İsrail və İran arasında 12 gün davam edən gərgin və dağıdıcı hərbi toqquşmadan sonra atəşkəs elan edilsə də, tərəflər arasında münasibətlərin normallaşmasından danışmaq hələ tezdir. Hər iki ölkənin açıqlamaları və regionda davam edən geosiyasi proseslər göstərir ki, münaqişənin yenidən alovlanması istisna edilmir. İranın teokratik rejiminin bu savaşdan necə çıxacağı, ölkə daxilindəki vəziyyətin necə dəyişəcəyi, xaricdəki müxalif qüvvələrin, o cümlədən Rza Pəhləvinin şansları, Putinin mümkün nüvə oyunları və region ölkələrinin, xüsusilə də Türkiyə və Azərbaycanın bu prosesə reaksiyası – bütün bunlar önümüzdəki günlərdə Yaxın Şərq və Cənubi Qafqaz üçün həlledici rol oynaya bilər. Hafta.az olaraq beynəlxalq məsələlər üzrə tanınmış siyasi analitik Teymur Qasımlı ilə aktual suallar ətrafında geniş və dərin bir söhbət etdik. Müsahibəmizdə həm regional, həm də qlobal güclərin mövqeyi, İran rejiminin gələcəyi, Güney Azərbaycandakı soydaşlarımızın taleyi və münaqişənin dünya nizamına təsirləri ətraflı təhlil olunur.
-Teymur bəy, sizcə, artıq 12 günlük İsrail-İran savaşında atəşkəs elan edildikdən sonra İrandakı teokratik rejim və ümumilikdə İran üçün hansı ssenariləri gözləmək olar və həmin ssenarilərdən hansının reallaşması ehtimalı daha yüksəkdir?
-Düzdü, İran ABŞ-ın Qətərdəki hərbi bazasını, ona ciddi zərər dəyməsə də, raket atəşinə tutub. Əvvəllər bu barədə şübhələr var idi. Amma sonradan baş verənlər təsdiq etdi ki, rəsmi Tehran öncədən bu barədə Ağ Evi məlumatlandırıb. Donald Tramp sosial şəbəkədə belə açıqlama verərək bildirdi: "İran bizə əvvəlcədən məlumat verdi və buna görə təşəkkür edirəm."
Bununla yanaşı, ABŞ-ın İrana qarşı yaxın gələcəkdə hər hansı cavab zərbəsi endirib-endirməyəcəyi də müəyyən müəmmalar doğurur. Çünki bu barədə hər hansı konkret və inandırıcı məlumat mövcud deyil. Ortalıqda olan odur ki, Trampın çağırışıyla hələlik həm İran, həm də İsrail atəşkəs elan ediblər. Ancaq bunun nə qədər davam edəcəyi bəlli deyil. Bəs bu vəziyyətdən sonra İranda teokratik rejimin gələcək taleyi necə olacaq? Bu, hələ də cavabı açıq qalan bir sualdır...
Hazırda görünən isə odur ki, İsrailin baş naziri Benyamin Netanyahu, İran şahının oğlu və başqa mühacirətdə olan qüvvələr insanları küçələrə çıxmağa, mövcud teokratik rejimi devirməyə çağırıblar. Lakin bu cəhdlər də hələlik nəticə verməyib...
12 günlük müharibə də göstərdi ki, İran daxilində gözlənilən parçalanma baş vermədi. Əksinə, müxtəlif siyasi qruplar: islahatçılar, müxaliflər və digər qüvvələr mövcud hakimiyyətin ətrafında birləşərək İsrailə qarşı vahid mövqe nümayiş etdirdilər. Aralarında müəyyən fikir ayrılıqları olsa da, bu müharibə zamanı milli birlik nümayiş etdirdilər. Bu həm də “Mossad”-ın ilk vaxtlar bir sıra uğurlu əməliyyatlar keçirməsinə rəğmən İranın daxili təhlükəsizlik sisteminin nə qədər güclü olduğunu göstərdi. Xüsusilə “SEPAH” (İslam İnqilabı Keşikçiləri Korpusu) və digər xüsusi xidmət orqanları etirazların və daxili qarşıdurmaların qarşısını almağa çalışdılar. Buna görə də yaxın gələcəkdə İranda teokratik rejimin dəyişəcəyini gözləmirəm. Müəyyən narazılıqlar və etiraz aksiyaları mümkündür, məsələn, Tehran Universitetinin tələbələri tərəfindən təşəbbüslər ola bilər, lakin bunlar rejimi sarsıdacaq səviyyədə deyil...
-Sonuncu İran şahının oğlu Rza Pəhləvinin İranda hakimiyyətə gəlməsi şansı nə qədərdir?
- Bu çox az ehtimal oluna biləcək bir gedişdir. Əvvəla nəzərə almaq lazımdır ki, İran daxilində Şah rejiminin qayıdışı ehtimalı çox zəifdir. Çünki sonuncu şah oğlunun ölkə daxilində sosial dayağı yoxdur və siyasi nüfuzu zəifdir. Elə buna görə də bəzi təbəqələr tərəfindən simpatiya görsə də, onun İran xalqına rejimi devirmək çağırışları real olaraq qorunmağa və müdafiə olunmağa dəyəcək ciddi nəticə doğurmur.
Odur ki, Rza Pəhləvinin tərəfdarlarının İranda hakimiyyətə gəlmək ehtimalı, hazırkı mərhələdə çətin görünür və ümumilikdə bu ehtimalın reallaşması üçün geniş ictimai dəstəyin az olduğu demək olar ki, şübhəsizdir. Eyni zamanda, İsrail–İran müharibəsi İran daxilində müəyyən mənada milli birliyi qoruyur və bu şəraitdə də İranın sonuncu şahının oğlunun hakimiyyətə gəlməsi çətin məsələdir. Lakin İsraillə müharibə başa çatdıqdan sonra, İranda etiraz aksiyaları baş verə, dini liderə qarşı narazılıq arta və şah oğluna fürsət yarada biləcək müxtəlif hadisələr yaşana bilər. Ancaq indiki reallıqda Rza Pəhləvinin hakimiyyətə gəlməsi hələlik mümkünsüz görünür...
Eyni zamanda maraqlı məqam odur ki, İranın ali dini lideri Ayətullah Xameneinin öz mümkün varisləri haqda danışması, o cümlədən onun oğlunun hakimiyyət uğrunda mübarizəyə daxil olması ilə bağlı məlumatlar yayıldı. Biz əvvəllər də bu məsələni müzakirə etmişdik və belə görünür ki, İran daxilində hakimiyyət uğrunda daxili çəkişmələr davam edir. Lakin teokratik rejimin yıxılıb-yıxılmaması zamanla bəlli olacaq. Hal-hazırda bu, çox da real görünmür...
-Sizcə, İsrail-İran savaşı Rusiya-Ukrayna cəbhəsindəki proseslərə necə təsir göstərməkdə idi?
-Rusiya-Ukrayna müharibəsi başlanandan bəri Rusiya Federasiyası, Putin administrasiyası planetin müxtəlif məkanlarında münaqişə ocaqlarının yaranmasında maraqlıdır. Kreml öncə Balkanlarda, Moldovada münaqişələr yaratmağa çalışdı, ancaq bu, baş tutmadı. 2023-cü ildə İsrail-“HƏMAS” qarşıdurması başlanandan sonra isə Rusiya-Ukrayna savaşı üçün gündəm dəyişdi, Ukrayna Qərbin diqqətindən bir qədər yayındı, amma yenə də ABŞ-dən, Avropadan dəstək verməkdə davam edirdi...
Hazırda hələki atəşkəs elan olunmuş İsrail-İran müharibəsi Ukrayna cəbhəsinə əsasən bir məsələdə təsir göstərə bilər. Bilirsiz ki, İran Rusiyaya Ukrayna ərazilərinə hücum üçün dronlar verirdi. Həmin dronlarla isə Putin ordusu əsasən Ukraynanın mülki yaşayış binalarına və infrastrukturuna hücumlar edir və nəticədə ölkənin dinc vətəndaşları həlak olur, yaralanır. İndiki halda isə artıq İranın Rusiyaya hərbi yardımı, o cümlədən də PUA-lar çatdırması mümkün olmayacaq. Bu isə Ukrayna üçün müsbət təsirdir, müsbət hadisədir. Amma İsrailin İrana təcavüzünün Ukrayna üçün mənfi tərəfi o ola bilər ki, hazırda dünya üçün, o cümlədən Qərb dairələri üçün gündəm dəyişib. Amma Rusiya isə əksinə, gündəmin dəyişməsindən, baş qarışmasından yararlanaraq Ukrayna ərazisini, xüsusən də paytaxt Kiyevi güclü şəkildə bombalamaqda davam edir. Lakin hesab edirəm ki, bütün çətinliklərə baxmayaraq Avropa koalisiyası Ukraynaya siyasi, hərbi və maliyyə dəstəyini davam etdirməklə Rusiyanın öz çirkin məqsədlərinə çatmasına imkan verməyəcək.
-Ümumiyyətlə, bu savaş xüsusən bir neft-qaz ölkəsi kimi Rusiyanın iqtisadiyyatına necə təsir göstərdi?
-İsrail-İran müharibəsinin Rusiya üçün faydalı tərəfləri öncə ondan ibarətdir ki, dünyanın, xüsusən də Qərbin diqqəti Ukrayna cəbhəsindən yayınır. Ukraynaya dəstək azalır. Digər tərəfdən neftin qiyməti qalxdığından Rusiya buradan qazanclı çıxa bilər. Rusiyanın itkisi isə ondan ibarətdir ki, ilk növbədə İranın Ukraynanın işğalında ona dəstəyindən məhrum olur...
İran geo-iqtisadi baxımdan, xüsusən “Bir kəmər - bir yol” layihəsinə görə Çinə də lazımdır. İranın ali dini rəhbəri ölkəsinin əsasən Çinə orientasiyasında maraqlı olub. Digər tərəfdən, indiyədək Çin İrandan ucuz qiymətə neft alırdı. Və indiki şəraitdə Çin həmin nefti ala bilməsə, məcbur olub baha qiymətə Rusiyadan alacaq. Amma əgər bir müddət sonra İran bu böhrandan çıxsa, yenidən Çin nefti ucuz qiymətə bu ölkədən almalı olacaq...
Bir sözlə, Rusiya İsrail-İran savaşından yalnız qısamüddətli fayda əldə edə bilər. Və bu savaşın çox uzanması Rusiya üçün faydalı olmayacaq. İsraillə Rusiya arasında qeyri-rəsmi bir centlmen sazişi də var ki, İsrail Ukraynaya dəstək vermir, Rusiya isə əvəzində İrana heç bir dəstək vermir...
-İndiyədək Türkiyənin İsrail-İran qarşıdurmasına real münasibəti necə idi? Bəs həmin qarşıdurmanın uzanacağı təqdirdə bu münasibət dəyişəcəkmi?
-Türkiyənin İsrail-İran savaşına münasibəti realdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, İranın bombalanması və ya vurulması beynəlxalq hüquqa ziddir və Türkiyə buna qarşıdır. Amma burada belə bir məqam var ki, Türkiyə İsrail ilə münasibətlərində müəyyən qədər praqmatik siyasət yürütməyə çalışır. Çünki ABŞ amili də bu məsələdə önəmlidir... Bununla belə, Türkiyə İsrailin hücumlarına razı deyil. Baş verənlərə həm praqmatik yanaşır, həm də İsrailin etdiklərini qınayır və açıq şəkildə buna qarşı çıxır. Paralel olaraq rəsmi Ankara diplomatik addımlar da atmağa çalışır. Məsələn, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsrailin hücumlarına qarşı çıxan və İran dəstək verən ölkələr arasında Türkiyənin adını çəkərək təşəkkür edib. Bu da göstərir ki, Türkiyə dövləti İsrailin hərəkətlərinə qarşı xüsusi sərt mövqe sərgiləyir...
Lakin o da var ki, əgər bu müharibə uzanarsa, bu, Türkiyə üçün də çətin mərhələlərə səbəb ola bilər. Bununla belə, Türkiyənin uzun illər soyuq müharibə təcrübəsi olduğunu nəzərə alsaq, düşünürəm ki, Türkiyə dövləti bu uzanan prosesdə də İsrailə qarşı münasibətdə yenə də praqmatik siyasət aparacaq. Əlbəttə, bu müddət ərzində telefon diplomatiyasından da istifadə olunur, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən... Bu günlərdə ABŞ prezidenti Donald Trampla da görüşlər keçirir və təbii ki, İsrail-İran savaşı ilə də bağlı müzakirələr aparır.
-Ukraynalı tanınmış siyasi şərhçi hesab edilən Vitali Portnikov bu günlərdəki müsahibələrindən birində guya Putinin İrana nüvə silahı ötürəcəyinin mümkünlüyü haqda iddia səsləndirib. Görəsən, çağdaş dünyada belə bir şey doğrudan da mümkündürmü?..
-Öncə onu nəzərə çatdırmaq istəyirəm ki, Rusiyanın sələfi olan SSRİ dövləti 1979-cu ildən, yəni İran İslam İnqilabından sonra, İranın nüvə məsələlərinə müəyyən mənada dəstək göstərmişdi. Bundan sonra da Moskva zaman-zaman İrana nüvə proqramı məsələsində dəstək verməyə davam edib. Bununla belə, hazırkı durumda Vladimir Putinin İrana nüvə silahı verəcəyi barədə danışmaq çox çətindir. Amma Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri İranın Rusiyaya göstərdiyi dəstək, xüsusilə pilotsuz uçuş aparatlarının verilməsi ilə bağlı məsələlər müəyyən şübhələr doğurur. Bu şübhələr nüvə məsələləri ilə də bağlı ola bilər.
Onu da nəzərə alaq ki, İranla savaş zamanı İsrail Buşer AES-i vurmadı. Çünki orada, səhv etmirəmsə 250-yə yaxın Rusiya mütəxəssisi fəaliyyət göstərirdi. Bu da müəyyən ehtimalları gündəmə gətirdi...
Yenə də deyirəm, hazırkı mərhələdə Putinin risk edib İrana nüvə silahı verməsi çətin görsənsə də, Rusiyanın bundan sonra da İranın uranı zənginləşdirməsinə yardım göstərməsi nəticəsində bu ölkənin nə vaxtsa nüvə silahına sahib olmasına şərait yaradacağı barədə şübhələr mövcuddur...
Amma eyni zamanda Putin İsraillə də açıq qarşıdurmaya girmək istəmir. Çünki İsrail də dolayı yolla Rusiya-Ukrayna müharibəsində müəyyən rola malikdir. Yəni bu dövlət faktiki olaraq həmin müharibəyə qarışmır, Ukraynaya heç bir açıq dəstək vermir...
Bütün bu deyilənlər baxımından, hazırkı ağır və mürəkkəb şəraitdə Vladimir Putinin İrana birbaşa nüvə silahı ötürməsi ehtimalı həm düşündürücüdür, həm də real görünmür. Mən də hesab edirəm ki, indiki mərhələdə Putin bunu etməz. Eyni zamanda Rusiyanın ABŞ ilə müəyyən diplomatik əlaqələr saxladığı və İsrailin narazılığını nəzərə aldığı müddətdə, bu addımın atılması real görünmür...
-İsrail-İran savaşında atəşkəs elan olunsa da, münasibətlərdəki gərginlik azalmadığından hərbi əməliyyatların yenidən bərpası ehtimalı böyükdür. O halda isə Güney Azərbaycandakı Təbriz, Ərdəbil şəhərləri və digər yaşayış məntəqələrimiz İsrail tərəfindən yenidən zərbələrə məruz qala bilər. Necə hesab edirsiz, Azərbaycan Respublikası dövlətinin İrandakı soydaşlarımızın gözlənilən təhlükələrdən mümkün qədər qorunması üçün hansı tədbirləri görmək imkanı var?
- Məncə, Azərbaycan dövləti bu mərhələdə yalnız İran hakimiyyəti ilə danışıqlar aparmaq yolu ilə humanitar yardım göstərə bilər. Bu yardım soydaşlarımızın müalicəsi, ehtiyaclarının ödənilməsi, Təbriz və digər bölgələrə tibbi və sosial dəstək kimi formalaşa bilər...
Amma nəzərə almaq lazımdır ki, İran hakimiyyətinin belə yardımı qəbul etməsi real görünmür. Buna görə də Azərbaycan dövləti soydaşlarımızın hüquqlarını dövlətimizin maraqları və beynəlxalq hüquq çərçivəsində qorumağa və müdafiə etməyə çalışmalıdır. Bunun üçün beynəlxalq təşkilatlarda, diplomatik kanallarda məsələnin gündəmdə saxlanılması vacibdir...
Həmçinin Güney Azərbaycandakı soydaşlarımızın da bu müharibə ilə bağlı mövqeyi aydın deyil. Onların bir hissəsi İran dövlətinin yanında İsrailə qarşı mövqe sərgiləyirlər. Bu isə Azərbaycanın addımlarını daha diqqətli və diplomatik aparmasını zəruri edir...