AZ

Rəşad Bayramov: İran özü bu iddialara inanmır

Yazını böyüt
Yazını kiçilt

İsraillə 12 günlük hərbi qarşıdurmadan sonra İran tərəfindən heç bir əsas olmadan Azərbaycanın vurulmasına təhrik edən çıxışlar eşidilir. Bu çağırışlar, təbii ki, heç də birmənalı qarşılanmır. Azərbaycan cənub qonşusu ilə münasibətlərdə yüksək səviyyədə səmimi olmağa çalışsa da, qarşı tərəfin bu çağırışlara adekvat reaksiyası müşahidə edilmir. Əksinə, təhdid və təzyiq dili yenidən işə salınır.

Müsahibimiz politoloq Rəşad Bayramovdur:

- İsrail-İran arasında atəşkəsdən sonra Azərbaycanın hədəf alınmasının arxasında hansı maraqlar dayanır?

- İran uzun illərdir ki, İsraillə Azərbaycan arasında olan münasibətlərdən istifadə edərək ölkəmizi hədəfə alan mövqe nümayiş etdirir. Məsələnin dərinliyinə gedəndə aydın olur ki, İranın anti-Azərbaycan mövqeyində və digər məsələlərdə İsrail-Azərbaycan münasibətlərinin önə çəkilməsi sadəcə bir bəhanədir. İran özü də yaxşı bilir ki, Azərbaycanla İsrail arasında olan münasibətlər heç bir halda üçüncü ölkəyə qarşı, xüsusən də İrana qarşı yönəlməyib. Məsələn, Ermənistanın İsraildə səfirlik açmasına hər hansı münasibət bildirməyən İranın Azərbaycanın İsraildə səfirlik açmasına verdiyi reaksiya qeyri-normal görünməklə yanaşı, qərəzli yanaşmanın olduğunu açıq göstərir. Ermənistanın İranın özünə düşmən elan etdiyi ayrı-ayrı ölkələrdən silah və texnika almasına səssiz qalan rəsmi Tehranın Azərbaycanın İsraildən silah almasına verdiyi reaksiya sadəcə Azərbaycanla bağlı aparılan əks-təbliğatın tərkib hissəsidir. Yəni uzun illər İranın daxilində anti-İsrail mövqe o qədər güclənib ki, bu gün Azərbaycanın hədəfə alınmasında da bu təbliğatdan istifadə olunmaqla, həm də ictimai rəyi Azərbaycana qarşı kökləməyə cəhdlər edirlər. Təbii ki, burada İran elitasının mövqeyi qabarıq şəkildə görünür. İranın Azərbaycana hücumlarında hər hansı üçüncü tərəfi axtarmağa da ehtiyac qalmır. Azərbaycanı hədəfə alan bəllidir. Onlar ali dini liderə birbaşa yaxınlığı ilə seçilən, İranın strukturlarına rəhbərlik edən, İran Parlamentində oturan ayrı-ayrı şəxslərdir ki, onlar  da İran dini hakimiyyətinin rəsmi mövqeyi olmadan bu istiqamətdə addımlar atmazlar.

- Belə qeydlər mövcuddur ki, İrandan Azərbaycana yönələn aqressiyada ermənilərin də təzyiqi var. Eyni zamanda, bu hədələrin Zəngəzur dəhlizinin açılmasına qarşı yönəldiyi iddia edilir. Bu məsələdə İran-Rusiya uzlaşması nə qədərdir?

- Azərbaycana qarşı əks-təbliğatın aparılması göstərişi ən yuxarı səviyyədə sanksiyalaşdırılmış və ən yuxarı səviyyədən gələn tapşırıq əsasında həyata keçirilən bir fəaliyyətdir. Təbii ki, Ermənistan-İran münasibətlərinin də bunda rolu var. Uzun illər bəsləyib dəstək verdikləri Ermənistanın  maraqlarını daha qabarıq müdafiə etmək elementləri də var.  O cümlədən, İran üçün böyük türk dünyasının birliyindən meydana gələ biləcək narahatlıq burada xüsusi rol oynayır. İranın müharibədən sonra Zəngəzur dəhlizinin açılmasının əleyihə mövqe ortaya qoyması, bu istiqamətdə Ermənistana da təzyiq göstərməsi bunu deməyə əsas verir. Hər kəs bilir ki, Zəngəzur dəhlizi hər hansı bir ölkənin suverenliyi, ərazi bütövlüyü, İran dediyi kimi sərhəd dəyişikliyini özündə ehtiva eləmir. Zəngəzur dəhlizi, əslində həm də İranın birbaşa Rusiya ilə əlaqələrinin təmin olunmasına, İranın Ermənistanla dəmir yolu əlaqəsi əldə etməsinə təminat verir. Otuz ildir dostluq etmələrinə baxmayaraq hələ də Ermənistanla İran arasında müvafiq dəmir yolu fəaliyyət göstərmir. Zəngəzur dəhlizindən İran özü də qazanacaq. İran məhz böyük türk dünyası birliyini,  Zəngəzur dəhlizinin Türkiyədən keçib Orta Asiyanı birləşdirən yol olduğunu nəzərə alaraq aqressiv şəkildə o yolun açılmasına qaşı çıxır. Təbii ki, İranın bu mövqeyi indiki mərhələdə Rusiya ilə də uzlaşır. Rusiya Zəngəzur dəhlizinin açılmasına yalnız o şərtlə maraqlıdır ki, həmin dəhlizə nəzarəti özü təmin etmiş olsun. Rusiya da bunu gizlətmir və açıq şəkildə bəyan edir ki, əgər həmin dəhlizə nəzarət  Rusiya tərəfindən həyata keçirilməyəcəksə, o zaman ümumiyyətlə, açılmasında maraqlı deyil.  Bu mənada İranla Rusiyanın mövqeləri uzlaşır.

- İran tərəfindən “Azərbaycan vurulmalıdır” deyə absurd yanaşmalar ortaya atılır. Bu fikirləri tirajlayanların məqsədi nədir?

 - İranın bombalanmasında guya Azərbaycan ərazisindən istifadə olunduğu və yaxud guya ki, Azərbaycan ərazisindən İsrailə hansısa silahların ötürülməsi ilə bağlı iddiaların hamısı absurddur. İran hakimiyyəti özü də bu cür iddialara inanmır. Bu, sadəcə olaraq Cənubda yaşayan soydaşlarımızla bizim aramızda məsafə yaratmağa hesablanmış təbliğatın bir formasıdır. İsraillə İran arasındakı bir neçə günlük müharibədə məhz Təbrizin Muğandan vurulması kimi sərsəm iddialar da ortaya qoyulurdu. Bu, oradakı soydaşlarımızı bizə qarşı yönləndirmək və inciklik yaratmağa hesablanıb. İranın hakim elitası özü də İran ərazilərinin Azərbaycandan vurulması iddialarına inanmırlar. Əgər əllərində belə faktlar olsaydı, bunu çoxdan ortalığa qoymuşdular və o zaman İranın prezidenti Azərbaycana səfər etməz və Azərbaycanda keçirilən tədbirlərə qatılmazdı. Biz, əksinə, İranın vurulmaması, mülki obyektlərin hədəfə alınmaması üçün dəfələrlə İsrailə müraciət etmiş bir ölkəyik.. Bunu İranın özündə də kifayət qədər yaxşı bilirlər. Bilməyənlər də bilsinlər və qəbul etsinlər ki, Azərbaycan heç bir halda İranın nə bombalanmasında  iştirak edib, nə də buna imkan yaradıb. Ən azı ona görə ki, İranda bizim 40 milyon soydaşımız yaşayır və biz heç bir halda onların bu və ya digər şəkildə zərər görməsinə imkan verə bilməzdik. Biz Qarabağ məsələsində İranın Ermənistanı necə dəstəklədiyini, 44 günlük savaşda Ermənistana necə silah-sursat keçirdiyini və sair əməllərinə baxmayaraq İsrail-İran qarşıdurmasında narahatlığımızı ifadə edərək maksimum şəkildə insanların zərər görməməsi üçün əlmizdəki imkanlardan istifadə etdik.

- Tehran Azərbaycan mediasından İranın dəstəklənməsi istənildi. Bu cür yanaşma nə dərəcədə realdır?

- İran Azərbaycanla bağlı mövqeyində aydın, düzgün, ədalətli mövqe ortaya qoyacaqsa, Zəngəzur dəhlizi məsələsində ədalətli mövqe sərgiləyəcəksə, ərazilərimizi 30 il işğal altında saxlayan, məscidlərimizi dağıdan, dini abidələrimizi məhv edən Ermənistanla bağlı bu və ya digər çağırışlar edəcəksə, o zaman İran Azərbaycan mediası və cəmiyyəti tərəfindən dəstəklənəcək. Yoxsa, sən davamlı şəkidlə antiAzərbaycan mövqeyi ortaya qoyub, böhtan, yalan, iftira nümayiş etdirəcəksənsə, ayrı-ayrı rəsmi şəxslərin, deputatların, media qurumların vasitəsi ilə Azərbaycanı hədəfə alan bəyanatlar səsləndirəcəksənsə, bu fonda İranı dəstəkləməyimiz absurd görünür. Ona görə də İran bu cür çağırışlar etmədən öncə birinci İranda olan nümayəndələrinə antiAzərbaycan kampaniyasının dayandırılması ilə bağlı çağırışlar etsə daha yaxşı olar.

- Ukrayna-Rusiya, indi atəşkəslə dayanan İsrail-İran arasındakı müharibə, eləcə də böyük güclərin region iddiaları, istəkləri hansı yeni geosiyasi mərhələnin başlanğıcını söyləməyə imkan verir. Müharibə edən dövlətlər indiki vəziyyətdə hansı xətti seçməlidir?

 - Təbii ki, Ukrayna-Rusiya müharibəsi, İsrail-İran arasındakı gərgin münasibət, nə qədər atəşkəs elan olunsa da, ortada danışıqlar, dialoq mühiti olmadığı üçün müharibə istənilən an yenidən başlaya bilər. Eləcə də Qərbin bölgəmizlə bağlı bitməyən maraqları, Rusiyanın Qafqazda mövqelərini itirməsindən doğan aqressiyası və sair bu kimi proseslər regionda yeni mərhələnin başlandığını deməyə imkan verir. Bu mərhələdə maksimum şəkildə ayıq olmalı, baş verən proseslərə hazırlıqlı olmalıyıq. Dostlarımızla münasibətlərin daha da sıxlaşdırılmasına, tək olmadığımızı sübut etməyə ehtiyac var və bu istiqamətdə də konkret addımlar atılır.

Eyni zamanda İran və Rusiyanın Cənubi Qafqaz mövqeyi faktiki olaraq xalqları təzyiq altında saxlamağa, bölgə dövlətlərini özündən asılı vəziyyətə salmağa, onlara təzyiq göstərməklə öz istəyinə nail olmağa, müti, sözəbaxan dövlətlər görməyə hesablandığı üçün əks-reaksiya verir. Bu şəkildə anti-Azərbaycan mövqeyi sərgiləməklə, yaxud Cənubi Qafqazın digər ölkələri ilə  bağlı məsələlərdə bu ölkələrin mövqeyini nəzərə almadan hərəkətlər etməklə heç nəyə nail olmaq mümkün deyil. Azərbaycan 30 il əvvəlki Azərbaycanı deyil, Rusiya, İran da həmçinin. Bu gün Azərbaycan kifayət qədər güclü, öz mövqeyini müdafiə etməyi bacaran, kifayət qədər güclü dostları olan və bir yumruq kimi birləşməyə qadir vətəndaşlara sahib bir ölkədir. Bu ölkə ilə təzyiq dili ilə danışmaq və yaxud bu ölkəyə qarşı əks kampaniya aparıb nələrəsə nail olacağını düşünmək sadəlövhlük olardı. Həm İranın, həm də Rusiya rəsmilərinin bunu tez bir zamanda başa düşüb, buna uyğun siyasət aparmaları onların özlərinə də xeyir edər.

Seçilən
57
50
hafta.az

10Mənbələr