə növü mövcuddur. Seçdiyiniz sahədə məhz hansı qazonun yetişdiriləcəyi sizin seçiminizdən asılıdır. Bunlar parter, çəmən otu, yaxud mavritan qazonları ola bilər. Ola bilsin ki, siz öz seçiminizi ot örtüyü olmayan sahə üzərində saxlayasınız. Amma unutmayın ki, seçilən hər bir çəmənlik onun sahibinin fərdi zövqünü ifadə edir.
Adi bağ-park qazonu. Bu, qazonun daha geniş yayılmış növüdür. Adi qazon tez-tez gəzməyə çıxılan, yaxud ətrafda uşaq meydançasının yerləşdiyi ərazilər üçün optimal variantdır. Bundan savayı, belə qazon xüsusi qulluq da tələb etmir. Adi qazona verilən əsas tələblər - onun mexaniki zədələrə qarşı davamlılığı, uzunömürlüyü, dekorativliyi, kölgəyə dözümlülüyüdür. Adi qazonu yaratmaqdan ötrü dənli bitkilərdən istifadə olunur. Belələrinə çəmənlik qırtıcını, qırmızı yulafı, adi tarlaotunu, çoxillik qaramuqu, çəmənlik yulafını, ağ yoncanı aid etmək olar. Bu zaman bəzən hətta 3-5 növ ot toxumlarının qarışığından da istifadə edirlər.
Qazon varsa, qulluq da etməlisən...
Qazonlar da təbiətə xeyir verir. Son dövrlərdə, doğrudan da, hara gedirsən, görürsən ki, çox yerlərə qazon döşənib. Amma onlara qulluq məsələsini unutmaq olmaz. Bir həftə, iki həftə fikir vermədin, qulluq eləmədin, yanacaq. Məcbursan köhnə qazonu yığışdırıb, yenisini əkəsən. Bəzi yerlərdə qazonlara, həqiqətən də, qulluq edirlər, otunu biçirlər. Bəzi yerlərdə isə tapdalananda, xarab olanda yenisi ilə əvəz edirlər.
Ancaq çox vaxt tərsini görürük, yəni qazonlar yanır, ya da tapdalanır, amma onu əvəz edən tapılmır. Bu kimi halları göz önünə alaraq yaşıllığa qənim kəsilməməliyik . Qazonu qorumaqla faydasını daha çox görmüş olarıq, nəinki onu tapdalamaq hesabına istirahət etməklə.
Təbii qazon örtüyünə qulluq etmək istəməyənlər isə həm də ucuz süni qazondan yararlana bilər. Ölkədə süni ot örtüklərinin Azərbaycanda satışı həyata keçirilir. Süni qazon polietilen materialdan hazırlanır və həmişə yaşıldır. Qulluğa, suvarmağa ehtiyac yoxdur. Əsasən tennis kortu, golf meydançası, bağ evləri, stadionlar üçün alınır. Xalça kimi hazırlanır, yerdən hündürlüyü 10 millimetrdən 100 millimetrə qədər olur. Süni qazonlara 8 il zəmanət verilir.
Süni qazonun təbii qazon kimi üzərində gəzərkən əzilməsi problemi yoxdur. Çindən, Dubaydan, Türkiyədən gətirilən məhsullar çeşidinə, rənginə, keyfiyyətinə görə dəyişir. Bir kvadratmetri 12 manatdan 20 manatadək ola bilər.
Qazonlar tez-tez saralır, çünki sulama düzgün aparılmır
Qazonların saralmasının ən başlıca səbəbi sulamanın düzgün aparılmamasıdır.Yayda sulamanın təzə əkilən qazonlar üçün gündə iki dəfə səhərlər günün isti olmayan vaxtında və axşam havanın sərin vaxtında aparılması məsləhətdir. Havanın isti vaxtında edilən sulama zamanı qazonun yarpaqlarının üstündə və torpaqda qalan suyun qızmasına səbəb olur.Bu isə qazon üçün mənfi təsir göstərir.Sulama çiləmə vasitəsilə aparılmalıdır. Su qazon əkilən sahədə qeyri-bərabər paylanmamalıdır. Su düşməyən sahədə qazon susuzluqdan saralacaq, su çox toplanan sahədə isə çürüyəcək.
“Qazon yaşıllığın bir növüdür. Ətraf mühitin təmiz saxlanılmasında mühüm rol oynayır. Biçib kənara qoyanda, əlbəttə, çürümə gedir və ətrafa pis qoxu yayılır”.
Bunu ekspert Telman Zeynalov mediaya bildirib. Ekoloqun sözlərinə görə, hətta üfunət o dərəcədə olur ki, ətrafda dayanmaq belə mümkün olmur:
“Biçilən qazondan mal-qara, quşlar üçün yem kimi istifadə ediləməsi daha məqsədəuyğundur. Qazon xüsusi toxumların əkilməsi hesabına yetişdirilir. Heyvanların qidalanması üçün heç bir problem yoxdur. Lakin ona vaxtında qulluq olunması, biçilmiş hissəsindən lazımi dərəcədə istifadə edilməsi daha məqsədəuyğundur. Biçilən qazon günəş, su altında çürüdüyü zaman ondan metan qazı ayrılır. Metan ağır qazdır, həm insanların səhhətinə, həm də ətraf mühitə mənfi təsir göstərir”.
Süni qazon təbii qazondan ən azı 5 dəfə baha olur. Süni qazon təbii qazondan fərqli olaraq qulluq tələb etmir. Süni qazondan əsasən oyun meydaçalarında istifadə olunur. Bununla yanaşı, siz süni qazonla balkon və həyətyanı sahənizi də dekor edə bilərsiz.
Gözəl yaşıl qazon səliqəli həyət və əkilmiş bitkilərlə birləşir. Bununla belə, belə bir qazon temperatur dəyişikliklərinə məruz qalır, aşınmaya davamlı deyil, həşəratlar və heyvanlar tərəfindən zədələnir. Süni qazon qoyaraq, şaxtalardan, çəyirtkələrdən və ya avtomobil təkərlərinin izlərindən qorxmaq olmaz. Üstəlik, süni qazon demək olar ki, heç bir baxım tələb etmir.
Süni ot örtüyünün mənfi təsirləri kimi isə futbolçularda zədələnmə riskinin artması (xüsusilə diz və ayaq biləklərində), çox isti havada süni örtüyün həddindən artıq qızmasını, ekoloji problemləri (mikroplastiklərin ətraf mühitə təsiri) göstərə bilərik. Burada uşaq məşqçilərini ən çox narahat edən amil bu cür örtüklərdən daimi istifadənin azyaşlılarda zədələrin yayılmasına təsiridir. Belə ki, süni örtüklü meydançalarda oyun zamanı futbolçularda diz və ayaq biləyi zədələrinin riski artır, əzələ gərginlikləri və oynaqlarda problemlər daha tez müşahidə edilir. Bundan əlavə, səthin sürtünməsi nəticəsində dəri yanıqları kimi xəsarətlər qeydə alınır.
Süni ot örtüyündən istifadə intensivliyi necədir?
Meydança gündəlik və ya çoxsaylı oyun-məşq üçün istifadə olunursa, ömrü 6-8 ilə qədər qısala bilər. Az istifadə olunan meydançalarda bu müddət 10 ildən çox ola bilər. Buna bir neçə amil təsir edə bilər:
Baxım və texniki xidmət
Süni örtüklər baxımsız buraxılsa, tez sıradan çıxır.
Daim fırçalanması, təmizlənməsi və dolğu materiallarının (qum, rezin) balansda saxlanması vacibdir.
İqlim şəraiti
Çox isti və ya çox soyuq bölgələrdə günəşdən gələn ultrabənövşəyi şüalar və şaxtalar örtüyün keyfiyyətinə mənfi təsir edə bilər.
Örtüyün keyfiyyəti və markası
Yüksək keyfiyyətli və FİFA sertifikatlı süni örtüklər 10 ilə qədər dözümlü olur.
Ucuz və standartlara uyğun olmayan örtüklər 4-5 ilə sıradan çıxa bilər.
Yazını hazırladı: Sevinc TELMANQIZI