AZ

Köhnə avtomobillər və saxta hissələr...!

Qadağalara rəğmən hələ də təhlükəli avtomobillər ölkəyə daxil olur

 
Bakıda parklanmış maşın qəfil yanıb. Mediada yayılan məlumata görə, hadisə səhər saat 07:40 radələrində Tbilisi prospektində qeydə alınıb. Məhəllələrdən birində park halında olan “Hundai” markalı avtomobil alovlanıb. Avtomobilin alovlandığını görən təmizlik işçisi hay-küy salaraq sakinləri xəbərdar edib. Yanğının digər avtomobillərə keçməsinin qarşısı alınıb. Daha sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin  əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülməsinə baxmayaraq, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Oxşar hadisələr tez-tez olmasa da, hər halda baş verir. Park halındaykən avtomobilin alışıb yanmasına havaların isti keçməsinin səbəb olacağı, günəş şüalarının qızdırdığı hissələrin alovlana biləcəyi ehtimal edilir. Lakin nəzərə almaq lazımdır ki, alovlanan avtomobil hərəkət halında deyil, məhz parklanmış halda olub. Burada kənar təsirlər də istisna edilməməlidir.

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov isə Sherg.az-a açıqlamasında hazırda paytaxtda, eləcə də ümumən ölkədə istismarda olan avtomobillərin əksəriyyətinin 10 ildən artıq istehsal tarixi olduğunu və kustar üsullarla dəyişikliyə uğradıldıqlarını bildirdi:

- Avtomobillərdə alışıb yanmalar müxtəlif səbəblərdən baş verə bilər. Bu cür hallar əsasən elektron cihazlara, işıq sisteminə müdaxilədən yarana bilir. Bəzən avtomobilin əsas ehtiyat hissələri orijinal olmayan saxta ehtiyat hissələrlə əvəzlənir. Məsələn, avtomobilə əlavə elektron cihazlar qoşurlar. Ölkəmizə istehsal tarixi 10 ildən artıq olan avtomobillərin idxalı məhdudlaşdırılıb. Amma yenə də belə avtomobillər ölkəyə gətirilir və yollarda şütüyür. Sükanı sağda olan avtomobillərin ölkəyə idxalı da və istismarı qadağandır. Amma görürük ki, bu qadağa da çox vaxt pozulur. Sükanı sağ tərəfdə olan avtomobillər xarici ölkələrdən alınır, sükanın yeri sola dəyişdirilir. Belə olduğu halda avtomobilin idarə edilməsində müəyyən problemlər yaranır. Çünki orijinal idarəetmə mexanizmi saxta idarəetmə vasitəsilə əvəzlənmiş olur. Bu cür avtomobillərə sənəd də verilir, idarə edilməsinə icazə alınır. Belə avtomobillər potensial təhlükədir. Buna ciddi nəzarət olmalıdır.
Seçilən
42
1
sherg.az

1Mənbələr