Yəmən hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Buheiti "Əl-Cəzirə" telekanalına müsahibəsində Yəmənin "Ənsar Allah" hərəkatından olan husiləri ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrinə cavab olaraq Qırmızı dənizdə ABŞ qüvvələrinə hücum edəcəklərini bildirib.
Musavat.com xəbər verir ki, husi sözçüsü "Birinci mərhələdə Qırmızı dənizdəki ABŞ qüvvələrinə hücum ediləcək" deyib.
Onun sözlərinə görə, husilər “İrana qarşı təcavüz” dayandırılana qədər münaqişənin miqyasını genişləndirəcəklər.
O həmçinin əlavə edib ki, ABŞ və Husilər arasında atəşkəs razılaşması artıq qüvvədə deyil. Onlar həmçinin düşmənlərinə “sürprizlər” vəd edib, regional təhlükəsizliyə daha çox zərər vurmağa hazır olduqları barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, mayın əvvəlində ABŞ administrasiyası və husilər Omanın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər. Birləşmiş Ştatların Yəmən ərazilərinə zərbələr endirməsini dayandırdıqdan sonra husilər Amerika hərbi gəmilərinə hücum etməyəcəyinə söz veriblər.
İyunun 22-nə keçən gecə Ağ Ev rəhbəri Donald Tramp ABŞ-ın İrandakı üç nüvə obyektinə zərbələr endirdiyini açıqlayıb. O, bunu ABŞ, İsrail və dünya üçün “tarixi an” adlandırıb və Tehranı “bu müharibəni dayandırmağa razılaşmağa” çağırıb. ABŞ prezidenti xalqa müraciətində zərbənin məqsədinin İranın uranı zənginləşdirmə obyektlərini məhv etmək və nüvə təhlükəsinə son qoymaq olduğunu bildirib.
İqbal RZAYEV,
Musavat.com