"İran uranın dinc məqsədlərlə zənginləşdirilməsindən imtina etmək niyyətində deyil və "Nüvə silahının yayılmaması haqqında" müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu prosesi davam etdirəcək. Digər dövlətlərin bu məsələdə Tehrana məhdudiyyət qoymaq hüququ yoxdur".
İran xarici işlər nazirinin müavini Məcid Təxt-Ravançi bunu Almaniyanın ARD telekanalına verdiyi açıqlamada deyib.
O qeyd edib ki, Tehran "Nüvə silahının yayılmaması haqqında" müqavilənin vicdanlı iştirakçısıdır.
"Bu müqaviləyə əsasən, biz uranı ölkəmizin rifahı naminə dinc məqsədlərlə zənginləşdiririk. Biz bu müqavilənin çərçivəsindəki öhdəliklərimizə əməl etdiyimiz müddətcə heç kim bizə nə etməli olduğumuzu diktə edə bilməz", - deyə Təxt-Ravançi vurğulayıb.
Qeyd edək ki, İran ABŞ tərəfindən endirilən zərbədən sonra Fordo nüvə obyektindəki sentrifuqaların və yeraltı kaskad zallarının əksəriyyətinin zədələnmədiyini hesab edir. Bununla belə, ziyanın dəqiq miqyası obyektə İranlı mütəxəssislər şəxsən baxış keçirdikdən sonra müəyyən ediləcək.