Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Türkiyəyə işgüzar səfər edib. İstanbulda keçirilən görüşdə o, Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparıb. Bəs bu səfər nə üçün önəmlidir və onun arxasında hansı siyasi anlamlar dayanır?
Yığcam şəkildə incələməyə çalışaq.
Rəsmi məlumatlarda bu görüş “məhdud tərkibli işgüzar səfər” kimi təqdim olunsa da, gerçəklikdə bu, məhdud Ermənistan adına, son illər Güney Qafqazda baş verən ən diqqətçəkici diplomatik hadisələrindən biri sayıla bilər. Söhbət Ermənistan–Türkiyə münasibətlərində bəlli aradan sonra gerçək təmasın baş tutmasından gedir. İllərdir bağlı olan sərhəd qapıları və dondurulmuş münasibətlər fonunda bu görüş bir dönüş nöqtəsinə işarə edə bilər.
Regionda siyasi və hərbi durum köklü şəkildə dəyişib. İran, az qala bütün Yaxın Şərq gərginlik içindədir. Rusiya isə Ukraynada uzunmüddətli və resursazaldıcı müharibəyə sürüklənib. Bu iki himayədarının zəifləməsi fonunda Ermənistan üçün ciddi və bəlkə ritorik sual yaranır: Yaxın qonşulara – Türkiyə və Azərbaycana yaxınlaşmaq alternativ deyil, artıq zərurətə çevrilibmi?
Əgər Paşinyanın bu səfərini yalnız “yön dəyişikliyi” kimi yox, məcburiyyət ifadəsi kimi dəyərləndirsək, prosesin məntiqi daha aydın görünər. Ermənistan getdikcə artan təcrid durumundan çıxmaq üçün yeni tərəfdaşlara, yeni istiqamətlərə ciddi ehtiyac duyur. Türkiyə və Azərbaycan isə bu baxımdan həm coğrafi, həm siyasi, həm də iqtisadi baxımdan ən yüksək alternativlərdir.
Təbii olaraq, Ərdoğan-Paşinyan görüşündə əsas müzakirə mövzuları kimi Ermənistan–Türkiyə sərhəd qapılarının açılması və Ermənistan–Azərbaycan arasında yekun sülh sazişi önplana çıxır. Paşinyan administrasiyası İrəvanın regional təcriddən çıxmaq istədiyini bildirir. Türkiyə tərəfi, haqlı olaraq, bu məsələdə Azərbaycanla paralel addımları əsas şərt olaraq görür.
Bəli, “Ermənistan tarixində ilk dəfə bir lider bu səviyyədə Türkiyəni ziyarət edir” – deyən Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bu səfəri “tarixi” səfər adlandırmaqda haqlıdır.Qardaş ölkənin rəhbəri isə bu dəfə də qəti şəkildə bildirib:-Türkiyə regionda sülh istəyir, amma bu, qarşılıqlı güvən və işbirliyi mühitində mümkün ola bilər.Başqa sözlə, İrəvan Bakı ilə sülh sazişi imzalamadan Ankara ilə münasibətləri normallaşdıra bilməyəcək.
Maraq doğuran məqamlardan biri də odur ki, Paşinyanın Türkiyəyə səfərə gedərkən Azərbaycan Prezidenti Türkiyədən dönürdü. Paşinyan Baş naziri olduğu hökumətin, dövlətin gələnəyinə uyğun olaraq yenə nəsə istəməyə, xahiş-minnətə gedərkən, Prezident Əliyev Kahramanmaraşdakı “Azərbaycan Məhəlləsi”nin təntənəli açılışını edib, geri dönürdü…Bunlar təsadüf deyil, təvafüqlükdür…Güney Qafqazda barış və işbirliyi platformasının əsas dayağı məhz Ankara–Bakı oxudur – bunu bilmək üçün Soros və ya Frankafoniya məktəbi keçməyə heç gərək yoxdur…
Bir yandan da, İrəvanda qərib durum var. Paşinyanın İstanbul gedişi ölkə içində narazılıqları daha da artırıb. Hökumət əleyhinə etiraz səsləri qalxır, Paşinyan “dəyərlərdən imtina”da ittiham olunur və s. Bu da bir daha göstərir ki, Ermənistanın içində Rusiyayönümlü mühafizəkar çevrələrin müqaviməti hələ güclüdür.
Uzun sözün qısası, bütün bu proseslər fonunda Paşinyan hökumətinin Türkiyə ilə münasibətləri bərpa etmək niyyəti, sadəcə yeni geosiyasi seçim deyil, gefçəkliyin diktə etdiyi çıxış yoludur. Ankara bu məqamdan istifadə edərək həm Ermənistanla münasibətlərdə vasitəçi rolunu möhkəmlədir, həm də regionda nüfuzunu artırır. Şuşa Bəyannaməsi ilə taclandırılmış Azərbaycan-Türkiyə yüksək qardaşlığı Paşinyanın unutmamalı, dərindən idrak etmək zorunda olduğu bir Həqiqət Günəşidir! Və Paşinyanın uçağının bir gün qalxıb Bakıya havalanmaq üçün izn istəməsi, onun gəlib Şəhidlər Xiyabanını ziyarət edib, xalqımızdan, dövlətimizdən Ermənistan adına üzr istəməsi perspektivi mənim üçün xəyal məhsulu deyil. Və bu, bizim üçün həyati önəm kəsb etməmiş ola bilər, ancaq Ermənistan üçün nicat qapısı arayışında mühüm hadisə olardı… Özləri bilər.
Əgər Ermənistan sülh sazişini imzalamağa razı olsa və sərhəd qapıları açılsa, bu, regionda yeni mərhələnin başlanğıcı ola bilər. Əks halda, belə diplomatik təmaslar da öncəkilər kimi dondurulmuş münasibətlərin növbəti epizodu olaraq tarixə qovuşacaq…