AZ

Azərbaycanın iqtisadiyyatı daha da artacaqdır

Azərbaycan güclü dövlətdir, iqtisadiyyatı da, sənaye və kənd təsərrüfatı da intensiv inkişaf etməkdədir. Belə bir inkişaf tempi təbii ki, enerji resursu ilə bağlıdır.

Mingəçevir SES hələ SSRİ dönəmində ölkənin iqtisadiyyatında əhəmiyyətli rol oynayırdı. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra da əhəmiyyətli sənaye müəssisəsi kimi iqtisadi sistemin aparıcı şəbəkəsi oldu. Bu günlərdə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə çıxışında bu stansiyanın yaradılmasının ölkəmizin enerji potensialını artıracağını qeyd edərək Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulduğunu, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcəyini, müstəqilliyin ilk illərində Azərbaycanda enerji qıtlığı yarandığını, hətta axşam saat 12-də televiziya verilişlərinin də dayandırıldığıını, 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyulduğunu da qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi:“...enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq”.

Bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün böyük əhəmiyyəti olduğunu da diqqətə çatdıran dövlət başçımız bildirdi ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq.

Dövlət başçımızın stansiyanın adı haqqında dedikləri də qürurla dinlənildi, qürurla tarixləşdi: Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq.

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılması həm Azərbaycanın gücünün stimullaşdırılmasını təmin edir, həm də iqtisadiyyatının gücləndirilməsini.

Azərbaycanın iqtisadi qüdrəti daha da artacaqdır...

Səbinə XASAYÜEVA,

Milli Məclisin deputatı

 

 

 

Seçilən
7
5
sabahinfo.az

6Mənbələr