AZ

“Florida” ardıcıl ikinci dəfə kuboku qazandı

Stenli kuboku uğrunda mübarizə 6-cı oyunda başa çatdı.

"Football-plus.az" xəbər verir ki, iyunun 18-də evdə “Edmonton”u darmadağın edən “Florida” seriyadan qalib ayrıldı.

Xatırladaq ki, ötən il də finalda məhz bu komandalar qarşılaşmış, 7-ci oyunda “neftçilər”in müqavimətini qıran “pələnglər” tarixində ilk dəfə çempion olmuşdu.

İyunun 15-də keçirilən 5-ci oyun da “Florida”nın qələbəsi ilə başa çatdı. Həmin gün pley-offda 10-cu səfər qələbəsini qazanan “Panterz” MHL rekordunu təkrarladı. Əvvəllər Stenli kubokunun bir mövsümündə 10 səfər qələbəsi qazanmağı “Nyu-Cersi” (1995, 2000), “Kalqari” (2004), “Los-Anceles” (2012), “Vaşinqton” (2018) və “Sent-Luis” (2019) bacarmışdı.

Seriyanın 6-cı oyununa biletlərin qiyməti 1000 dollardan başlayırdı. İlk iki periodda üç qol vuran “Florida”, demək olar ki, 3-cü perioda intriqa saxlamadı. “Florida” MHL tarixinə bir pley-offda minimum 90 (cəmi 94) qol vuran 8-ci, 21-ci əsrdə bunu bacaran ilk komanda kimi düşdü. Bu göstəricidə rekord 1984/85 mövsümündə 98 qol vuran “Edmonton”a məxsusdu.

MHL tarixində son 47 ildə ilk dəfə hansısa komanda, yəni “Edmonton” ardıcıl iki mövsüm Stenli kubokunun finalında uduzdu. Sonuncu dəfə belə bəxtsizliyi “Boston” yaşamış (1977, 1878) və o da eyni komandaya – “Monreal”a uduzmuşdu. Bu göstəricidə MHL antirekordu ardıcıl üç məğlubiyyətdi. “Toronto” 1938, 1939 və 1940-cı, “Sent-Luis” isə 1968, 1969, 1970-ci illərdə keçirdiyi ardıcıl üç finalın hər birindən məğlub ayrılıb.

Söhbət bəxtsizlikdən gedirsə, bu məsələyə ölkə müstəvisində də baxmaq lazımdı. MHL-də mübarizə aparan Kanada klubları artıq 33 ildi Stenli kubokunu qazana bilmir. Sonuncu dəfə belə xoşbəxtliyi 1992-ci ildə “Monreal” yaşayıb. Kanada klubları həmin vaxtdan bəri 7 dəfə finala çıxıb, hər dəfə də uduzub.
“Florida”nın hücumçusu Sem Bennett pley-offun yekununa görə “Konn Smayt Trofi” mükafatını qazandı. Bu mükafat pley-offun ən dəyərli oyunçusuna verilir. 28 yaşlı kanadalı builki Stenli kubokunda keçirdiyi 23 oyunda 22 (15+7) xal toplayıb.

“Florida”nın baş məşqçisi Pol Morisin Amerikanın bütün əsas idman liqaları (MHL, MBA, NFL, MLB) üçün rekord müəyyənləşdirdiyini də vurğulayaq. O, bu ölkənin idman tarixinə 25 il heç bir kubok qazanmadan sonrakı iki ildə ardıcıl iki titula yiyələnən ilk çalışdırıcı kimi düşdü. Məşqçi karyerasına 1993-cü ildə başlayan Moris MHL-də 1995/95 mövsümündə (Hartford) debüt edib. Moris ötən mövsüm ilk dəfə Stenli kubokunu qazanıb.

Yeri gəlmişkən, “Florida”nın heyətində rusiyalılar – Sergey Bobrovski və Dmitri Kulikov olduğuna görə Stenli kubokunu Rusiyaya gətirməyin mümkünlüyü ilə bağlı məsələ növbəti dəfə müzakirəyə çıxarılıb. Axı 2022-ci ilə, yəni Rusiya Ukrayna torpaqlarını işğal etmək üçün müharibəyə başlayana qədər çempion olan rusiyalı hokkeyçilərin kuboku vətəninə gətirməsi adət halını almışdı. MHL komissarının müavini Bill Deyli bildirib ki, bu qurumun qadağanı götürmək niyyəti yoxdu:
“Bu mövsümlərarası dövrdə əsla mümkün deyil”.

15 iyun
Edmonton – Florida 2:5 (0:2, 0:0, 2:3)
Seriyada hesab – 2:3.

18 iyun
Florida – Edmonton 5:1 (2:0, 1:0, 2:1)
Seriyada hesab – 4:2.

Snayperlər: Sem Bennett (Florida) – 15, Sem Raynhart (Florida), Leon Drayzaytl (Edmonton) – 11.
Bombardirlər: Drayzaytl – 33 (11+22), Konnor Makdevid (Edmonton) – 33 (7+26), Raynhart – 23 (11+12), Mettyu Tkaçuk (Florida) – 23 (8+15), Karter Veraqe (Florida) – 23 (7+16), Evan Buşar (Edmonton) – 23 (7+16).
Seçilən
20
1
football-plus.az

2Mənbələr