AZ

Azərbaycanda Məhərrəm ayı başladı -BU GÜNDƏN

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.

 

Senzor.az xatırladır ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay Hicri-Qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.

 

Məhərrəm ayının ilk günü bu il Miladi təqvimlə iyunun 26-na təsadüf edir.

 

Məhərrəm ayının 10-u, Aşura günü isə iyulun 5-nə düşəcək. "Aşura" sözünün ərəbcədən tərcümədə mənası "onuncu" deməkdir. 

 

İyulun 25-i Məhərrəm ayının son günüdür.

 

Növbəti gün, iyulun 26-sı isə Səfər ayı başlayacaq. Avqustun 23-də Səfər ayı başa çatacaq.

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fitvasına əsasən, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s.  qəbuledilməzdir.

 

QMİ Qazılar Şurası onu da diqqətə çatdırıb ki, “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

 

Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir.

Seçilən
15
14
senzor.az

10Mənbələr