AZ

Lənkəranda Polis Günü qeyd olunub - FOTOLAR

İyulun 2-də Lənkəranda “Polis Günü” qeyd olunub.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə tər güllər düzüb, ona olan hörmət və ehtiramlarını ifadə ediblər. 

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında keçirilən rəsmi tədbirdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə təbrik məktubunu oxuyub. Rəhbərlik etdiyi şəxsi heyəti təbrik edən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov onlara xidməti fəaliyyətlərində uğurlar və can sağlığı arzulayıb. Azər Cahangirov polis orqanının yarandığı ilk gündən etibarən bütün tarixi dövrlərdə dövlətin milli maraqlarının müdafiəsində böyük vətənpərvərlik göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, daxili işlər orqanlarının əməkdaşları  ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına, qanunvericliklə müəyyənləşdirilmiş digər vəzifələrin layiqincə yerinə yetirilməsinə tam qadirdir. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov çıxışında bu əlamətdar günün hüquq-mühafizə orqanlarında çalışan hər bir vətənpərvər insanın peşəsinə verilən yüksək qiymətin, dövlətimiz və xalqımız tərəfindən göstərilən dərin ehtiramın ifadəsi olduğunu ifadə edib. İcra başçısı bildirib ki, çətin sınaqlarla dolu şərəfli yol keçən polis orqanlarının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında peşəkar hüquq mühafizə orqanı kimi formalaşıb, ölkədə qanunçuluğun bərpasında və hüquq qaydasının qorunmasında önəmli xidmətlər göstərib, dövlətçiliyin dayaqlarından birinə çevrilib. Onun sözlərinə görə, bu gün dövlət başçısı cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı olaraq müasirləşən və təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik daxili işlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır. 

Polisin yaranmasının 107-cı illiyi ilə bağlı Lənkəran rayon polis işçiləri Veteranlar Şurasının sədri Bəxtiyar Vəliyev və  Vətən müharibəsi iştirakçısı, polis nəfəri Əkbər Əkbərli çıxış ediblər, sonra videorolik nümayiş etdirilib.

Sonda Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin bir qrup üzvünə daxili işlər naziri Vilayət Eyvazovun, Lənkəran ŞİH başçısı Taleh Qaraşovun və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirovun sərəncamları ilə fəxri fərmanlar, təşəkkürnamə və pul mükafatları təqdim edilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) kollektivi olaraq daxili işlər orqanlarının əməkdaşlarını təbrik edirik, onlara can sağlığı və asayişimizin qorunması, dövlətçiliyimiz möhkəmlənməsi kimi xidməti vəzifələrinin icrasında uğurlar arzulayırıq.

Seçilən
25
50
unikal.az

10Mənbələr