AZ

VƏZİYYƏT MÜRƏKKƏBDİR: “Türkiyə-İsrail gərginliyi regionda yeni cizgilər yaratsa da Bakı üçün…”- ŞƏRH

“Türkiyə ilə İsrail arasında diplomatik gərginlik regional siyasətdə yeni dinamikanın formalaşmasına səbəb olur. Bu iki ölkə Yaxın Şərqdə mühüm oyunçular olaraq həm iqtisadi, həm də təhlükəsizlik baxımından bir-biri ilə ziddiyyətli maraqlara malikdir. Qəzza böhranı fonunda Ankara açıq şəkildə Fələstin tərəfini müdafiə edir, İsrail isə öz təhlükəsizlik gündəmini prioritet hesab edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

O bildirib ki, bu ziddiyyətin artması regional sabitlik üçün əlavə risk amilidir:

“Xüsusilə enerji layihələri, ticarət yolları və geosiyasi əməkdaşlıqlarda təzyiqlər artmağa başlayır. Ancaq bu gərginlik Bakının regional rolu və əlaqələri baxımından birbaşa təhdid deyil, daha çox diqqətli balans tələb edən situasiyadır.

Azərbaycan həm Türkiyə, həm də İsraillə dərin strateji münasibətlərə malikdir. Rəsmi Bakı üçün əsas məsələ bu iki dost və tərəfdaş ölkə arasında neytral və rasional mövqe saxlamaqdır. Bu isə diplomatik çeviklik və praqmatik yanaşma tələb edir”.

Analitik onu da qeyd edib ki, Türkiyə-İsrail münasibətlərindəki gərginliyin davam etməsi Azərbaycanın enerji diplomatiyasına və təhlükəsizlik əməkdaşlıqlarına dolayı təsir göstərə bilər:

“Lakin bu təsir daha çox ehtiyatlılıq və koordinasiya ilə idarə oluna biləcək səviyyədədir. Regionda dəyişən dinamika Bakının öz diplomatik xəttini daha da çevik və ehtiyatlı aparmasına səbəb olacaq. Həm Türkiyə, həm də İsrail Azərbaycanın strateji əhəmiyyətinin fərqindədir və Bakı bu üstünlüyünü konstruktiv balans üçün istifadə edə bilər.

Türkiyə ilə İsrail arasında yaranan gərginlik, eyni zamanda üçüncü ölkələrin – xüsusilə də ABŞ və Avropa Birliyinin regiondakı roluna təsir edə bilər. Belə vəziyyətlərdə Bakı üçün əsas strateji xətt əməkdaşlıq əlaqələrini qoruyaraq gərginliklərin mərkəzinə çevrilməməkdir”.

“Nəticə olaraq, Türkiyə-İsrail gərginliyi regionda yeni cizgilər yaratsa da, Bakı üçün bu, həm də diplomatik bacarığını bir daha sübut etmə fürsətidir. Yəni, vəziyyət mürəkkəbdir, amma hələlik təhlükəli deyil”,- deyə T. İsmayılov fikirlərini yekunlaşdırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
70
50
editor.az

10Mənbələr