AZ

Qvineya səfiri: Azərbaycanı enerji, təhsil, diplomatiya və ticarət sahələrində strateji tərəfdaş kimi görürük - MÜSAHİBƏ

Qvineya Respublikasının Ankarada iqamət edən fövqəladə və səlahiyyətli səfiri Umar Kande 6 ölkə - Türkiyə, Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya və Ukraynada diplomatik fəaliyyət göstərir.

O, "Report"un Türkiyə bürosuna müsahibəsində Azərbaycanla əməkdaşlığa daha çox önəm verdiyini açıqladı və ölkəmizlə bağlı xeyli planlarının olduğunu bildirdi.

- Cənab səfir, Qvineya-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz? Azərbaycanda səfir kimi fəaliyyətinizin əsas istiqamətləri nədir?

- Qvineya ilə Azərbaycan arasındakı münasibətlər qarşılıqlı hörmət, artan əməkdaşlıq və ortaq strateji maraqlarla xarakterizə olunur. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir. Qvineya Respublikasının Prezidenti general Məmədi Dumbouya və Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu siyasi iradə "qazan-qazan" prinsipinə əsaslanan strateji əməkdaşlığımızın inkişafında bizə yol göstərən əsas amildir. Bu il Azərbaycan hökumətinin Konakridə (Qvineyanın paytaxtı və ən böyük şəhəri - red.) yüksək səviyyəli nazirlik missiyası buna əyani sübutdur.

Azərbaycan Afrikanın inkişaf səylərini dəstəkləmək üçün güclü öhdəlik nümayiş etdirib və Qvineya Azərbaycanı enerji, təhsil, diplomatiya və ticarət sahələrində strateji tərəfdaş kimi görür.

Qvineyanın Azərbaycandakı səfiri kimi mənim missiyama gəlincə, bir sıra strateji prioritetlərim var. Bunlar yüksək səviyyəli siyasi dialoqu dərinləşdirməklə siyasi və diplomatik əlaqələrin gücləndirilməsi, Qvineyada mədənçıxarma, infrastruktur və kənd təsərrüfatı sahələrində Azərbaycan sərmayələrini təşviq etməklə iqtisadi və ticarət əməkdaşlığının təşviqi, Bakı və Konakri arasında iqtisadi forumların və ticarət missiyalarının təşkili, neft, qaz və bərpa olunan enerjinin inkişafı sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və gücləndirilməsi, təqaüd proqramlarını və universitet əməkdaşlıqlarını genişləndirməklə təhsil və mədəniyyət mübadiləsini artırmaq, sərgilər, festivallar vasitəsilə mədəni anlaşmanı təşviq etmək, diaspor, turizm və vətəndaş cəmiyyəti tərəfdaşlığı vasitəsilə xalqlarımız arasında əlaqələri gücləndirmək və s.-dir.

- Ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatındakı əməkdaşlığının gələcəyini necə görürsünüz?

- Qvineya adlarıçəkilən bu əsas beynəlxalq və çoxtərəfli təşkilatlar çərçivəsində Azərbaycanla sıx, konstruktiv əməkdaşlığı dərindən qiymətləndirir. Bu əməkdaşlıq bizim çoxtərəflilik, dinc yanaşı yaşama, suverenlik və Qlobal Cənubun inkişaf prioritetlərinə ümumi sadiqliyimizə əsaslanır. Gələcəyə nəzər saldıqda mən bu tərəfdaşlığın daha da gücləndiyini və bir neçə əsas sahədə strateji koordinasiyaya çevrildiyini görürəm.

- Afrikada bir-birinə bağlı olmayan 4 Qvineya dövləti var. Sizin mənsub olduğunuz Qvineya Respublikası tam müstəqildirmi?

- Bizim Qvineya Respublikası rəsmi şəkildə 1958-ci ildə elan olunub. Afrikada Fransa müstəmləkəsindən azad olunan ilk ölkəyik və bununla da fəxr edirik. Digərləri - Qvineya-Bisau, mərkəzi Afrikada yerləşən Ekvatorial Qvineya, digəri də Yeni Qvineyadır. Qvineya-Bisau ilə eyni bölgədə olsaq da, onlar vaxtilə Portuqaliya müstəmləkəsi olublar.

- Yeri gəlmişkən, Azərbaycanın neokolonializmlə mübarizəyə dair fəaliyyətlərini necə dəyərləndirirsiniz?

- Bu, çox təqdirolunan bir fəaliyyətdir. Xüsusilə də, bu fəaliyyətlər Afrikada müstəmləkə zülmünə məruz qalan xalqlara stimul verir və onları aktiv hərəkətə gətirir.

- Azərbaycan dövləti ilə Afrika ölkələri arasında əməkdaşlığın yeni müstəvisində Qvineyanın yeri nədən ibarətdir?

- Fikrimcə, Qvineya Respublikası Azərbaycan ilə Afrika qitəsi arasında inkişaf edən tərəfdaşlıqda mərkəzi və strateji mövqe tutur. Çünki Qərbi Afrikanın təbii resurslarla zəngin və tarixən əhəmiyyətli ölkələrindən biri kimi Qvineya əməkdaşlığın bu yeni fəslində aparıcı rol oynamaq üçün həm iqtisadi potensiala, həm də siyasi iradəyə malikdir.
Azərbaycan Qoşulmama Hərəkatı, Cənub-Cənub əməkdaşlığı və inkişafa yardım proqramları kimi platformalar vasitəsilə Afrika ilə əlaqəni gücləndirir. Ölkəniz daha inklüziv qlobal tərəfdaşlığa doğru müsbət dəyişikliyi təmsil edir. Bu çərçivədə Qvineya Azərbaycanla Qərbi Afrika regionu arasında əsas körpü rolunu oynaya bilər. Qvineyanın, həmçinin Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin daha geniş bazarına çıxmaq istəyən Azərbaycan şirkətləri üçün mərkəz rolunu oynaması mümkündür.

Biz Azərbaycanın inkişaf modeli, xüsusən də enerji idarəçiliyi, rəqəmsal idarəetmə və infrastrukturun inkişafı sahələrində təcrübəsini öyrənməyə açığıq.

- İki ölkə arasında əlaqələrin inkişafı üçün hansı sahələrə üstünlük vermək olar?

- Qvineya ilə Azərbaycan arasında münasibətləri gücləndirmək və inkişaf etdirmək üçün qarşılıqlı maraqlar, bir-birini tamamlayan və strateji dəyər əsasında bir neçə prioritet sahə müəyyən edilə bilər. Prioritet sektorlar kimi; Qvineyada böyük boksit, qızıl və dəmir ehtiyatları var. Azərbaycan da neft, qaz və enerji infrastrukturu sahəsində dərin təcrübəyə malikdir. Resursların idarə edilməsi, enerji infrastrukturu və texniki təlim sahələrində əməkdaşlığa üstünlük verilməsi hər iki tərəf üçün faydalı olardı. Bərpa olunan enerji (günəş, hidroelektrik) sahəsində birgə müəssisələr də tədqiq edilə bilər. Azərbaycan texnologiya, təcrübə və maliyyə təmin etməklə Qvineyanın mədənçıxarma sektoruna sərmayə qoya bilər.

Qvineya-Azərbaycan Biznes Forumunun yaradılması, ikitərəfli ticarət sazişləri, investisiyaların qorunması müqavilələri üzrə danışıqların aparılması və gömrük əməkdaşlığının asanlaşdırılması, Qvineyanın kənd təsərrüfatı məhsullarının Azərbaycana ixracı və mineral məhsullarının təşviqi kimi məsələlərə də önəm verilməsi mümkündür. Azərbaycanın səhiyyə, tibbi texnologiya və xəstəxanaların idarə edilməsi sahəsindəki təcrübəsindən Qvineyanın səhiyyə sistemləri faydalana bilər. Azərbaycan şirkətlərinin Qvineyada infrastruktur layihələrinə (yollar, limanlar, enerji şəbəkələri) töhfə verməsi arzuolunandır. Elektron idarəetmə və İKT-nin inkişafı da daxil olmaqla, rəqəmsal transformasiya sahəsində əməkdaşlıq da mümkündür.

Qarşılıqlı anlaşmanı təşviq etmək üçün mədəni festivalların, sərgilərin, mədəniyyətlərarası proqramları təşkil etmək, media, turizm və yaradıcı sənaye sahələrində əməkdaşlığın dəstəklənməsi mümkün olar.

Azərbaycan universitetlərində, xüsusilə mühəndislik, enerji, informasiya texnalogiyaları (İT) və diplomatiya sahələrində Qvineya tələbələri üçün təqaüd proqramlarının və akademik mübadilələrin yaradılması çox gözəl olardı. Xüsusilə, dağ-mədən sənayesi, kənd təsərrüfatı və infrastruktur sektorları üçün peşə və texniki təlimlərdə əməkdaşlığı vurğulamaq olar.

- Yeri gəlmişkən, hələ sovetlər dönəmindən Azərbaycanda Afrikadan çoxlu tələbənin təhsil alması ənənəsi var. Bu gün Azərbaycanda qvineyalı tələbələr təhsil alırmı?

- Sovetlər dönəmindəki təhsil ənənəsinin aktivləşməsinə ehtiyac var. Çünki o dövrlə müqayisədə hazırda Azərbaycanda o qədər də çox tələbəmiz yoxdur. Prezident İlham Əliyevə etimadnaməmi təqdim edərkən cənab Əliyev təhsil mübadiləsi çərçivəsində Qvineyadan Azərbaycana gəlib təhsil alacaq tələbələrə dərhal iki təqaüd proqramı ayrıldığını bildirdi. Dövlət başçısı mənə tövsiyə etdi ki, Azərbaycanın iqdisadiyyat, maliyyə, müdafiə, təhsil nazirləri ilə görüşüm. Bu nazirlərlə ölkələrimiz arasındakı əlaqələrin daha yüksək səviyyəyə çatdırmaqla əlaqədar müzakirələrimiz oldu. Bu istiqamətdə mədəniyyət və kənd təsərrüfatı sahəsindəki əlaqələri də gözardı etmirik.

Mən Bakıda olduğum müddətdə elm və təhsil naziri Emin Əmrullayevlə təhsil sahəsində əməkdaşlığımızın möhkəmləndirilməsi ilə bağlı səmərəli görüşümüzü xüsusilə qeyd etmək istərdim. Cənab Əmrullayev qvineyalı həmkarını Azərbaycana səfərə də dəvət edib.

Bu gün Azərbaycanda təhsil alan bir neçə Qvineya tələbəsi var ki, onlar Afrikada akademik cəmiyyətin bir hissəsidir. Bir çox dilləri, o cümlədən fransız, ingilis və başqa dilləri mükəmməl bilirlər ki, bu da onlara həmyaşıdları ilə yaxşı inteqrasiyaya, səmərəli əməkdaşlığa kömək edir.

- Yaxın perspektivdə Qvineyadan Azərbaycana yüksək səviyyəli səfərlər gözlənilirmi?

- Bəli, Azərbaycan tərəfinin dəvəti ilə yaxın vaxtlarda Qvineyadan Bakıya yüksək səviyyədə səfər olacaq. Bu səfər çərçivəsində xarici işlər, təhsil, iqtisadiyyat, müdafiə nazirləri Bakıya gələcək və müxtəlif sahələrdə əməkdaşlıq müqavilələri imzalanacaq.

- Sonda Azərbaycan haqqında təəssüratlarınız maraqlı olardı...

- Azərbaycan özünəməxsusluğu və qonaqpərvərliyi ilə heyran qaldığım bir ölkədir. Müasirlik və ənənəvilik ölkənizdə harmonik şəkildədir.

Seçilən
27
report.az

1Mənbələr