“Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri müəyyən mənada yeni bir siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirə bilərik.Tarixdə ilk dəfə olaraq Ermənistanın baş naziri Türkiyəyə rəsmi səfər etdi"
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Deputatın sözlərinə görə, əvvəllər beynəlxalq tədbirlər çərçivəsində iki ölkə nümayəndələri arasında müxtəlif görüşlər baş tutmuşdu:
“Lakin bu dəfəki səfər fərqlidir – çünki Ermənistan rəhbəri birbaşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə təşrif buyurdu. Paşinyan bu dəvəti müsbət qarşılayaraq iyunun 20-də Türkiyəyə səfər etdi. Səfər bir neçə səbəbdən yeni bir siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu, eyni zamanda Ermənistanın həqiqətən də müstəqil və balanslaşdırılmış xarici siyasət yürütmək niyyətindən irəli gələn bir addımdır. Bu yanaşma da, təbii ki, başadüşüləndir. Məlumdur ki, Ermənistan uzun illər xarici siyasətində Rusiya vektoruna üstünlük verib. Lakin son aylarda – xüsusilə bu ilin fevralından etibarən – İrəvan Qərblə münasibətləri genişləndirmək, Avropa İttifaqı ilə yaxınlaşmaq və yeni əməkdaşlıq platformalarına qoşulmaq istiqamətində ciddi addımlar atmağa başlayıb. Ermənistan parlamentində Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinin gündəmə gəlməsi Qərbyönümlü kursun daha da gücləndiyini göstərir. Belə bir məqamda Türkiyə kimi regionda güclü təsirə malik dövlətlə münasibətlərin qurulması Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividentlər vəd edir.
Xüsusilə nəzərə alsaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan həmin vaxta qədər konkret siyasi uğurlar əldə etməyə çalışır.
Səfəri bir neçə əsas kontekstdə dəyərləndirmək mümkündür. Əvvəla, bu, Cənubi Qafqazda sabitliyin təmin olunması üçün Azərbaycanla davam edən sülh prosesinə dəstək baxımından önəmlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səfər çərçivəsində bu məqamı vurğuladı və bölgədə eskalasiyaların qarşısının alınması, tərəflər arasında etimadın bərpası üçün dialoqun vacibliyini dilə gətirdi. Bu, Cənubi Qafqazda konsensusun formalaşdırılması və sülhə aparan yolun davam etdirilməsi baxımından mühüm siqnaldır”.
Deputat sözünə davam edərək vurğulayıb ki, bu səfər birbaşa Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlıdır:
“ Tərəflər arasında mütəmadi və birbaşa dialoqun aparılması həm siyasi etimadın möhkəmlənməsinə, həm də real əməkdaşlıq mexanizmlərinin formalaşmasına şərait yarada bilər. Nikol Paşinyanın Türkiyəyə etdiyi səfər yalnız Ermənistan-Türkiyə münasibətləri baxımından deyil, ümumilikdə Cənubi Qafqaz regionunun gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfərin əsas məqsədlərindən biri iki ölkə arasında birbaşa dialoqun qurulması və normallaşma prosesinin sürətləndirilməsi idi. Görüşlər zamanı quru sərhədlərinin açılması, nəqliyyat dəhlizlərinin işə salınması, eləcə də bu dəhlizlərin beynəlxalq yükdaşıma sisteminə inteqrasiyası məsələləri ətrafında müzakirələr aparıldı. Bu kimi texniki və praktiki məsələlərin gündəmdə olması göstərir ki, tərəflər simvolik jestlərdən daha çox real əməkdaşlığa yönəlmək istəyirlər”.
A.Allahverənov onu da qeyd edib ki, səfərin mühüm komponentlərindən biri də Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları ilə bağlı idi. Bu prosesdə Türkiyənin mövqeyi və rolu xüsusi önəm daşıyır:
“Türkiyə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlı və eyni zamanda bu istiqamətdə real təsir gücünə malik olan əsas aktorlardan biridir. Paşinyanla Ərdoğan arasında aparılan müzakirələrdə bu məsələ də gündəmdə olub. Bu, Türkiyənin həm vasitəçi, həm də tərəfdaş kimi prosesə töhfə verməyə hazır olduğunu bir daha göstərir.
Səfər çərçivəsində Nikol Paşinyan Türkiyədəki erməni icmasının bəzi nümayəndələri, eləcə də müxtəlif dini qurumlarla da görüşlər keçirdi.
Bu kontekstdə, gələcəkdə sərhədlərin açılması və yeni marşrutların istifadəyə verilməsi, regional təhlükəsizliyin təmin olunması, vasitəçilər olmadan birbaşa danışıqların aparılması kimi məsələlər ətrafında da müzakirələr aparıldı. İşgüzar səfər, faktiki olaraq, real dialoqun aparılması üçün çox əlverişli bir zəmin yaradır. Bu səfədə əsas diqqət simvolik və ümumi bəyanatlardan çox, konkret və praktik məsələlərin müzakirəsinə yönəlib. Xüsusilə də sərhədlərin açılması, nəqliyyat dəhlizlərinin fəaliyyəti və qarşılıqlı sazişlərin imzalanması kimi real addımlar Ermənistan üçün olduqca vacibdir.
Bu səfər zamanı Ermənistanın mövqeyində aydın şəkildə hiss olunurdu ki, məqsəd Türkiyə ilə birbaşa əlaqələrin qurulması və bu münasibətlərin inkişaf etdirilməsidir. Səfər çərçivəsində, həmçinin, gələcəkdə sərhədlərin açılması, yeni marşrutların istifadəyə verilməsi, regional təhlükəsizliyin təmin olunması və vasitəçilər olmadan birbaşa danışıqların aparılması kimi mövzular da gündəmdə olub.
Bu məsələlər, təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Söhbət, xüsusilə Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi vasitəsilə yükdaşımaların həyata keçirilməsindən gedir. Türkiyənin Naxçıvanla birləşdirilməsi məqsədilə inşa edilən Naxçıvan dəmir yolu xətti və bu imkanlardan maksimum istifadə edilməsi bölgənin logistik potensialını daha da artıracaq.
Eyni zamanda, diqqət çəkən məqamlardan biri də odur ki, bu proseslərdə Ermənistan, Azərbaycan, Türkiyə, Avropa İttifaqı və Rusiya kimi bir sıra regional və beynəlxalq aktorlar iştirak edir. Beləliklə, bölgədə çoxşaxəli və genişmiqyaslı əməkdaşlıq platformasının ilkin konturları artıq formalaşmağa başlayıb. Əgər qeyd olunan Zəngəzur dəhlizinin istifadəsi yaxın gələcəkdə reallaşarsa, bu, regionda yeni imkanlar yaradacaq və maraqlı tərəflərin geosiyasi və iqtisadi mövqelərini daha da gücləndirəcək.
Bu baxımdan, Paşinyanın səfəri hərtərəfli və müsbət dəyərləndirilə bilər. Ümid edilir ki, bu səfər sülhün təmin olunması, regional inkişafın sürətləndirilməsi və əməkdaşlığa yönəlmiş digər vacib elementlərin gerçəkləşməsi baxımından faydalı olacaq. Yaxın zamanda bu səfərin praktiki nəticələri özünü daha aydın şəkildə göstərə bilər”.
Mehin Mehmanqızı