AZ

Azərbaycanın Türkiyə bazasından başqa yolu qal(ma)dı?

Şimal və cənubdan ölkəmizə qarşı təhdidlər alternativlər axtarışına vadar edir; ekspertlərdən mühüm açıqlamalar: “Türkiyənin bir neçə hərbi bazasını...”

“Azərbaycan yeganə ölkədir ki, eyni anda həm Rusiya, həm də İranla quru sərhədinə sahibdir. Hər iki dövlət Azərbaycanın müstəqil mövcudluğunu öz geosiyasi planlarına təhdid kimi görür və ölkəmizə qarşı yeni işğal planlarını "tarixi hüquq" kimi əsaslandırmağa çalışır.

Dr.

Eldar Namazov

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri politoloq Eldar Namazov deyib. Analitik daha sonra bölgəmizdəki gərgin situasiya və ölkəmizin təhlükəsizliyinə təhdid sayıla biləcək məqamlarla bağlı bunları söyləyib: “Son dövrlərdə Rusiya-Azərbaycan münasibətlərində yaşanan hadisələr, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı saxta iddialar və saytlarda yayılan, guya Azərbaycan ərazisindən İsrail PUA-larının İranda hərbi obyektləri vurması kimi xəbərlər heç kimi təəccübləndirməməlidir. Onların qarşısını alan yeganə səbəb - Azərbaycanın əleyhinə yönələcək təcavüzün hərbi-siyasi nəticələrinin onlar üçün tam hesablanmamasıdır. Onları bu niyyətdən birdəfəlik çəkindirə biləcək yeganə amil isə - belə bir təcavüzün mümkünsüzlüyünü və ya bunun çox baha başa gələcəyini dəqiq nümayiş etdirməkdir. Buna görə də Rusiya və İranı qıcıqlandırmaq, təhrik etmək lazım deyil. Əksinə, onların hesablamalarını yekunlaşdırmağa və doğru nəticəyə gəlmələrinə kömək etmək lazımdır. Bu məqsədlə Şuşa Bəyannaməsi əsasında, onun məntiqi davamı kimi, qısa müddətdə Azərbaycanda regionun ən böyük Türkiyə hərbi bazasının yerləşdirilməsi qərarı verilməlidir. Ən anlamayan qonşular üçün isə bu bazanın bir hissəsini 250 milyonluq əhaliyə və nüvə silahına malik digər müttəfiqimiz - Pakistan Hərbi Hava Qüvvələrinə icarəyə vermək kifayət edər. Bu, politologiyada "güc yolu ilə sülh" adlanır. Sadə dildə desək - Moskva və Tehranın Azərbaycanla bağlı planlarına “unut!” deməyin vaxtıdır".

Kifayət qədər ciddi və əsaslandırılmış yanaşmadır. Əvvəlki dönəmlərdə İran və Rusiyadan ən müxtəlif təhdidlərlə üz-üzə qalmışıq. Rəsmi Bakının təmkinli siyasəti, normal qonşuluq münasibətlərinə üstünlük verərək üzləşdiyi pislikləri keçmiş sayması və əməkdaşlığın davamına üstünlük verməsi yetərincə qiymətləndirilməyib. Əgər İsrailin zərbələrinə tuş gələn İrandakı ayrı-ayrı çevrələr heç bir əsas olmadan və iftiraların müşayiəti ilə Azərbaycanı raketlə vurmağı müzakirə edirlərsə, yaxud şimal qonşumuz Rusiyada “azərbaycanlı ovu” ölümlər, işgəncələr, həbslərlə davam edirsə, deməli, vəziyyət daha da kritikləşə bilər. O mənada Azərbaycanın özü üçün yeni təhlükəsizlik halqəsi və ya çətiri yaratması təbii qəbul olunmalıdır. Tanınmış analitiklərimizin məsələyə yanaşmaları da çox maraqlıdır.

Fayl:Siyasətçi

Elçin Mirzəbəyli

Deputat Elçin Mirzəbəyli dedi ki,  Azərbaycan coğrafi baxımdan “sakit qonşuluq” anlayışı olmayan mövqedə yerləşir:  ""Güc yolu ilə sülh" formulu əsasında Türkiyə və Pakistanla hərbi ittifaqın daha da dərinləşdirilməsinə dair çağırış, bu geosiyasi reallığın qədərindən artıq sərt, lakin praktik şərhidir. Azərbaycan həm Rusiya, həm də İranla quru sərhədinə malik yeganə dövlətdir. Bu iki ölkənin imperiya nostalgiyası və özlərinin “tarixi hüquqları” əsasında qonşularının suverenliyinə yanaşma tərzi Azərbaycanın milli təhlükəsizliyini daim risk altında saxlayır. Bu baxımdan, Azərbaycan əleyhinə mümkün hərbi avantüraların qarşısını alan yeganə faktor, bu niyyətlərin nəticələrinin hələ də tam hesablanmamasıdır. Bu öz növbəsində, preventiv strateji güc nümayişinin aktuallığını gündəmə gətirir. Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi reallıqda həm strateji, həm hüquqi, həm də diplomatik aspektlərdən ciddi şəkildə ölçülüb-biçilməlidir. Strateji baxımdan belə bir addım Azərbaycanın təhlükəsizlik çətirini genişləndirər, xüsusilə Zəngəzur dəhlizi ətrafında baş verən hərbi-siyasi proseslərdə Ankaranın aktiv iştirakı üçün hüquqi əsas yaradar. Rusiya və İran üçün isə bu, çoxdan formalaşmaqda olan “Azərbaycan-Türkiyə hərbi ittifaqı”nın fiziki təcəssümü olacaq. Bu isə deterrens, yəni qarşı tərəfi təcavüz fikrindən çəkindirmək baxımından effektiv ola bilər".

E.Mirzəbəylinin fikrincə, diplomatik baxımdan məsələ daha mürəkkəbdir: “Azərbaycanın balans siyasəti, yəni Rusiya ilə qarşıdurmadan uzaq durmaq, İranla açıq ziddiyyətlərdən yayınmaq xətti bu günə qədər ölkəyə həm suverenlik, həm də iqtisadi sabitlik baxımından ciddi dividentlər gətirib. Belə bir hərbi baza təşəbbüsü hər iki dövləti açıq şəkildə Azərbaycanı "qərb alətinə" çevrilməkdə ittiham etməyə vadar edə bilər və bu, regionda daha sərt ritorikanın, bəlkə də hibrid təzyiqlərin artmasına səbəb ola bilər". Millət vəkili qeyd etdi ki, Pakistanın bu prosesə cəlb edilməsi həm rəmzi, həm də əməli dəyər daşıya bilər: “Pakistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən nüvə dövləti kimi mühüm tərəfdaşdır. Belə bir addım həm də İslam dünyasında Azərbaycanın mövqeyini möhkəmləndirə bilər. Lakin bu, İran üçün açıq çağırış anlamına gələcək. Tehran üçün həm NATO üzvü olan Türkiyənin, həm də nüvə dövləti olan Pakistanın sərhədyanı bölgədə hərbi varlığı ideoloji, həm də hərbi ritorikanın kəskinləşməsinə gətirib çıxara bilər”. E.Mirzəbəyli hesab edir ki, “Güc yolu ilə sülh” realist, lakin riskli ssenaridir: “Azərbaycan isə nə təcrid olunmalı, nə də təhdidlərə qarşı zəif görünməlidir. Doğru formada, doğru zamanda və doğru tərəfdaşlarla güc nümayişi hər zaman sülhün mühüm aləti olaraq qalır. Bu mənada "unut" mesajı verilməlidirsə, bu, təkcə hərbi texnika ilə deyil, diplomatik çevikliklə və strateji zəkayla da verilməlidir. Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün təkcə silah və əsgər kifayət etmir. Bunun üçün artıq özünü dəfələrlə, o cümlədən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesində büruzə verən siyasi iradə, strateji düşüncə və müttəfiqlərlə etibarlı əməkdaşlıq modeli lazımdır. Çünki bugünkü dünyada güc təkcə ordunun böyüklüyü ilə deyil, həm də tərəfdaşların etibarlılığı ilə ölçülür".

Elxan

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu xatırlatdı ki, Türkiyənin Azərbaycanda hərbi baza təsis etməsi fikrini az qala 20 ildən çoxdur söyləyir: “Bəziləri mənimlə mübahisə edirdilər ki, Azərbaycan balanslı xarici və təhlükəsizlik siyasətinə üstünlük verdiyinə görə, qardaş ölkə də olsa, Türkiyənin Azərbaycanda hərbi baza təsis etməsi guya ölkəmizin maraqlarına cavab vermir. Bunu söyləyənlər Azərbaycanın Rusiya və İranla yaxşı münasibətlərinə istinad edirdilər. Hanı o "yaxşı" münasibətlər?" Politoloq yada salıb ki, iranlı rəsmilər, diplomatlar və yüksək rütbəli generallar və onlara bağlı saytlar İsraillə müharibədən sonra Azərbaycan əleyhinə açıqlamalar verirlər: “Rusiya da Azərbaycanla normal münasibətləri pozub, təyyarə olayı, üstəgəl azərbaycanlıların Rusiyada sıxışdırılması, işgəncələr vəziyyəti gərginləşdirib”.

E.Şahinoğlu bildirdi ki, Azərbaycan Ermənistandan güclü dövlətdir, yüz dəfə də müharibə etsək, qələbə qazanarıq: “Ancaq qarşımızda Rusiya və İranın məkrli planları olduğunda bizə qarşı təxribatlar ola bilər. Belə olan halda yeganə alternativimiz Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaqdır. Yəni Türkiyənin Azərbaycanda bir neçə hərbi bazasını təsis etmək lazımdır. Türkiyənin quru və hərbi hava qüvvələrinə aid bazalar Azərbaycanın ən azı iki bölgəsində formalaşdırıla bilər. Türkiyənin belə bir təcrübəsi var, Qətərdə hərbi bazası var. Bu, Azərbaycana ona görə lazımdır ki, Rusiya və İrandakı şovinist dairələr Azərbaycana qarşı məkrli planlarını həyata keçirmək istəsələr, qarşılarında Azərbaycanla yanaşı Türkiyəni də görməlidirlər. Bu amil onları anti-Azərbaycan mövqeyindən çəkindirməlidir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Seçilən
22
3
musavat.com

4Mənbələr