AZ

Azərbaycan və Qazaxıstan kibertəhlükəsizlik və antifraud üzrə dialoqu genişləndirir

Qazaxıstan Maliyyəçilər Assosiasiyası və "Azərbaycan Kapital Bazarları Assosiasiyası" İctimai Birliyi əməkdaşlıq haqqında memorandum imzalamağı planlaşdırır.

Bunu "Report"a açıqlamasında Qazaxıstan Maliyyəçilər Assosiasiyası Şurasının sədri Yelena Baxmutova Bakıda keçirilən “Fintex Summit 2025” maliyyə və texnologiyalar sərgisinin kuluarlarında bildirib.

"Bu gün biz "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi ilə müddətsiz Anlaşma Memorandumu imzaladıq. Bu ilk addımdır - biz birgə işə yenicə başlamışıq və qarşıda müzakirə olunacaq bir çox mühüm məsələlər var. Artıq birinci görüş Almatıda keçirilib və yaxın zamanda Azərbaycan tərəfinin qaldırdığı mövzularla bağlı əlavə danışıqlar planlaşdırılır. Xüsusilə söhbət kibertəhlükəsizlik və antifraud sistemlərindən gedir. Bu sahələrdə təcrübəmiz maraq doğurub, çünki Qazaxıstanda bu istiqamətlər kifayət qədər səmərəli təşkil olunub", - Y.Baxmutova qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstan Maliyyəçilər Assosiasiyası həmçinin "Azərbaycan Kapital Bazarları Assosiasiyası" ilə əməkdaşlıq edir.

"Azərbaycan tərəfi bizim təcrübəmizə fəal maraq göstərir. Rəsmi memorandum hələ olmasa da, əməkdaşlıq praktiki müstəvidə aparılır. Birbaşa əlaqələr qurulub. Azərbaycandan həmkarlarımız artıq bizə gəliblər və biz də öz növbəmizdə cavab səfəri imkanını nəzərdən keçiririk. Kifayət qədər inkişaf etmiş infrastrukturumuz xüsusi maraq doğurur. Qazaxıstanda iki birja fəaliyyət göstərir, onlardan biri "Astana" Beynəlxalq Maliyyə Mərkəzinə daxildir, həmçinin vahid mərkəzi depozitar və klirinq mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki, əməkdaşlığımız Türk Dövlətləri Assosiasiyası çərçivəsində də inkişaf edə bilər", - o əlavə edib.

Y.Baxmutova vurğulayıb ki, Qazaxıstan və Azərbaycanda maliyyə sahəsi oxşar templə inkişaf edir: "Qazaxıstan bəzi məsələlərdə ola bilsin, bir qədər irəlidədir, lakin əminəm ki, bizim bazar da Azərbaycan bazarından çox şey öyrənə bilər".

Seçilən
25
report.az

1Mənbələr