Hər ay maaş alır, büdcə planlayır, qənaət etməyə çalışırıq. Amma heç düşünmüsünüzmü, aldığınız məhsulların nə qədər hissəsi heç istifadə edilmədən zibilə atılır? Gündəlik həyatda fərqinə varmadan atdığımız yarımçıq ərzaqlar, vaxtı keçmiş məhsullar və lazımsız alışlar – bunların hamısı təkcə tullantı deyil, həm də konkret pul itkisinə çevrilir.
Bəs Azərbaycanlı bir ailə aylıq neçə manatını zibilliyə atır?
Maliyyə eksperti İsmayıl Məmmədov “Valyuta.az”a açıqlamasında bildirdi ki, Azərbaycanda israf edilən ərzaq faktiki olaraq, bir ailənin 1 aylıq büdcəsi qədər maliyyə itkisinə səbəb olur: “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatlarına əsasən, ölkədə adambaşına düşən aylıq istehlak xərcləri orta hesabla 320 manat civarındadır. Bu da dörd nəfərlik bir ailə üçün təxminən 1280 manat deməkdir. Yerli və beynəlxalq araşdırmalar, xüsusilə FAO və İqtisadi Tədqiqatlar Mərkəzinin təhlilləri göstərir ki, bu məbləğin təxminən 11-17%-i, yəni aylıq 140–220 manat aralığında vəsait, istifadəyə çatmadan israf olunur. Ən böyük pay ərzaq məhsullarına düşür. FAO-nun 2021-ci il hesabatına görə, Azərbaycanda illik 300 min ton ərzaq israf olunur ki, bu da hər ailəyə orta hesabla ildə 1000–1200 manatlıq itki deməkdir. Bu, faktiki olaraq, bir ailənin 1 aylıq büdcəsi qədər maliyyə itkisinə səbəb olur”.
Ərzaq və gündəlik məhsullar üzrə israf olunan vəsaitin təxmini dəyəri nə qədər ola bilər?
“Ərzaq israfında əsas kateqoriyalar bunlardır:
Çörək – xüsusilə gün sonunda satılmadan atılan.
Meyvə və tərəvəz – düzgün saxlanılmadığı üçün tez xarab olur.
Süd məhsulları və yumurta – istifadə müddətinə diqqət yetirilmədikdə zibilə gedir.
Hazır və yarımfabrikat məhsullar – planlaşdırılmadan alınır, istifadə olunmur.
İqtisadi Tədqiqatlar Mərkəzinin 2022-ci il araşdırması göstərir ki, Bakıda bir ailə ayda orta hesabla 100 manatlıq məhsulu istifadə etmədən atır. Regionlarda bu rəqəm 70–90 manat civarındadır. Bu da ümumilikdə ildə təqribən 500 milyon manatdan artıq iqtisadi dəyər itkisi deməkdir”- deyə ekspert bildirdi.
Azərbaycanda bir ailənin ay ərzində ərzaq və istehlak mallarına çəkdiyi xərcin nə qədər faizi zibilə gedir?
Ekspert İ.Məmmədov deyir ki, DSK-nın 2023-cü il göstəricilərinə əsasən, ailə büdcəsinin təxminən 43%-i ərzaq məhsullarına sərf olunur. Əgər bu məbləğin 15%-i israf olunursa, nəticə olaraq:
Ümumi ailə xərclərinin 6–7%-i
Ərzaq büdcəsinin isə təxminən 60–90 manat arası hissəsi zibilə gedir.
Bu isə aylıq 1300 manat xərcləyən bir ailənin ayda 80-100 manatlıq malı istəmədən israf etməsi deməkdir.
Ailə büdcəsini planlaşdırmadan alış-veriş etmək nə qədər maliyyə itkisi yaradır?
“Alış-verişə plan olmadan çıxmaq bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi israf mənbəyidir. FAO və yerli araşdırmalara əsasən:
Planlaşdırılmamış alış-veriş istehlak xərclərini 18–25% artırır.
“Lazım olar” prinsipi ilə alınan məhsulların 20-30%-i sonradan istifadə olunmur.
Əsas səbəblər arasında: marketlərin endirim siyasəti, impuls alışları və düzgün saxlama şəraitinin olmaması dayanır. Bu səbəblər ailələrin aylıq büdcəsində əlavə 150-200 manatlıq nəzarətsiz xərclərə səbəb ola bilər”.
Zibilə atılan məhsulların dəyəri aylıq və illik büdcədə nə qədər böyük yer tutur? Rəqəmlərlə göstərmək mümkündürmü?
İ.Məmmədov bu problemin həm maarifləndirmə, həm də planlaşdırma baxımından izah etməyin vacib olduğunu qeyd edir:
“Aylıq israf: təxminən 100 manat
İllik israf: 1200 manat
5 illik israf: 6000 manat
Bu rəqəm, 2024-cü ilin əvvəlində ölkədə orta aylıq əməkhaqqı (950 manat) ilə müqayisədə təxminən 6 aylıq əmək haqqına bərabərdir. Demək ki, israfdan imtina etməklə bir ailə ildə bir aylıq əməkhaqqına qənaət edə bilər”- deyə vurğulayır.
Ailə büdcəsində israfı azaltmaq üçün nə etmək lazımdır?
“İsrafın qarşısını almaq üçün sadə, amma effektiv yanaşmalar mövcuddur:
Alış-veriş siyahısı ilə getmək – impuls alışlarının qarşısını alır.
Dondurma və saxlama texnikalarından istifadə – məhsulların ömrünü artırır.
Saxlanma tarixlərinə diqqət – vaxtaşırı yoxlanmalıdır.
FIFO prinsipi (ilk daxil – ilk çıxar) – əvvəl alınan məhsullar əvvəl istifadə olunmalıdır.
Ailə üzvləri ilə paylaşım və “qida gündəliyi” – israfın fərqində olmaq və ölçmək üçün effektiv üsuldur.
Danimarka, Almaniya və Niderland kimi ölkələrdə “qida gündəliyi” və “anti-waste” mobil tətbiqlər vasitəsilə insanlar israfı 30%-ə qədər azalda bilmişlər”- deyə ekspert qeyd edir.
İsraf fərdi bir məsələ kimi görünə bilər, lakin uzunmüddətli perspektivdə bu, həm:ailə büdcəsinə ciddi təzyiq,dövlətə əlavə yük,ictimai və ətraf mühitə təhlükə yaradır.