AZ

Prosesə şəxsən Putin özü nəzarət edir, ya da...

Kremlin azərbaycanlılara qarşı təqibi, Zaxarovanın həyasızlığı: Üzr istənilməlidir

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib ki, ölkənin Yekaterinburq şəhərində Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması cinayət işləri çərçivəsində həyata keçirilib.

“Əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, iyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx Azərbaycan tərəfinə lazımi izahatlar verib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu əmin edib.
 
Məlum olduğu kimi, bir neçə gündür Rusiyada Azərbaycan diaspor nümayəndələrinə qarşı təzyiq və təqiblər davam edir. Onlardan bir neçəsi, o cümlədən tanınmış jurnalist Seyfəddin Hüseynlinin iki qardaşı öldürülüb. 
Müxtəlif mənbələrin yaydığı məlumata görə, Rusiya hüquq- mühafizə orqanları azərbaycanlıları Ukrayna ilə müharibəyə qoşulmağa məcbur edib.
Həmçinin qeyd olunur ki, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.
Zaxarovanın dediklərindən belə məlum olur ki, əməliyyat özbaşına keçirilməyib. Yəni hakimiyyət baş verənlərdən xəbərdardır. Həmçinin nazirlik sözçüsü bu açıqlama ilə sanki Rusiyanın addımlarına bəraət qazandırmağa çalışıb. Əslində dövlətçilik maraqları baxımından bu, normaldır. 
Lakin onu da nəzərə almaq lazımdır ki, belə addımlar, habelə fikri əsas məsələdən yayındırmaq cəhdləri ikitərəfli diplomatik münasibətlərə zərbə vurur. 
Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulması məsələsi də tərəflər arasında ciddi diplomatic ziddiyyətə səbəb olmuşdu. Bundan sonra Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevdən üzr istəməsi nəticəsində iki ölkə arasında “sular qismən durulmuşdu”.
Bu dəfəki hadisə ilə bağlı rəsmi Moskva ən qısa zamanda cidd izahat verib, üzr istəməsə tərəflər arasında yenidən diplomatik böhran başlana bilər. Bu, indiki anda Kremlə sərf etmir. 
Xüsusilə nəzərə almaq lazımdır ki, təhlükəsizlik xidmətinin ali rəhbərin xəbəri, icazəsi, yaxud da təlimatı olmadan belə bir addım atması mümkün deyil. Xüsusilə Rusiya kimi ölkədə. Deməli, ya prosesə şəxsən Kreml rəhbəri Vladimir Putin özü nəzarət edir, ya Rusiyada elə vəziyyət yaranıb ki, artıq təhlükəsizlik qüvvələri istədikləri kimi davranır, iqtidarı görməzdən gəlir. İkinci variant rəsmi Moskva üçün utancdır.
İndi tədricən bütün sivil dünyadan təcrid olunan, özünün qeyri-adekvat siyasəti və insanlığa sığmayan hərəkətləri ilə yavaş-yavaş bütün dost və müttəfiqlərini itirən rəsmi Moskva hansı məntiqlə Bakıya qarşı belə qeyri-dost hərəkətlər edir? Bilinmir. Görünən budur ki, Rusiya ən ali səviyyədə bu addımlarına görə cavab verməlidir.

Kənan Novruzov
Seçilən
4
7
sherg.az

10Mənbələr