AZ

Rəsulzadənin Varşavada yaşadığı küçədən reportaj - Bir vizit kartın izləri ilə

VARŞAVADA, 20 iyun. TELEQRAF

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ömrünün otuz ildən artıq dövrünü mühacirətdə yaşamışdır. Rəsulzadə mühacirət həyatının bir hissəsini də Polşanın paytaxtı Varşavada keçirmişdir.

Varşava onun üçün həm sığınacaq, həm də mübarizəsini davam etdirmək üçün yeni bir siyasi və mədəni meydan idi. Rəsulzadənin Varşavanı seçməsi təsadüfi deyildi. Çünki hələ 1920-ci ildən Məhəmməd Əmin Rəsulzadə və Polşa höküməti arasında məktublaşırdı. Polşa və Rusiya münasibətləri indi olduğu kimi o dövrlərdə kəskin idi. Buna görə də Polşa hökuməti Rusiya işğalında olan ölkələrdən gələn miqrantları himayə edirdi. Polşa Xarici İşlər Nazirliyinin Şərq departamenti xüsusilə olaraq bu işlərlə məşğul olurdu.

Bunu biz Rəsulzadənin Polşa dövləti ilə ilk məktublaşmalarında aydın şəkildə görə bilərik. 1920-ci ildən sonra yazılan məktublarda Rəsulzadənin mühacir Azərbaycan əsgərlərinin müqavilə əsasında Polşa ordusunda xidmət keçməsi barədə xahişi qeyd olunur. Pilsudski Rəsulzadənin bu xahişini müsbət cavablandırmışdı.

Polşa dövləti Azərbaycan mühacirət mətbuatı orqanlarının maliyyələşməsini də öz üzərinə götürmüşdü. Türkiyədə dərc olunan "Yeni Qafqaz", "Azəri türkü", "Odlu yurd" jurnalları Polşa hökumətinin maliyyəsi hesabına çıxırdı.

Rəsulzadə Varşavaya bir neçə səfər etsə də onun Polşadakı mühacir həyatı 1931-ci ildən başlayır. Belə ki, Türkiyədə mühacirlərin fəaliyyəti qadağan edildikdən sonra M.Ə.Rəsulzadə digər azərbaycanlı mühacirlərlə də birgə Varşavaya gedib.

Rəsulzadənin Varşavada yaşadığı ünvanla bağlı isə yalnız bir fakt məlumdur. Bu da araşdırmaçı Dilqəm Əhməd tərəfindən əldə edilən vizit kartıdır.

Polyak dilində çap olunan vizitkada Rəsulzadənin ünvanı belə qeyd olunur: “M.E.Rassoul-zade. A.President de L'as.Nat.d'Azerbaidjan. Warszawa, Poznanska 4 m.3. Tel. 9.72.72”.
(Tərcümə: M.E. Rəsulzadə. Azərbaycan Milli Assambleyasının (. Nat.” → “L’Assemblée Nationale” = Milli Məclis/Assambleya) Prezidenti. Varşava, Poznańska küçəsi 4, mənzil 3. Tel. 9.72.72-)

Biz də vizit kartındakı ünvanı əsas götürərək Varşavanın mərkəzində yerləşən “Poznanska” küçəsinə yollandıq. Amma təəssüf ki, ünvanda Rəsulzadənin burada yaşadığına və ya fəaliyyət göstərdiyinə dair xatirə lövhəsi qoyulmayıb.

Küçə isə tamamilə dəyişdirilib. Həmin qeyd olunan ünvanda hazırda iki şirkət və səfirlik- “British Council”, “Solllers consulting” və Cənubi Afrikanın səfirliyi fəaliyyət göstərir.

Yerli bələdiyyənin nümayəndələrinə küçənin 1930-1960-cı illərdə çəkilmiş fotolarını göstəririk. Nümayəndənin sözlərinə görə, sonralar küçənin nömrələnmə sistemi dəyişib və bir neçə dəfə təmir edilib. Belə ki, küçənin sağ tərəfi cüt, sol tərəfi isə tək rəqəmlərlə nömrələnib.

Küçə isə XIX əsrin ikinci yarısında Varşava-Vyana dəmir yolunun açılmasından sonra salınıb. 1922-ci ildə küçənin adı Polşanın Poznan şəhərinin şərəfinə “Poznanska” adlandırılıb. Müharibə dövründə bu küçə əhalinin sığınacaq yerlərindən olub. Yaşayış binaları ilə yanaşı, küçədə Mərkəzi Teleqraf binası, SSRİ səfirliyi, Daxili qoşunlar batalyonu meydanı yerləşib.

Bu küçə eyni zamanda bir çox məşhurlara da ev sahibliyi edib. Polşalı məşhur rejissor Henrik Szaro, müğənni Marian Rentgen və müxtəlif rəssamlar Rəsulzadəyə qonşuluq edib.

Bələdiyyə nümayəndələri o dövrə aid küçənin fotolarını təqdim edərkən bir məqam diqqətimi çəkdi. Rəsulzadənin məşhur fotolarından olan bu fotosunu göstərərkən onun burada çəkilib-çəkilmədiyini soruşdum. Onlar fotoya nəzər salıb şəklin bu küçədə çəkilməsinin mümkün olduğunu bildiridlər. Hazırda bu uzun səkidə kafelər fəaliyyət göstərir. Onu da qeyd edək ki, fotonun harada çəkilməsi barədə dəqiq məlumat yoxdur. Bəzi tədqiqatçılar fotonun Varşavada çəkildiyini ehtimal edir.

Poznanska küçəsində Məhəmməd Əmin Rəsulzadənin xatirə lövhəsinin qoyulması çox yaxşı olardı. Xatirə lövhəsinin qoyulması Rəsulzadənin Polşa ilə bağlı irsinin nəzərə çarpdırmaq, həm də Azərbaycan-Polşa dostluğu baxımından mühüm əhəmiyyət daşıya bilər.

Seçilən
60
50
teleqraf.com

10Mənbələr