AZ

Amerikalı işçilər xoşbəxtdirlər - 37 ilin ən yüksək göstəricisi

Amerikalı işçilər son illərin ən yüksək iş məmnuniyyətini yaşayır

Valyuta.az xəbər verir ki, ABŞ-də keçirilən son sorğunun nəticələrinə əsasən, işçilərin işlərindən razılıq səviyyəsi son 37 ilin ən yüksək göstəricisinə çatıb.

Belə ki, sorğu bu ilin yanvar ayında keçirilib və nəticələr ötən həftə dərc olunub.
“The Conference Board” tərəfindən aparılan tədqiqatda iştirak edən işçilərin üçdə ikisindən çoxu hazırkı işlərindən məmnun olduqlarını bildiriblər. 

Ekspertlər bildirirlər ki, bu nəticəyə əsasən təsir edən amillər arasında işsizliyin aşağı səviyyədə olması, maaş artımlarının inflyasiya ilə ayaqlaşması və hibrid iş modellərinin yayılması xüsusi rol oynayıb. Bu, həm işçilərin maddi rifahını, həm də iş şəraitindən məmnunluğunu artırıb.

Bununla belə, məmnunluq bütün yaş qruplarında eyni səviyyədə deyil. 25 yaşdan aşağı olan işçilərin yalnız 57%-i işlərindən razı olduqlarını bildirib. Müqayisə üçün, 55 yaş və yuxarı işçilər arasında bu göstərici 72% təşkil edir.

Mütəxəssislər qeyd edirlər ki, pandemiyadan sonrakı dövrdə boş iş yerlərinin artması işçilərə maraq və bacarıqlarına uyğun iş tapmaq imkanı yaradıb. Bu da ümumi razılıq səviyyəsini artırıb.

“The Conference Board” analitikləri yazır ki, maaşların inflyasiya ilə paralel artması hazırda işləyən işçilər arasında maliyyə rifahı hissini gücləndirib.

Sorğu nəticələri həmçinin göstərir ki, işçilərin iş mühiti, psixoloji sağlamlıq, əməyə bağlılıq, şirkətdə qalmaq niyyəti və aidiyyət hissi də son üç ildə ilk dəfə bu qədər yüksək nəticə verib. Bu da əmək bazarında daha sabit və məmnun işçi qüvvəsinin formalaşdığını göstərir.

Sərvanə Rəmixanova

Seçilən
18
valyuta.az

1Mənbələr