Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatarın Azərbaycana səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) fəxri doktor diplomunun təqdimat mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru professor Vilayət Vəliyev cənab Ersin Tatarın türk dünyasında oynadığı siyasi və ictimai rolunu yüksək qiymətləndirib və onun Azərbaycan ilə Şimali Kipr arasında münasibətlərin inkişafına verdiyi töhfəni xüsusi vurğulayıb.
Sonra AzTU-nun Elmi Şurasının qərarı elan olunaraq Prezident Ersin Tatara fəxri doktor diplomu təqdim edilib. Diplom təqdim olunarkən onun elmi, strateji və milli məsələlərə verdiyi töhfələr qeyd olunub.
Diplomu qəbul edən cənab Ersin Tatar göstərilən yüksək etimada görə təşəkkür edib, Azərbaycan ilə Şimali Kipr arasındakı qardaşlıq əlaqələrinin hər sahədə inkişaf etməsinin vacibliyini vurğulayıb.
Mərasim xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
Əli Hüseynov